Gündəm

Azərbaycan Polisi 106 yaşında

Yarandığı dövrdən bu günə qədər çətin, şərəfli və keşməkeşli yol keçən Azərbaycan Polisinin yaranmasının 106-cı ildönümüdür.

Oxu.Az xatırladır ki, 2 iyul – Azərbaycan Polisi Günüdür.

Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb.

Bu dövrdə ümummilli lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə 1 695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1 710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1 143 nəfər orden və medallara layiq görülüb.

Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti gərgin olub. Belə ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2 640 nəfər xəsarət alıb.

Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında dövlət başçısı seçilməsi ilə Azərbaycanın inkişafı yeni mərhələyə qədəm qoyub, sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrilib. Dövlət başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən illər ərzində xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən Daxili İşlər Nazirliyinin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.

Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Polislərimiz Birinci Qarabağ müharibəsində daim ön cəbhədə olub. Azərbaycan Polisinin şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Birinci Qarabağ müharibəsindəki döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Azərbaycan Polisi pandemiya dövründə vətəndaşımızın sağlamlığının qorunması üçün fasiləsiz xidmət aparırdı.

Xüsusi vurğulamaq lazımdır ki, dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə dövründə də Azərbaycan Polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirdi. Bu mühüm məsuliyyəti dərindən dərk edən daxili işlər orqanlarının əməkdaşları pandemiya ilə mübarizədə ön sırada dayanır və vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət aparırdı.

2020-ci ilin sentyabr ayının 27-də başlanılan Vətən müharibəsində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri qatılıb. Vətən müharibəsinin ilk saatlarında Murovdağ istiqamətində olan əlverişli nöqtələr, o cümlədən Murov zirvəsi işğaldan azad edilib. Murovdağ döyüşləri zamanı “Pələng” və “Şahin” Xüsusi Təyinatlı Dəstələri savaşıb, şəxsi heyətdən 7 hərbi qulluqçu Murovdağ döyüşlərində şəhid olub.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vətən müharibəsində 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb, 4 hərbçisi isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Azərbaycan Polisi ölkəmizdə istənilən təxribatın qarşısının alınmasında yüksək peşəkarlığa malikdir. Bu gün ölkəmizdə ictimai asayişin və ictimai qaydanın keşiyində ayıq-sayıq dayanan Azərbaycan Polisi istənilən təxribatın qarşısının operativ şəkildə alınmasında yüksək peşəkarlığa malikdir. Azərbaycan Polisi peşəkarlığına görə yalnız regionun deyil, bir sıra aparıcı Avropa ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir.

Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul – Azərbaycan Polisi Günü elan edilib.

Back to top button