Sumqayıtdakı dəhşətli qətl bu səbəbdən baş verib – TƏFƏRRÜAT
Ötən gecə Sumqayıtda 2 nəfərin qətlə yetirilməsi ilə nəticələnən silahlı insidentin bəzi təfərrüatları üzə çıxıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra qətlin münaqişə zəminində, ailəyə yaxın şəxs tərəfindən törədilməsi müəyyən edilib. Hazırda həmin şəxsin yerinin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.
Bildirilir ki, silahlı şəxs gecə saatlarında Sumqayıtda 16-cı mikrorayonda yerləşən fərdi yaşayış evinə gəlib. O, evə hücum edərək Dağbəyi Fərəcovu və onun qızı Suzana Karakaşı güllələyərək qətlə yetirib. Bu zaman Suzananın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova da güllə yarası alıb.
Qonşuluqda yaşayan və polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman onlar da müxtəlif dərəcəli xəsarətlər alıb.
Dağbəyi Fərəcovun sahibkar olduğu və kafe işlətdiyi bildirilir.
Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, hadisəni törədən şəxs kameraya düşüb. Görüntülərdə 1 nəfər şəxsin (kişi) əlində silahla küçədə Dağbəyi Fərəcova məxsus evə yaxınlaşması əks olunub. Həmin şəxs qapının açılmasından sonra ardıcıl atəş açmağa başlayıb.
İlkin ehtimallara görə, cinayəti törədən şəxsin əsas məqsədi D.Fərəcovun kürəkəni Serkan Karakaşı qətlə yetirmək olub. Belə ki, S.Karakaş Bakıda bir neçə yerdə dönərxana açaraq işlədirmiş. Onun biznes fəaliyyəti ilə bağlı münaqişəsinin olması istisna edilmir. Hadisəni törədən şəxsin də Serkan Karakaşın qaldığı yeri öyrənərək onu və ailə üzvlərini qətlə yetirmək qərarına gəlməsi güman edilir.