Gündəm

Azərbaycanda bu tarixdə GÜCLÜ istilər olacaq: 50 dərəcədən yuxarı…

Son bir neçə gündür dünyanın müxtəlif ölkələrində anormal istilər qeydə alınır. Hindistanın Uttar Pradeş ştatında parlament seçkisi üzrə səsvermənin son günündə istilər səbəbindən azı 33 nəfər seçki məntəqəsi işçisi ölüb. Bu barədə ştatın seçki komissiyasının rəhbəri Navdip Rinva jurnalistlərə bildirib. Ölənlər arasında seçki komissiyalarının əməkdaşları, sanitar xidmət işçiləri və mühafizəçilər var.

Komissiya rəhbəri deyib ki, ölənlərin ailələrinə 1,5 milyon rupi (18 min ABŞ dolları) məbləğində pul kompensasiyası veriləcək. Ölkədə istilər nəticəsində azı 100 nəfər ölüb.

Azərbaycanda da son günlər havanın temperaturu isti keçir. Bakıda və Abşeron yarımadasında temperatur 35 dərəcədən düşmədiyi halda bir sıra aran rayonlarında daha isti hava dalğası müşahidə olunur.

Bəs bu il Azərbaycanda hava şəraiti ötən ilə nisbətən daha isti keçə bilərmi?

Məsələ ilə bağlı danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədov News24.az-a bildirib ki, anormal istilər müşahidə olunmasa da, ölkənin əksər bölgələrində temperatur maksimuma qalxa bilər:

“Ümumiyyətlə, Qafqaz regionundakı ölkələrin temperaturu yay aylarında bir qədər yüksək olur. Konkret Azərbaycanda hansısa ildə temperaturun yüksək və ya aşağı olacağını orta müddətli prespektivə görə demək mümkün deyil. Yaxın müddətli prespektivdə iyun ayı üçün proqnoz vermək olar. İndi nəzərə almalıyıq ki, may ayında yağışlar çox oldu, hava şəraiti qeyri-sabit keçdi. Buna görə də düşünmək olar ki, iyun ayı daha isti olacaq. İyul-avqust ayları isə iyuna nisbətən daha stabil keçə bilər”.

Qurum rəsmisi qeyd edib ki, ümumilikdə son illər qlobal iqlim dəyişikliyi prosesi özünü doğrultmağa başlayıb. Onun sözlərinə görə, ölkə ərazisində yay aylarında ən güclü istilərin müşahidə olunduğu bir neçə bölgələr var: “Böyük və kiçik Qafqaz, Kür-Araz ovalığı, aran zonaları, Gəncə-Qazax, Qarabağ ərazisi və  şimal sərhədlərdə hava isti ola bilər. Yay mövsümündə Kür-Araz ovallığında necə isti başlayırsa, sentyabra qədər də elə davam edir. İstənilən halda Azərbaycanda yay mövsümü isti keçir. Çox ciddi istilər ola bilər, amma bu nadir illərdə hiss olunur. Güclü istilər daha çox Naxçıvan ərazisində qeydə alınır. İstilər Kür araz ovalığında və aran zonasında çatsa, maksimum 43-44 dərəcəyə qədər çatar”.

Amin Məmmədov əlavə edib ki, temperatur kölgədə qeydə alınan istiliyə görə ölçülür. Yəni önümüzdəki aylarda temperatur 44-45 dərəcəyə çatarsa, bu o deməkdir ki, günün altında 50 dərəcədən yuxarı isti olacaq.

Back to top button