Mütəxəssislər gündəlik istifadə olunan və hər mətbəxdə tapıla biləcək, güclü müalicəvi xüsusiyyətlərə malik məhsul və ədviyyatların siyahısını açıqlayıblar. Bu məhsullar təkcə dadına görə deyil, həm də sağlamlığa müsbət təsirləri ilə seçilir. Bəziləri “pis” xolesterini azaldır, immuniteti gücləndirir və xərçəngin qarşısının alınmasında köməkçi ola bilər.
Lent.az bu 5 məhsulu sizə təqdim edir:
Sarımsaq
Sarımsaq bu siyahıda haqlı olaraq lider mövqedədir. Onun tərkibində fitonsidlər – antibakterial, göbələk və parazit əleyhinə təsiri olan uçucu maddələr var. Ən əsası isə, sarımsaq doğrandıqda və ya əzildikdə yaranan allisin maddəsi xərçəngin – o cümlədən ağciyər, mədə və yoğun bağırsaq xərçənglərinin – inkişafının qarşısını almağa kömək edir. Sarımsaq həm də ürək-damar sisteminə müsbət təsir göstərir: təzyiqi aşağı salır və damar divarlarını möhkəmləndirir.
Darçın
Darçın sadəcə şirniyyata əlavə edilən ədviyyat deyil, həm də təbii antioksidantdır. O, qanda şəkərin səviyyəsini stabilləşdirir, iltihabları azaldır və əzələ, oynaq ağrılarını yüngülləşdirir. Darçın hüceyrələri qoruyan sərbəst radikalları neytrallaşdırmaqla qocalmanı yavaşladır və bədxassəli şişlərin yaranma riskini azalda bilər.
Cəfəri
Əksəriyyətin qiymətləndirmədiyi bu yaşıl “superfood” orqanizmdən toksinləri çıxarır, C, A və K vitaminləri ilə zəngindir. Sümüklərin və diş ətlərinin sağlamlığı üçün faydalıdır. Cəfəri həm də maddələr mübadiləsini yaxşılaşdırır, zəif sidikqovucu təsirə malikdir və bu səbəbdən böyrək xəstəlikləri və ödemlər zamanı faydalı ola bilər.
Şəfran
Dünyanın ən bahalı ədviyyatlarından biri olsa da, şəfranın müalicəvi xüsusiyyətləri misilsizdir. Onun tərkibindəki krosin maddəsi xüsusilə qaraciyər xərçəngində xərçəng hüceyrələrinin inkişafını ləngidə bilir. Şəfran həmçinin PMS simptomlarını yüngülləşdirir, iltihabları azaldır, emosional tarazlığı dəstəkləyir və dərinin vəziyyətini yaxşılaşdırır.
Zəncəfil
Zəncəfil uzun illərdir ki, ürəkbulanma və həzm problemlərinə qarşı təbii vasitə kimi istifadə olunur. Araşdırmalar göstərib ki, onun aktiv maddələri xərçəng hüceyrələrinin artımını yavaşlada və immuniteti gücləndirə bilər. Zəncəfil həmçinin iltihabı azaldır və ümumi sağlamlıq halını yaxşılaşdırır.
Əlavə olaraq faydalı məhsullar:
Brokoli – tərkibindəki sulfurofan maddəsi bədəni xərçəngə qarşı qoruyur və toksinləri təmizləyir.
Mavi giləmeyvə (çiyələk, qaragilə) – antosiayan sayəsində hüceyrələri gücləndirir və mutasiyaların qarşısını alır.
Qoz – tərkibindəki Omega-3 yağ turşuları ürəyin işini dəstəkləyir və iltihabları azaldır.
Nəticə etibarilə, bu sadə və əlçatan məhsullar düzgün və balanslı şəkildə rasiona daxil edildikdə, ciddi xəstəliklərin qarşısının alınmasında güclü köməkçi ola bilər.