Eldar dedi ki, məni bağışla, qələt eləmişəm, vurma. Onun yalvarışlarına əhəmiyyət vermədim, bıçaq zərbələrinə davam etdim. Zərbələrdən yayınıb, çayın kənarına yuvarlanmaq istəyəndə onu geriyə çəkdim, yenidən vurdum. Eldarın müqavimət göstərdiyini, ölmədiyini gördüm. Yanmızda dayanan Valehə “bunun başını tut, kəsim” dedim. Valeh məni kənara itələdi.

Eldarın hərəkətsiz qaldığını görəndə onun öldüyünü fikirləşdim. Buna görə Valehlə birlikdə yaşadığım evin yerləşdiyi küçəyə getdim”.

“Kömək üçün yalvardım”

İş üzrə zərərçəkmiş Eldarın sözlərinə görə, gecə saatlarında Səlimə “İnstagram” şəbəkəsində ismarıclar yazaraq onu yaşadıqları evin yerləşdiyi küçəyə dəvət edib:

“Mən ona yaşadığı küçəni tanımadığım cavabını verdim. Həmin vaxt elə bilmişəm ki, yazan Səlimənin özüdür. Səhəri gün Həsən adlı şəxs zəng vurdu, dedi, səni 2 saatlıq müddətə götürəcəyik. Dedim, problem yoxdur. Həmin gün iş yerimə getdim, mağazanın arxasında oturdum. Sonradan Həsən olduğunu bildiyim şəxs mənə yaxınlaşaraq salamlaşdı, məni kənarda söhbətə dəvət etdi. Bir qədər piyada getdikdən sonra binanın tinində dayandıq.

Sonradan Valeh olduğunu bildiyim şəxs bizə yaxınlaşdı, hər ikimizlə salamlaşdıqdan sonra üçümüz piyada hərəkət etməyə başladıq. Mağazanın yaxınlığından axan çayın kənarına təxminən 10-12 metr məsafə qalmış dayandıqda Həsən söhbət açaraq məndən bacısı Səliməyə niyə yazdığımı soruşdu.

Söhbəti aydınlaşdırmadı, başımın arxasına bıçağın tiniylə 3-4 dəfə vurdu. Zərbələrdən özümü itirdim. Bundan sonra bıçağın ön hissəsi ilə bədənimə zərbələr vurmağa başladı. Yerə yıxıldım, ayağa qalxmağa çalışanda təpiklə bir daha vurub yıxdı. Həsən məni vurarkən yalvardım. Lakin buna məhəl qoymadı, vurmağa davam etdi.

Əlimi boynuma tutmuşdum, Həsən Valehə dedi ki, başını tut, kəsim. Amma Valeh buna imkan vermədi. Həsən bıçağı sol qabırğama vurdu. Daha sonra kömək üçün ətrafdakılara yalvardım. Həsəngil getdilər. Özüm güclə durub divardan tuta-tuta mağazanın arxasına gəldim. Kənardakı adamlar kömək edib məni Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirdilər. Təxminən 12 gün xəstəxanada qaldım”.

“Eldarı yox, məni öldür”

İş üzrə şahid qismində ifadə verən Səlimənin sözlərinə görə, baş vermiş hadisədən təxminən səkkiz ay əvvəl ailədaxili münaqişələr səbəbindən əri Elçindən ayrılaraq azyaşlı övladları ilə birlikdə ailə üzvlərinin yanına gedib və onlarla birlikdə yaşamağa başlayıb: “Özümün və övladlarımın maddi ehtiyaclarını qarşılamaq üçün “Real” adlı mağazada satıcı işləyirəm. Həsən qardaşımdır, münasibətlərimiz həmişə mehriban olub. Mağazada gecə növbəsində işləyirəm.

Sentyabrın 4-də gecə saat 1 radələrində işdən çıxaraq yaşadığım evə getdim. Saat 01.30-da yaşadığım evin həyətində oturaraq yemək yeyən zaman Həsən həyətə gəldi. Məndən telefonumu istədi, vermədim. Məcbur telefonu əlimdən alaraq evə getdi.

Həsən “İnstagram” sosial şəbəkəsində birlikdə işlədiyim Eldarla bir-birimizə yazdığımız sevgi mövzusunda ismarışları gördükdə sifət nahiyəmə 2-3 şillə vurdu. Sonra əlində tutduğu cib bıçağı ilə üzərimə hücum edərək məni və Eldarı öldürəcəyini dedi. Mən cavabda Eldarı yox, məni öldürməsi barədə ona yalvardım.

Mübahisə zamanı anam səs-küyü eşidərək yanımıza gəldi, Həsəni sakitləşdirib evə apardı. Ardınca mən də evə gedərək yatdım”.

“Sevgi məzmunlu ismarışlar yazmışıq”

Səlimə qeyd edib ki, həmin gün saat 8 radələrində yuxudan oyandıqdan sonra Həsən evdən gedib:

“İki-üç saat sonra əlində kiçik ölçülü bıçaqla həyətə daxil oldu. Bıçaq və əlləri qana bulaşmışdı. Ondan nə baş verdiyini soruşdum, Eldarı öldürdüyünü dedi. Mən Eldarı öldürdüyü halda məni də öldürməsini istədim. Evə doğru qaçdım, Həsən də arxamca gəldi. Bıçağı stolun üzərinə qoydu. Üzərimə hücum çəkərək sol qolunu boğaz nahiyəmə keçirməklə yuxarıya doğru qaldırdı və məni boğmağa başladı. Anam onun bel nahiyəsindən qucaqlayaraq məni buraxmasını istədi.

Həsən əlini boğaz nahiyəmdən çəkəndə yerə yıxıldım. Çənə nahiyəmin alt hissəsi stula dəydikdə özümə gəldim. Həsəni daha evin həyətində görmədim”.

Səlimə deyib ki, hadisədən təxminən 2 həftə əvvəl işlədiyi mağazada Eldarla tanış olub və bir-birilərindən xoşları gəlib: “Eldarla bir-birimizə “İnstagram” sosial şəbəkəsində sevgi məzmunlu ismarışlar yazmışıq. İşlədiyimiz mağazanın mətbəxində Eldarla bir dəfə gizlin formada öpüşmüşük. Aramızda olan münasibətləri başqa şəxslər bilməyib”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Həsən 14 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.