Son illərdə elektron siqaretlərin istifadəsi, xüsusən gənc yaşda olanlar arasında əhəmiyyətli dərəcədə artıb və bu məhsulların sağlamlıq üçün təhlükələri getdikcə daha çox gündəmə gəlir.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, elektron siqaretlərin istehsal edildiyi fabriklərin iş şəraiti və istehsal prosesləri isə sosial mediada geniş müzakirə olunmağa başlayıb. Son olaraq, Çinin Şenzhen şəhərində yerləşən bir elektron siqaret fabrikində çəkilən görüntülər viral oldu və bu görüntüləri izləyən çoxsaylı istifadəçi fikirlərinin dəyişdiyini bildirdi.
Görüntülərdə, işçilərin elektron siqaretləri özləri çəkərək test etmələri nümayiş etdirilib. Bu prosesdə, işçilər yüzlərlə elektron siqareti bir-birinin ardınca çəkərək sınaqdan keçiriblər. Sosial mediada yayılan bu videoya əsasən, işçilər gündə təxminən 7-8 min elektron siqaretin belə test edildiyini açıqlayıblar. Lakin, bu görüntülər yalnız işçi sağlamlığını deyil, son istifadəçilərin sağlamlığını da ciddi şəkildə təhlükə altına alır.
İşçilərin belə çətin iş şəraitində çalışması, həm də bu məhsulların son istifadəçiləri üçün təhlükə yaradır. Məsələn, işçilərdən birinin tükürək və ya nəfəs yolu ilə keçə biləcək xəstəliklərə yoluxması halında, bu siqaretlərin son istifadəçilərinə də təsir etməsi mümkündür. Bu, da elektron siqaretin həm işçi, həm də istifadəçi sağlamlığı baxımından nə qədər ciddi risklər yaratdığını bir daha gündəmə gətirir.
Elektron siqaretlərin daha təhlükəsiz olduğu barədəki inanc bu yeni məlumatlarla sarsılmaqda davam edir.