Xəbər verdiyimiz kimi, qondarma “Dağlıq Qarabağ Respublikasının” Milli Təhlükəsizlik Xidmətinin direktoru Ararat Melkumyan Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
“Yeni Sabah” bildirir ki, Melkumyan bu ilin yanvarında sözügedən “vəzifəyə” təyin edilmişdi.
O qondarma respublikanın ovaxtkı rəhbəri Arayik Arutyunyanın yaxın dostu idi.
Həmin vaxta kimi Ararat Melkumyan separatçı-terrorçu dəstənin “təhlükəsizlik şurası” katibinin müavini vəzifəsini daşıyırdı.
“General-mayor” rütbəsi daşıyan Ararat Melkumyan Qarabağ erməniləri arasında “Çolka” ləqəbi ilə tanınır. Saç düzümünə görə “Çolka” ləqəbi almış Ararat Melkumyan 1973-cü il fevralın 1-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində anadan olub. Ararat Melkumyan separatçılar arasında nüfuzlu hərbçilərdən sayılırdı.
Melkumyan 1990-cı illərdən Qarabağdakı separatçı hərəkata qoşulub. O, həm 2016-cı ilin dörd günlük aprel müharibəsində, həm də 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycana qarşı döyüşüb.
Ararat Melkumyan ötən il sentyabrın 13-də Ermənistanla sərhəddə gedən döyüşlərdə də Azərbaycana qarşı vuruşub. Belə ki, onun həmin döyüşlərə Qarabağdan hərbi təlim keçmiş bir dəstə apardığı bildirilir.
Melkumyana qondarma “Artsaxın milli qəhrəmanı” adı da verilmişdi.