Tuesday, May 13, 2025



ən son paylaşılan

Çayın qiyməti BAHALAŞACAQ? – AÇIQLAMA

Azərbaycan çayı əsrlər boyu həm bölgədə, həm də beynəlxalq səviyyədə özünəməxsus dadı və keyfiyyəti ilə seçilib. Subtropik iqlimə malik bölgələrdə çayçılıq ənənə halını alıb və həm yerli bazarda, həm də xarici ölkələrdə böyük maraq doğurur. Son illər dövlət dəstəyi və fermerlərin səyləri nəticəsində çay istehsalı və ixracında artım müşahidə edilir. 

Milli.Az xəbər verir ki, Astara rayon sakini Ağaməmməd Məlikovun sözlərinə görə, ötən il 75 ton çay məhsulu toplamışdılar, bu il isə daha yüksək məhsuldarlıq gözləyirlər:

“Ölkəmizdə müxtəlif çay sortları məxməri, pürrəngi, buket və s  becərilir. Xüsusilə “buket” çayı bazarda yüksək qiymətləndirilir və bir kiloqramının satış qiyməti 700 manata qədər yüksəlir”.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, 2024-cü il ərzində ölkədən 747 ton həcmində çay ixrac edilib və bunun dəyəri 6 milyon 633 min ABŞ dolları təşkil edib. Eyni müddətdə isə Azərbaycana 14 388 ton çay idxal olunub və bu məhsulların ümumi dəyəri 76 milyon 488 min dollar olub.

Bu göstəricilər də göstərir ki, çay idxalı hələ də ixrac göstəricilərini xeyli qabaqlayır.

İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, 2025-ci ilin ikinci yarısından etibarən çay idxalının tədricən azalacağını proqnozlaşdırılır. Lakin onun sözlərinə görə, bu azalma daxili tələbatı əhəmiyyətli dərəcədə dəyişməyəcək və bazar qiymətlərinə ciddi təsir göstərməsi gözlənilmir.


Ən son paylaşılan

ən çox oxunan