Tanınmış müğənni Fədayə Laçın Moderator.az-ın suallarını cavablandırıb.
– Fədayə xanım, saytlarda səhhətinizin ağırlaşdığı haqda məlumatlar dolaşır. Bu xəbər doğrudur?
– Xeyr, sadəcə xəstələnmişəm. 10 gündür ki, xəstə yatıram. Evdə dava-dərman etdim, amma keçmədi. Həkim antibiotik, sistem yazıb. Ölümcül, sağalmaz xəstəliyə düçar olmamışam. Ölümcül o deməkdir ki, səhhətin ağırlaşır, gəlib səni təcili yardımla xəstəxanaya aparırlar. Deyə-deyə, gülə-gülə öz ayağımla həkimə getmişəm. Bu şayiələr bəlkə də mənim paylaşımlarımdan qaynaqlanır. Çünki o gün yazmışdım ki, yaman pis xəstələnmişəm, görsəm ölürəm, durub qaçacam. Onu gülmək üçün yazmışdım.
– Ümumiyyətlə son aylar sizə olan maraq daha da çoxalıb. Bu nə ilə əlaqədardır?
– Bəli, bunu hiss edirəm. Sağ olsun elimiz, obamız, xalqımız. Bu sevgidən ilhamlanıram. Məni həyata bağlayan insanların bu sevgisidir. Başıma nələr gəlsə də bu sevgi artır, azalmır. Öz-özümlə təkbaşına qalanda Allaha şükür edirəm. Arzu edirəm ki, bu sevgini, hörməti mənə çox görməsin. O da çox görmür, səsimi eşidir.
– Fədayə xanım, toylarla bağlı vəziyyətiniz nə yerdədir? Siz də toya yarım saatı 8-9 min manata gedirsiniz?
– Mən heç vaxt elə baha qiymətə toya getməmişəm. Bütün toyu 8-9 minə oxumamışam, o ki, qala yarım saatı olsun. Oxuya da bilmirlər (gülür). Fanaqrama qoyurlar, yarım saata 8-9 min alırlar. Məncə o halal qazanc deyil. Heç olmasa bunu canlı oxuyun, bir az halallıq olsun. Mən insanların büdcəsinə uyğun gedirəm. Nə ucuzdur, nə də baha.
– Hətta illər öncə deyirdilər ki, Fədayə xanım zövqsüz geyinir..
– Zövqsüz olduğumu heç vaxt danmamışam. Bir geyim alanda onunla hansı ayaqqabını geyinmək lazımdırsa onu seçə bilmirəm. O barədə zövqüm yoxdur. Əlimə nə keçsə geyinirəm. Düşünürəm ki, mən geyim yox, sənət nümayiş etdirirəm.
– Sevgiyə tövbə etmisiz?
– Mənim həyatımda bir kişi var. O da oğlumdur. Bu da ömür boyu belə olacaq. Həyatıma başqa heç kim gəlməyəcək.