Maraqlı

Maraqlı HADİSƏ: Azərbaycanlı qıza görə dinini dəyişdi: Virtual dünyadan başlayan eşq

Belə bir deyim var ki, insanların qisməti hələ onlar doğulmamışdan yazılır. Nə etsələr də, qisməti dəyişmək mümkün olmur. Elə bizim qonaqlarımız kimi. Hansı ki, özləri cavan olsa da, sevgiləri uzun mübarizələrdən keçib. Kənardan müxtəlif müdaxilələr olsa da, onlar bir-birilərini heç bir zaman buraxmayıblar. Bütün çətinliklərə bərabər sinə gərdikləri üçün də hazırda xoşbəxt ailələri var. “Ailə” rubrikamızın qonaqları azərbaycanlı Günay Rəhimova və rumıniyalı Vlad Mitocdur. Biz də sevgilərini onların dilindən sizə çatdırmağa çalışdıq.

Təsadüf nəticəsində birləşdilər

Cütlüyü tanış edən onların dil öyrənmək istəyi olub. Vlad və Günay 2020-ci ildən tanış olsalar da, yeni ailə qurublar.
Günay: “Tanışlığımız sosial şəbəkə üzərindən olub. Mən 2020-ci ildə – koronovirus dövründə Azərbaycan Dillər Universitetində Norveçşünaslıq ixtisasında təhsil alırdım. Dil öyrənməli idim, çünki Norveçə getməyi planlaşdırırdım. İngilis dilini öyrənmək istəyirdim. Bir-birimizi dil öyrənərək tanımağa başlamışıq. Tanışlığımızın birinci ilində cəmi bir ay danışmışdıq. Sonra əlaqələrimiz kəsildi. Bir il sonra çox qəribə şəkildə tanımadığım rumıniyalı vasitəsilə yenidən Vladı tapdım”.

Vlad isə deyir ki, Günay onu yenidən axtarıb tapdıqda bunun bir işarə olduğunu anlayıb: “Bir il sonra yenidən yazması məni çox təəccübləndirmişdi. Düşündüm, görəsən hansı xüsusiyyətim onun xoşuna gəlib ki, bir il sonra məni yenidən tapıb. Halbuki unuda da bilərdi”.

Günaya görə hətta dinini də dəyişib

İlk başda fərqli millətlərdən olduqları üçün onlarda alınmayacağını düşünüblər, amma… Hətta ilk sevgi etirafını da Günay edib: “Yenidən danışmağa başladıq. Lakin münasibətimiz bu dəfə də yarımçıq qaldı. Dinlərimiz fərqli olduğu üçün düşüncələrimizin uyğun gəlmədiyini düşünmüşdüm. Fikirləşdim ki, bizdə alınmaz. Yarım il sonra yenidən danışmağa başladıqda ilk sevgi etirafını mən etdim. Dost olduğumuzda mənə dinini əsla dəyişməyəcəyini bildirmişdi. Amma sevgili olduqdan sonra özü müsəlmanlığı qəbul etdi, şəhadət gətirdi. Hətta bizim dini nikahımız da oldu”.

Günayın sevgisini etiraf etməyi Vladı da çox təəccübləndirib. Həm də hisslərində əmin olmasına kömək olub: “Günayın mənə qarşı hissləri olduğunu əvvəldən duymuşdum. Uzun müddət davam edən dostluğumuz, bir-birimizi mükəmməl şəkildə anlamağımız onu seçməyimə səbəb oldu. Artıq hiss etdim ki, axtardığımı tapmışam”.

“İlk görüşdə özümü bir az qəribə hiss edirdim”

Dostluqdan sevgili dönəminə keçid Vladın Azərbaycana gəlişi ilə nəticələnib. Günay həmin anları belə xatırlayır: “Bir il internet üzərindən danışırdıq. Sonra Vlad Azərbaycana gəldi. İlk görüşdə özümü bir az qəribə hiss edirdim, canlı görüşə uyğunlaşmağa çalışırdım. Həmişə mənə sual verirdi ki, “bir-birimizi realda bəyənməsək, necə olacaq?” Vladın məni görəndə ilk cümləsi “realda qat-qat gözəlsən” olmuşdu. Görüşəndən sonra sevgi bağlarımız daha da gücləndi”.

