“Bu ilin sonuna qədər 161 ədəd elektrikli avtobus paytaxt Bakıda olacaq. Bu avtobusların artıq birinci mərhələsi gətirilib. Hazırda 40-dan çox elektrikli avtobus paytaxtdadır”.
Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Referans.az-a açıqlamasında deyib.
“Həmin avtobuslarla davranış qaydalarını, sürücülük vərdişlərini yoxlamaq üçün sürücülərlə test sürüşləri keçirilir. Bu da öz özlüyündə müsbət addımdır. Çünki elektrikli avtobus bizim cəmiyyət üçün yeni bir anlayışdır. Bunların kor-koranə şəkildə istifadəyə verilməsi düzgün olmazdı. Digər tərəfdən bu tip elektriklə çalışan avtobusların Azərbaycanda istfadəsi üçün şərait yaradılması da olduqca təqdirəlayiqdir. Çünki ətraf mühitin qorunması üçün Azərbaycanda çox qlobal bir tədbir keçirilir. Bu tədbir çərçivəsində elektrik avtobusların Azərbaycana gətirilməsi, paytaxt Bakıdan istismarı olduqca yüksək qiymətləndirilə bilər”.
Ekspert qeyd edib ki, ölkə üzrə tam olaraq elektrikli avtobuslara keçmək risklidir. Bu dünyanın heç bir ölkəsində hələ ki, tətbiq olunmayıb.
“Qarışıq formada işləyən avtobuslar var ki, bunlar sıxılmış qazla və dizellə işləyən avtobuslardır və bəzi ölkələrdə istifadə olunurlar. Elektrikli nəqliyyat vasitələri hələ də test mərhələsindədir. Gələcəkdə müəyyən fəsadları ortaya çıxa bilər. Buna görə də prosesi tələsdirməyə bu baxımdan ehtiyac yoxdur”.
Elməddin Muradlı yaşıl enerjiyə keçidin Azərbaycanın başlıca prinsiplərindən biri olduğunu deyib. Ekspert yeni gətirilən elektrikli avtobusların ictimai nəqliyyat sistemində səmərəli olacağını düşünür.