Aspirin dünyada ən çox istifadə edilən tibbi dərmanlardan biridir. Əvvəlcə yalnız ağrı kəsici və qızdırma salıcı kimi istifadə edilən aspirin indi infarkt, iflic və bəzi xərçəng növləri də daxil olmaqla bir çox xəstəliklərdən qorunmaq üçün istifadə edilir. Qədim dövrlərdə insanlar söyüd ağacının qabığını əzib, qaynadıb suyunu içərək qızdırmanı salıb, həmçinin baş və oynaq ağrılarını azaldıblar. Salix alba adlanan ağcaqayın söyüdü eramızdan əvvəl 1500-cü illərdə Qədim Misir lövhələrində “ağrı kəsici bitki” kimi qeyd olunub və eramızdan əvvəl 3-cü əsrdə yaşamış və müasir təbabətin banisi sayılan Hippokrat söyüdün qabıqlarından istifadə edib. Ağrının müalicəsində eramızın 40-90-cı illəri arasında yaşamış Romalı həkim Dioscorides, söyüd qabığının gut və bəzi revmatik xəstəliklərin müalicəsində istifadə oluna biləcəyini anlamağa çalışıb.
Söyüd qabığında olan ağrıları aradan qaldırmağa kömək edən maddə salisilik turşu adlanır. Bu maddə ilk dəfə 1839-cu ildə tibbi dərman kimi istifadə edilib. Amma salisilik turşunun dadı çox pis idi. Üstəlik, mədə qanamasına səbəb ola bilər və hətta ölümlə nəticələnə bilər. Bu səbəbdən bir çox kimyaçı bu maddənin yan təsirlərini aradan qaldırmaq üçün uzunmüddətli araşdırmalar aparıblar. Salisilik turşu üzərində işləyən kimyaçılardan biri də alman Feliks Hoffman idi. 1897-ci ildə Hoffmann və onun həmkarları daha az yan təsirlərə səbəb olan, lakin yenə də təsirli ağrı kəsici olan asetilsalisil turşusu istehsal ediblər.
Hoffmanın ilk xəstəsi ağır revmatoid artritdən əziyyət çəkən atası olub. Yeni dərman atasının ağrısını kəsib və mədə narahatlığı yaratmayıb. Daha sonra bu dərman kommersiya markasına çevrilib və “Aspirin” adı ilə satılmağa başlanıb. 1970-ci illərə qədər aspirinin ağrıları necə aradan qaldırdığı məlum olmayıb. Bu illərdə İngilis alimi Con Robert Vane “prostaqlandinlər” adlanan təbii hormonlar üzərində araşdırmalar aparıb. Prostaqlandinlər zədə və xəstəlik kimi toxuma zədələnmələri zamanı zədələnmiş toxumanı sağaltmaq üçün ifraz olunur, lakin bu prosesdə ağrı, qızdırma və iltihaba (qızartı) səbəb ola bilər. Vane, aspirinin bədəndə bu hormonları istehsal etmək üçün lazım olan bir fermentin funksiyasını blok etdiyini kəşf edib. Vane bu işinə görə 1982-ci ildə Fiziologiya və Tibb üzrə Nobel mükafatına layiq görülüb.
Aspirin ilk dəfə böyük qalay qutularında toz şəklində satılıb. Daha sonra suda həll olunan tabletlərə çevrilib və bu şəkildə satışa çıxarılan ilk dərman olub. Aspirin bu gün dünyada ən çox istifadə edilən ağrıkəsicidir. Hər il təxminən 100 milyard tablet aspirin istehlak edilir. Tablet aspirinləri müəyyən miqdarda aspirin, qarğıdalı nişastası və suyun qarışığından ibarətdir.
/24media.az