Çin son onillərdəki nəhəng inkişaf tempi ilə bütün dünyanı özünə heyran qoyur. 1989-cu ildə Çinin 347 milyard dollar olan Ümumi Daxili Məhsulu 2024-cü ildə 19 trilyon dollara qədər çatmış, ölkə inqilabi sıçrayışla dünyanın əsas iqtisadi və siyasi güclərindən birinə çevrilmişdir. Bütün iqtisadi uğurlarla birgə Çin özünəməxsus siyasi sistemi, qayda və qanunları, idarəetmə forması, mətbəxi və məişəti ilə xüsusi maraq doğurur.
Nigar Hüseynova bir neçə il Çin Elmlər Akademiyasının Ətraf Mühit İnstitutunda təhsil alıb. Çinin təhsil almaqdan əlavə orda repetitor kimi çalışıb. Ümumilikdə, 5 ilə yaxın müddətdə Çində yaşayıb. Onunla müsahibəmizin mövzusu da Çinin təhsil sistemi, adət ənənələri, universitet mühiti, məişətidir.
Nigar Hüseynova “Teleqraf” İnformasiya Agentliyinə müsahibə verib.
Publika.az həmin müsahibəni təqdim edir:
-Nigar xanım, əvvəlcə özünüzlə bağlı məlumat verərdiniz…
– 1995-ci ildə Bakıda anadan olmuşam. Bakalavr təhsilimi Bakı Dövlət Universitetində almışam. Coğrafiya fakültəsində“SABAH” qruplarının ilk məzunlarındanam. Magistratura təhsilimi davam etdirmək üçün dövlət proqramı xətti ilə müraciət etmişəm. İmtahan və müsahibə mərhələlərindən uğurla keçdikdən sonra Çində təhsil almaq hüququ qazandım.
-Niyə məhz Çini seçdiniz?
-Mənim iki seçimim var idi: Macarıstan və Çin. Macarıstan coğrafi baxımdan daha yaxın olduğu üçün mənə o qədər də maraqlı gəlmədi. Çin isə həm coğrafi olaraq uzaqda yerləşirdi, həm də öyrənilməsi daha çətin və əlçatmaz görünürdü. Bu da məni daha çox cəlb etdi. Üstəlik, Çin haqqında çoxlu yazılar oxumuşdum. Və oxuduqlarımı öz gözlərimlə görmək istəyirdim. 2015-ci ildə Çin təhsili keyfiyyətinə görə sürətlə populyarlaşırdı. 20 yaşımda Çinə yollandım və magistratura təhsilimə başladım. Mən orda Çin Elmlər Akademiyasının Ətraf Mühit İnstitutunda təhsil alırdım. Kursu başa vurduqdan sonra diplom müdafiəmi COVID pandemiyasına görə tamamlaya bilmədim. Buna görə də təhsilimin son mərhələsi dondurulub. Hal-hazırda kursu bitirdiyim üçün sertifikatımı almışam.
-Çində hansı ixtisas üzrə təhsil almısınız?
-Çində “Ətraf mühitin iqtisadiyyatı və menecmenti” ixtisası üzrə təhsil almışam.
-Çində neçə il qaldın?
-2015-ci ildən 2020-ci ilə qədər, təxminən 4 il yarım…
-Bəs niyə bu qədər uzun çəkdi?
-Çində magistratura təhsili 4 il davam edir. Diplom müdafiəsindən əvvəl elmi məqalə yazıb çap etdirmək tələb olunur. Mənim məqaləmin nəşr prosesi uzandığı üçün orada qalmağım da uzandı. Əslində bu, mənim üçün müsbət oldu, çünki Çində qalmaq və burada işləyərək pul toplamaq istəyirdim ki, sonradan Avstraliyaya köçüm. COVID pandemiyası başladığı üçün bütün planlarım pozuldu. Universitetdə uzunmüddətli qış tətili elan olundu. 2019-cu ilin sonlarında yeni ili qeyd etmək üçün Bakıya gəldim. Ancaq pandemiya başladığı üçün artıq geri dönə bilmədim.
-Hansı şəhərdə təhsil alırdın?
