İstanbulda sosial media fenomenlərinə qarşı aparılan araşdırma çərçivəsində eyni vaxtda 25 vilayətdə keçirilən əməliyyatlarda gözəllik mərkəzinin sahibi və sosial media fenomeni Neslim Güngen ilə həyat yoldaşı İnanç Güngen də daxil olmaqla 54 şübhəli şəxs saxlanılıb.
Bu barədə daxili işlər naziri Ali Yerlikaya bəyan edib.
Bildirilir ki, İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində çoxsaylı şəxsləri yaxından izləyiblər. Hesabatlar, fenomenlərin bank hesab fəaliyyətləri, əlaqəli olduqları şəxslər geniş şəkildə araşdırılıb, sonra Neslim Güngen və həyat yoldaşı İnanç Güngenə qarşı əməliyyat keçirilib.
Onlar cinayət törətmək məqsədilə təşkilat qurmaq, cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərini leqallaşdırmaq, rəsmi sənədlərdə saxtakarlıq və dələduzluq ittihamları ilə saxlanılıblar.
Qeyd edək ki, saxlanılan Neslim Güngenin polis maşınına minərkən gülümsəməsi diqqət çəkib. Bu, sosial şəbəkə istifadəçiləri arasında təəccübə və çoxsaylı müzakirələrə səbəb olub.