Friday, November 22, 2024


Latest Posts

Ərəb ailəsinin GERÇƏKLƏRİ: bağlı qapılar arxasındakı GİZLİ HƏYAT

Qanunlara tabe olan, öz haqlarını bilən ərəb qadını kişilərinin baş tacıdır.

Ərəb dünyası, adətləri, nikahları daim dünyanın diqqət mərkəzində olub. Nə qədər onlara çoxarvadlılıq irad tutulsa da, bu millətin var-dövlətlə rəftarı hədəflənsə də, əslində, çox dünyəvi kişilər onların yerində olmaq istərdilər. Dünya ərəb kişisinin ailəsinə kənardan baxıb, bəzən təxəyyül vasitəsilə orda baş verənləri təsəvvür edir. Amma heç də hər şey təsəvvür etdiyimiz və ya kinolarda gördüyümüz kimi deyil. Ərəb kişisi üçün ailə çox vacib atributdur. Bu millət əsrlər öncə olduğu kimi qızları diri-diri torpağa basdırıb, qadınlarla əşya kimi davranmır. Qanunlara tabe olan, öz haqlarını bilən ərəb qadını kişilərinin baş tacıdır.

Showaz.net Publika.az-a istinadla konkret olaraq Ərəb Əmirliyində ailə sistemini mərhələli şəkildə diqqətinizə çatdırır:

Tanışlıq

Evlilik yaşında olan ərəb gənci üçün gəlin namizədi seçilir. Bununla məşğul olan xüsusi insanlar var.

Onlar gəlinlik yaşında olan qızların ailələri ilə əlaqə yaradır, onların icazəsi ilə qızlarının şəklini oğlan evinə göstərirlər. Əgər bəyənilmiş gəlin namizədi oğlanı seçməsə, bu, onun haqqı sayılır. Hər iki tərəf razılığını verdiyi halda toya hazırlıq başlayır.

Nikah

Ərəb izdivacı üçün ən birinci şərt nikah müqaviləsidir. Bu, mütləqdir, çünki orada qurulan ailənin şərtləri və tərəflərin tələbləri rəsmi şəkildə göstərilir. Nikah müqaviləsini gənclərin yerinə ailə böyükləri imzalayırlar.

Bundan sonra 1 il ərzində toya hazırlıq gedir. Bu müddətdə gənclər də bir-birini tanıyırlar. Qızın ailəsinə tələb olunan başlıq pulu verilir.

Toy mərasimi

Ərəblər üçün toy mərasimi böyük bir hadisədir. Başqa xalqlar üçün hansısa festival, karnaval kimi düşünək. Çünki məhz Ərəb Əmirliklərində 7 gün toy olur, orta səviyyəli ərəb ən az 3 gün toy etməlidir. Ərəb toyunun süfrəsində quş südü belə tapılar. Əlbəttə ki, spirtli içkidən başqa! Ərəblər bəzən qaydaları pozub kənar ölkələrdə spirtli içkilər içə bilərlər, amma öz ölkələrində qətiyyən! Toylarında ən sərt içki qəhvə sayılır.

Ailə

Ərəb ailəsində qadınların alçaldılması, əşya yerinə qoyulması kimi fikilər şişirdilib. Burda qadın, bizim gözümüzdən baxanda yalnız bir halda alçala bilər ki, o da əri üç dəfə “talaq” sözünü deyəndə. Ərəb kişisi isə bunu keyfi istəyəndə demir. Qadınının davamlı olaraq yanlış davranışlarını bir araya gətirdikdən sonra bunu deyə bilər. Və həmin an qadın evdən yalnız üzərində olanları çıxara bilər. Ona görə də ərəb qadınları ev şəraitində belə üstlərində bütün qır-qızıllarını gəzdirirlər ki, işdir-şayət gedəndə bir şey apara bilsin. Odur ki, ərəblərdə belə bir məsəl yerinə düşür: “Qızılsız qadın çılpaq kimidir”. Əlbəttə ki, ərəb qadını ərinə itaət etməlidir, amma onun da söz haqqı var. Xüsusən də ailə ilə bağlı məsələlərdə ər mütləq arvadı ilə məsləhətləşməlidir.

Ərəb Əmirliklərində qadınlar heç də həbsxanadakı kimi yaşamırlar. Evdə və ya qadın məclislərində istədikləri geyimi geyinə bilərlər: mini ətəklər, açıq-saçıq paltarlar burda keçərlidir. Ümumiyyətlə, ərəb qadınları dəblə geyinməyi sevirlər və geyimə, kosmetikaya həddən artıq pul xərcləyirlər. Yalnız bayıra çıxdıqda qara çadralarını taxmaq mütləqdir. Yad kişi ərəb qadının yalnız dabanını, gözlərini və əllərini görə bilər. Çünki qalan bütün gözəllikləri ər üçündür.

Boşanma

Yuxarıda qeyd olunduğu kimi boşanma əsasən kişilər tərəfindən irəli sürülür. Amma qadınlar da boşanma tələb edə bilərlər. Bu, iki halda mümkündür: əgər kişi mövcud arvadlarından başqa eşqbazlıq edibsə və ailəyə yetərli şəkildə diqqət göstərmir, digər ailəsini üstün tutursa. Birinci halda qadınlar çox vaxt susurlar. Təbii ki, əgər ikinci dəfə ailə qurmaq istəyirlərsə. Yox əgər istəmirlərsə, iddiası sübuta yetiriləndə ərindən tələb etdiyi hər şeyi ala bilər. Amma əksər qadınlar susurlar, çünki boşanan qadının uşağı atada qalır. Üstəlik, bu səbəbdən boşanan qadını ikinci dəfə heç kim almır, əvəzində isə ömür boyu arxasınca şaiyə quyruğu gəzdirir.

İkinci halda qadının boşanması daha aktualdır. Bu zaman o, uşaqlarını da yanında saxlaya bilər. Amma bu hal da sıx baş vermir. Çünki ərəb kişisi ən azından uşaqlarını əldən verməmək üçün ailəyə qayğısını əskik etmir.

Qayğı isə bu cür olmalıdır: hər bir həyat yoldaşının ayrıca evi, qulluqçuları, xidmətində maşını olmalıdır. Bir arvadın digərindən maddi fərqi yalnız uşaqların sayına və cinsinə görə müəyyənləşir. Qalan halda bütün qadınlara eyni maddiyyat ayrılmalıdır.

Kişinin evə gəlişi qrafik əsasındadır. Sevgi də bərabər bölünməlidir. Kişi qrafikdən artıq bir qadının yanında qala bilməz. Ən əsası bütün arvadlar dinc və mehriban münasibətdə olmalıdır. Əgər qadınlar bir-biri ilə münaqişə etsələr, burda onlar deyil, kişi günahkar hesab ediləcək. Çünki hər bir kişinin borcu ailəni düzgün idarə etməkdir.

Gördüyünüz kimi “ailə bir dövlətdir” deyimi ən çox ərəblərdə öz kəsərini qoruyur. Çünki bu millətin ailəsində olan qanunlar, müqavilələr, maddiyyat, rəsmi cədvəlləri və s. tam bir dövlət strukturundakı kimidir.

Latest Posts

Don't Miss