Bakıda qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı qadını iş yerində bıçaqlayaraq öldürmək istəyən Akif İsmayılovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Hadisə Sabunçu qəsəbəsində baş verib. Akif İsmayılov ər arvad münasibətində olduğu Nəzakət Məmmədovanın iş yerinə gələrək, aralarında yaranan mübahisə zamanı üzərindəki bıçaqla ona çoxsaylı zərbələr vuraraq hadisə yerindən uzaqlaşıb.
Təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılan qadın dərhal əməliyyat olunub. Həkimlərin səyi nəticəsində 13 bıçaq xəsarəti alan yaralının həyatını xilas etmək mümkün olub.
Cinayəti törətməkdə təqsirli bilinən Akif İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
İş üzrə dindirilmiş Akif İsmayılov ifadəsində göstərib ki, 2013-cü ildən qeyri-rəsmi Nəzakət Məmmədova ilə yaşayıb. Ondan əvvəl iki dəfə ailəli olub.
2018-ci ilin may ayında Nəzakətin anası Sabunçu qəsəbəsində yerləşən evini satıb həmin pula bir ev özünə digərini isə qızına alıb.
2019-cu ilin fevaral ayında Nəzakət ondan yeni evin açarlarını qaytarmağı tələb edib. O, da aralarında problem yaşanmasın deyə açarın nüsxəsini yoldaşına verib.
Mayın 7-də axşam digər yoldaşı Fatmanın yanında olanda Nəzakət zəng edərək Maştağa qəsəbəsində olan evdən pul və televizorun oğurlandığını deyib. Akif də qadına evdən heçnə götürmədiyini və evin açarlarının daha onda olmadığını bildirib.
Səhərsi gün 14-cü polis bölməsindən zəng edən əməkdaş deyib ki, Nəzakət Məmmədova oğurluqla bağlı barəsində şikayət edib və təcili bölməyə gəlməsini xahiş edib. 3-4 dəfə Nəzakətin mobil telefonuna zəng etsə də, qadın zənglərə cavab verməyib. Niyə şikayət etməsini aydınlaşdırmaq üçün sonuncunun iş yerinə yollanıb. Saat 12 radələrində ora çatanda yoldaşının inzibati binanın həyətində gəzdiyini görüb. Yaxınlaşıb nə səbəbdən barəsində şikayət etməsini soruşduqda, Nəzakət nahaq yerə bölməyə getməyib bura gəldiyini deyərək nalayiq sözlərlə onu təhqir edib. Bundan qəzəblənərək şalvarının sağ cibində gəzdirdiyi bıçağı çıxarıb onu qorxutmaq istəyib. Sonra qadına ardıclı çoxsaylı zərbələr endirərək hadisə yerindən çıxıb gedib. Bıçağı Zabrat qəsəbəsində xatırlamadığı yerə tullayıb.
Zərərçəkmiş Nəzakət Məmmədova ifadəsində bildirib ki, 2013-cü ildə işlədiyi mağazada Akif İsmayılovla tanış olub və sonradan həmin tanışlıq yaxın münasibətə çevrilib. Akif ondan qabaq Palina və Fatma adlı qadınlarla evli olub.
2018-ci ilin iyun ayında anasının Maştağa qəsəbəsində aldığı evə köçərək bir müddət birlikdə orada yaşayıblar. Son iki ildə münasibətləri yaxşı olmayıb. Akif ilk dəfə 2018-ci ildə onu döydüyünə görə barəsində “102” mərkəzinə şikayət edib. Sonra barışdıqlarına görə ərizə yazaraq Akifdən şikayəti olmadığını göstərib.
2019-cu il mayın 7-də yataq otağına keçəndə özünə məxsus boyunbağının, 1800 manat pulun və qonaq otağından televizorun yerində olmadığını görüb evə oğru girdiyini düşünüb. Eyni zaman əşyaları və pulu Akifin götürə biləcəyindən şübhələndiyi üçün ona zəng edib bu barədə soruşub. Yoldaşı da heçnə götürmədiyini bildirib.
“102” xidməti ilə əlaqə saxlayaraq yaşadığı evdən oğurluq edilməsi barədə məlumat verib. 14-cü polis bölməsindən gələn təhqiqatçı ondan kimdən şübhələndiyini soruşanda, evin açarlarının Akifdə olmasını ehtimal etdiyini deyib və ərizə yazıb.
Ayın 8-i işlədiyi mağazanın döşəməsini sildikdən sonra qurumağını gözləmək üçün binanın həyətinə çıxıb. Bir neçə dəqiqədən sonra gələn Akif niyə polisə şikayət etdiyini soruşub. Onu döyəcəyindən qorxduğu üçün ərizə yazmadığını deyəndə Akif yalan danışdığını və onu bölmədən çağırdıqlarını bildirib. Arxaya çevrilib getmək istəyəndə Akif sacından tutub jaketinin altından bıçağı çıxarıb boynundan iki dəfə vurub. Yerə yıxılnda Akif ona ardıclı zərbələr endirib. Gözətçi onları aralayandan sonra təcili tibbi yardıma zəng edib və onu xəstəxanaya aparıblar.
Məhkəmə prosesində Akif İsmayılov ittima üzrə özünü təqsirli bilməyib. Qeyd edib ki, Nəzakət Məmmədovanı öldürmək niyyəti olmayıb.
Sonda məhkəmənin hökmü ilə 65 yaşlı Akif İsmayılov 14 il müddətinə azadlıqdan məhrum olunub.