Makoley və “Evdə tək” filmlərinin ulduzu Kiran Kalkinin 70 yaşlı anası Patrisiyanın yoxsulluq içində yaşadığı üzə çıxıb. OLAY yazır ki, bu haqda “Daily Mail” nəşrinə ailəyə yaxın mənbə məlumat verib. Mənbə bildirib ki, hər iki oğul valideyninə köməklik etmir.
Patrisiya əri ilə birlikdə Montana ştatının kənarındakı zibilxananın yanında yerləşən birmərtəbəli evdə yaşayır.
“Onların nə mobil telefonu var, nə də internet var. Onların hər ikisinin 70 yaşı var, təqaüddədir. Artıq maaş almırlar. Onlar ağır günlər yaşayırlar” – deyə, mənbə nəşrə vurğulayıb.
Eyni zamanda, cütlüyün külli məbləğdə borcu var. Belə ki, Patrisiyanın ümumi məbləği 1,2 milyon dollardan çox olan iki borcu var.
Maliyyə problemlərindən əlavə, Patrisiyanın səhhətində də problemlər mövcuddur. Ona “Alzheimer” xəstəliyi diaqnozu qoyulub və vəziyyətini daha da pisləşdirən isə keçirdiyi insult olub.
Mənbənin sözlərinə görə, ulduz oğulları ona praktiki olaraq heç bir kömək göstərmirlər.
Patrisiyanın əri Mart Koks bildirib ki, Kiran Kalkin uzun müddətdir ki, anası ilə əlaqə saxlamır:
“O, heç vaxt zəng etmir. Ondan heç bir kömək gözləmirəm. Mən də xahiş edən biri deyiləm”.
O, Makolenin anasına ayda min dollar göndərdiyini, lakin bunun hələ də dolanmaq üçün kifayət etmədiyini bildirib.
Qeyd edək ki, daha əvvəl 44 yaşlı Makolay Kalkin anasını çox sevdiyini, lakin uşaqlıqda yaşadığı zorakılıqlara görə 30 ilə yaxındır ki, atası ilə ünsiyyət qurmadığını bildirib.
Kalkin ailəsində yeddi uşaq var. Onlardan yalnız ikisi məşhur aktyor olub və Makolenin karyerası uşaqlıqda zirvəyə çatdığı halda, Kiranın uğuru yetkinlik illərində gəlib. Super-populyar “Varislər” serialındakı parlaq rolu sayəsində geniş kütləyə tanınıb, bundan sonra böyük rejissorlar tərəfindən diqqət çəkib. “Əsl ağrı” filminə görə bu ilki “Ən yaxşı aktyor” nominasiyasında “Oskar”ı qəbul edərkən, Kalkin səhnədə anasına təşəkkür edib.