Gündəm

Həlak olan sülhməramlı sayı 8 deyil – RƏSMİ AÇIQLAMA

20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli anti-terror tədbirlərində iştirak edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının Sülhməramlı Kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Hadisə nəticəsində RSK-nın 5 nəfər hərbi qulluqçusu həlak olub. Bundan başqa, həmin gün qeyd olunan yaşayış məntəqəsinin ərazisində RSK-ya məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.

Hər iki faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.Bugün Azərbaycan və Rusiyanın baş prokurorları telefonla danışıblar. Hadisə ilə bağlı Rusiya tərəfinə dərin hüznlə başsağlığı verilib. Tərəflər baş vermiş cinayət hadisəsi ilə bağlı hərtərəfli və sıx təmasda olmaqla araşdırmanın aparılacağı barədə razılığa gəliblər. Hazırda cinayət işi üzrə prokurorluq orqanları tərəfindən istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

Back to top button