İsrail Ordusunu gözləyən ən böyük təhlükənin HƏMAS-ın tunelləri olduğu açıqlanıb.
Sfera.az –ın məlumatına görə, bu barədə “Telegraph” qəzeti məlumat yayıb. Qeyd olunub ki, HƏMAS-ın 20 ildir, inşa etdiyi və Qəzzanın altında labirint kimi uzanan tunellərin 30 metr dərinliyində olduğu güman edilir. Ehtimallara görə, sözügedən tunellərin girişləri evlər, məscidlər, məktəblər və digər ictimai binaların aşağı mərtəbəsində yerləşir.
Qəzet sözügedən tunellərin HƏMAS-ın əsas müdafiə mərkəzini təşkil etdiyinə diqqət çəkib. Tunelin girişlərinin bölgənin dar küçələri arasında gizləndiyi, tələlər və əldəqayırma bombalarla qorunduğunu bildirilib:
“İsrailin “Qəzza metrosu” adlandırdığı tunel şəbəkəsinin ölçüsünü başa düşmək olduqca çətindir. Şəbəkə haqqında məlum olan tək şey onun 41 kilometr uzunluğunda və 10 kilometr enində olan Qəzza zolağının altında olmasıdır. Bu tunellər Qəzzalı mülkilər üçün sığınacaq deyil. Onlar yalnız HƏMAS-ın İsrailə raket atmağa və terrorçuları göndərməyə davam edə bilməsi üçün mövcuddur”.
Daha əvvəl Qəzzada döyüşən əsgər “CNBC”yə açıqlamasında bunları deyib: “Bizi gözlədiklərini bilirik. Qəzzanın səthi nə qədər pis olsa da, altı ondan da pisdir”.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü də dünən tunel şəbəkəsinin hissələrini vurduqlarını, lakin bunun asan döyüş olmayacağını bildirib. Fələstinli tarixçi Harel Çorev isə mövzu ilə bağlı danışarkən “Heç kim yerin altında nə olduğunu bilmir. İsrail əsgərlərinin bu tunellərə girə biləcəyini düşünmürəm”, deyə söyləyib.