 

Vlad isə bildirir ki, Rumıniyadan Azərbaycana gəlmək üçün iki gün yol qət etməli olub: “Azərbaycana ilk dəfə 2022-ci il dekabrın 24-ü gəlmişdim. Günayı görmək üçün iki gün yol qət etmişdim. Sevdiyim xanımı görəndə yol yorğunluğunu, çətinliyi, həyəcanı unutdum”.

“Görüşə bilmirdik, darıxırdıq”

Bir tərəfdən sevdiyindən uzaqda olmaq, digər tərəfdən kənardan insanların müdaxiləsi gənclərin yükünü daha da ağırlaşdırıb. Günay üzləşdikləri çətinliklərdən danışır: “Çalışırdım ətrafdakıların fikirlərini nəzərə almayım. Amma istər-istəməz təsir edirdi. İnsanlar xarici vətəndaş olduğu üçün güvənmirdilər. Uzaq məsafədən münasibət bizim üçün çətin gəlirdi. Görüşə bilmirdik, darıxırdıq. İlk dəfə gəldikdən sonra yenidən qayıtdı. Vlad yol boyu ağlamışdı…”

Vladın sözlərinə görə, əgər sevgi varsa, həyatda heç nə çətin deyil: “Günaydan ötrü çox darıxırdım, amma müsbət düşünməyə çalışırdım ki, əvvəl-axır görüşəcəyik. Şükürlər olsun ki, hazırda bir yerdəyik. Uzaq məsafədən münasibət çətindir, amma mümkünsüz deyil. Əgər həqiqətən istəyirsinizsə, onu mümkün hala gətirə bilərsiniz”.

Ağ şəhərdə evlilik təklifi

Azərbaycana sevdiyini görmək üçün gələn rumıniyalı kürəkən sən demə, əliboş gəlməyib. Günay deyir, Vlad yeni ilə tək daxil olmaq istəməyib: “İlk görüşümüzün üzərindən bir həftə keçdi. Yeni il günü fişənglər partladıqdan sonra Ağ şəhərdə hər kəsin içərisində diz çökərək evlənmə təklifi etdi. Mənim üçün çox böyük sürpriz oldu, çünki heç gözləmirdim. İstədim ki, o, geri qayıtmadan öncə münasibətimizi rəsmiləşdirək və nişanımız oldu”.

Vlad özü də etiraf edir ki, ölkəmizə gəliş məqsədi sevdiyi xanımı həyat yoldaşı etmək idi: “Münasibətimizin əvvəldən ciddi olacağını düşündüyümüzə görə evlilik təklifi edəcəyimi bilirdim. Azərbaycana gəldikdə də artıq Günayla ailə qurmaq istəyirdim”.

“Vlad anama Azərbaycan dilində “ana” deyir”

Günayın sözlərinə görə, münasibətlərindəki maneələrdən biri onun anası olub, lakin sonradan Vladı oğlu kimi çox sevib: “Atam münasibətimizi normal qarşılamışdı. Mənə demişdi ki, əsas sənin sevməyindir. Xeyir-dua da vermişdi. Anamın reaksiyası isə daha sərt olmuşdu. Xarici vətəndaşa güvənmədiyi üçün münasibətimizə qarşı çıxmışdı. Vlad Azərbaycana gələnə qədər anama münasibətimizin ciddiliyini izah etməyə çalışırdım. Nəhayət, o da şans verdi. Dedi ki, gəlsin görüm necə biridir. Amma Vladın ilk gəlişi zamanı onu tanıyanda hətta məndən də çox istədi. Anam və Vlad bir-birilərinə çox bağlıdırlar. Vlad anama Azərbaycan dilində “ana” deyir”.

Vladın ailəsi isə ilk gündən Günayı çox bəyənib: “İlk dəfə anasından utanırdım. Amma onun çox xoş xarakteri olduğunu gördükdən sonra özümü daha rahat hiss etməyə başladım. Amma mənim valideynlərim heç bir problem yaratmadı. Onlara bəhs etdikdən sonra görüntülü zənglə danışdıq. Günayı çox bəyənmişdilər və münasibətimizi dəstəkləmişdilər”.

Back to top button