Adamın “Baboş” olmağı gəlir – REPLİKA

0
1

İki gün öncə TikTok fenomeni Baboşa “Port Baku” yaşayış sahəsindən ev verilməsi xəbəri “xalqımızı xeyli bəxtiyar” etdi. Sosial şəbəkələrdə Baboşun “evaldısı” əməlli-başlı şadyanalıqla qeyd edildi. Hətta özünə ciddi deyən bəzi saytlar bu xəbəri xalqa xoş xəbər başlığı ilə çatdırdı. Baboşun səhifəsi mübarəkbadlıqlarla çiçək açdı, reklam üçün aldığı behlərin qiyməti də ikiyə qatlandı…

Bir xanımın Baboşa ev verməsinə imrənən bəzi kişilər də o xanımın axtarışına çıxdılar, dedilər bəlkə bizi də bəyənə. Yolunu düz gedənlərin bir çoxu da burcutmağa başladı ki, bəlkə bəxt onların da üzünə gülə. 

Qəribədir, yazıçılar, jurnalistlər ev alanda yeddi mərtəbəli söyüşlər söyüb “haramınız olsun” deyənlər baboşların hədiyyə selinə tutulmasına niyə urra deyirlər? Ömrünü, əməyini xalqın maariflənməsinə, problemlərinin işıqlandırılmasına sərf edənlərdən mindən birinin dövlət tərəfindən layiqincə qiymətləndirilməsinə qısqanclıqla yanaşanlar rəngi bəlli olmayanların cahcəlalından, başına pullar yağdırılmasından zövq alırlar?

Bu gedişatla xalqın üzünü hansı tərəfə çevirmək istəyirlər? Məncə cavabı bilmək üçün çox düşünməyə gərək yoxdur.

Bilmirəm o ev həqiqətən verilib ya yox? Bəlkə də kimsə özünü reklam edir. Hər halda bu xəbər Baboşun da reklamı oldu. Efirlərdə ağlaşma qurub ondan-bundan pay, hədiyyə istəyə-istəyə Baboş Bərdədə  tikdirdiyi evinin içini də hər cür avadanlıqla təmin eləmişdi. Ona baxıb çoxları varlanmağın yolunun Babək yox, Baboş olmaqdan keçdiyini öyrəndi. 

TikTokda söyüşlə, qalmaqalla tanınan “fenomenlərin” çoxu bu gün müxtəlif oliqarxlar tərəfindən lazımı adamları vurmaq üçün əl ağacı kimi istifadə olunur.

Müharibədə ağır xəsarət almış, həqiqi ehtiyac sahibi olan qaziləri, ömrünü elmə, maarifləndirməyə, mədəniyyətə həsr etmiş, abrına qısılıb çətin həyat tərzinə qatlanan ziyalıları, mədəniyyət xadimlərini görəndə üzünü yana tutanlar istifadə etmək üçün dolu yox, boş adamlar axtarırlar. Ən azından özünü bu şəkildə təqdim edənləri seçir, mükafatlandırırlar. 

Baboş dəfələrlə özü etiraf edib ki, bir zamanlar inkassator və poçtda şöbə müdiri işləyib. Ali məktəb məzunudur. İndi təqdim etdiyi obraz bu dedikləri ilə əsla üst-üstə düşmür. Ya rola girir (çünki belə sərf edir), ya da göründüyü qədər sadəlövh biri deyil.

Kişi olmaq asan deyil. Kişilik naxoşlayıb. (lent.az)