Artıq son hadisələr mənim üçün çoxdan geridə qalıb. Hər şeyi unutmuşam. Həyatımın ən xoşbəxt günlərini yaşayıram. Öz fəaliyyətimə davam edirəm. Bu gün də toydayam, sabah da. Yaradıcılığım üzərində çalışıram. Mənim 50 ildə bir dəfə başıma hadisə gəldi. Bu da Allahın bir imtahanı idi, mən də ondan keçdim, onun istədiyi kimi, buyurduğu kimi.
Milli.Az bildirir ki, bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”da baş verən insidentlə bağlı məhkəmə hökmündən sonrakı proseslər haqda deyib.
Ağadadaş Ağayev qeyd edib ki, hazırda fəal şəkildə yaradıcılıqla məşğuldur və bir neçə yeni əsər üzərində işləyir:
“Bu günlərdə bir neçə əsər yazıb, hazırlamışam və onları xalqıma təqdim edəcəyəm. Ordumuzun bütün zabitlərini tərənnüm edən bir mahnı hazırlamışam – “Mənim zabitim”. Sözləri Zahir Abbasa, musiqisi isə mənə məxsusdur. Yaxın zamanda bu əsəri ifa edəcəyəm”.
A.Ağayev bildirib ki, yaradıcılıq ona yaşamaq üçün motivasiya verir:
“Gecələri demək olar ki, yatmıram, yazıram – xoşuma gəlir. Ruhum bu dəqiqə yazıb-pozmağı tələb edir. Çünki mənim millətimə, dövlətimə borcum var. Onları yerinə yetirmədən yaşaya bilmirəm. Bu da məni səbirsizləndirir və bir an öncə əsərlərimi cəmiyyətə çatdırmaq istəyirəm”.
Qeyd edək ki, Ağadadaş Ağayev Binəqədi rayonunda yerləşən “Medera Hospital”dakı insidentə görə uzun müddət müzakirə obyekti oldu.