Sumqayıt şəhərində avtobusda sərnişinlərdən birinin əl çantası oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edərək, içərisində 900 manat, bank kartları, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar olan çantasının oğurlandığını bildirib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Sevinc Sadıqova saxlanılıb. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.
Araşdırmalar zamanı S.Sadıqovanın “TikTok” sosial şəbəkəsində özünü ev təmiri ilə məşğul olan usta kimi təqdim elədiyi, ona müraciət edən şəxslərin etibarından sui-istifadə etdiyi, ayrı-ayrı vətəndaşların pul vəsaitlərini ələ keçirdiyi də məlum olub.
S.Sadıqova barəsində 4-cü Polis Bölməsində araşdırmalar davam etdirilir.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, “102″ Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.