-Mən Çinin cənubunda yerləşən Sıyamın şəhərində yaşayırdım. Bu şəhər Çinin cənub-şərqində yerləşir, Tayvana da çox yaxındır. Ordan Pekinə təyyarə ilə üç saatlıq yol idi. Sıyamın çox inkişaf etmiş, yaşıl bir şəhərdir. Burada çoxlu qoruqlar var. O cümlədən müxtəlif bitki örtüyü və meşələri də var.
-Sıyamında səni ən ilk olaraq nə təəccübləndirdi?
-Havanın isti olması… Orda hava şəraiti çox isti və rütubətlidir.
-Bəs sosial mənada nəyə heyrət etdin?
-Çində hər şey elektronlaşdırılmışdı. Azərbaycanda son illərdə istifadə olunan ödəniş sistemləri Çində artıq 2015-ci ildən gündəlik həyatın ayrılmaz hissəsi idi. Nağd puldan demək olar ki, istifadə olunmurdu. Texnologiyanın yüksək inkişaf səviyyəsi məni xüsusilə təəccübləndirdi. Ümumiyyətlə, Çində çox şey Azərbaycandan və eləcə də Avropa ölkələrindən fərqlidir. Dərmanların çoxu bitki tərkiblidir deyə dozaları aşağıdır. Dərmanlar da müxtəlif yosunlardan, bitkilərdən, heyvanlardan hazırlanır, misal üçün dəniz atından, dəniz ulduzundan… Azərbaycanda biz həkimə gedəndə bir dərman yazırlar, onu alıb atırsan. Amma Çində bir tablet əvəzinə 7-8 tablet verirlər, ikisi narıncı rəngdə, ikisi qırmızı, üçü mavi. Bunların hamısını da bir gündə hətta bir dəfəyə atmalısan. Bu mənə çox maraqlı gəlirdi.
-Bəs nağd pul harada istifadə olunurdu?
-Nağd pul əsasən valyuta dəyişmək üçün istifadə olunurdu. Məsələn, dollar almaq üçün bankda nağd pul dəyişirdik. Amma burada da limit var idi: gündə maksimum 3000 dollar dəyişmək icazəsi verilirdi. Bəzi küçə yeməklərinin satışında yerlərdə nağd pul istifadə olunurdu.
-Çində sosial şəbəkələr, məsələn, Facebook və Instagram qadağan edilib. Bəs sən burada ailənlə necə əlaqə saxlayırdın?
-Çinə ilk dəfə gedəndə bu məhdudiyyətlər barədə məlumatım yox idi. Şəhərimi, universitetimi və professorumu tanıyırdım, amma internet senzurası barədə xəbərsiz idim. Orada olarkən “WeChat” proqramını telefonuma yüklədim və ailəmə də bu proqramı öyrətdim. Bu tətbiq vasitəsi ilə nəinki yazışmaq eləcə də bütün ödənişləri etmək mümkün idi. Həmçinin, sosial şəbəkələrdən istifadə edə bilmək üçün VPN xidmətlərindən istifadə edirdim.
-Çində çox adam VPN istifadə edir?
-Xeyr, çox az adam VPN istifadə edirdi. Çünki Çində sosial şəbəkələrin və proqramların öz yerli analoqları var və əksər insanlar onlarla kifayətlənirlər.
– Çində təhsil arasında nə kimi fərqlər və oxşarlıqlar var idi?
-Orda tələbə ilə professor arasındakı münasibətlər Azərbaycandakından daha rəsmi idi. İstədiyin vaxt professorla əlaqə saxlamaq mümkün deyil. Gecə saat 24:00-dan sonra heç bir halda əlaqə qurmaq icazə verilmir. Texniki baxımdan isə təhsil daha çox praktiki yönümlü idi – dərslər yox idi, əsasən tapşırıqlar verilirdi.
-Texniki baxımdan fərqlər nələr idi?
-Orada dərslər ənənəvi formada keçirilmir, mövzular tapşırıq formasında verilir və tədqiqat işi aparılırdı. Çində təhsilimin əvvəlində Pekində Çin dili kursu keçdim. Bu məcburi idi, çünki Çin dili və yazısını bilmədən ölkədə yaşamaq çətin olardı. Lakin əsas magistratura dərslərim ingilis dilində keçirilirdi.
-Çin dilini hansı səviyyəyə qədər öyrəndin?
-Çin dilini məişət səviyyəsində öyrəndim. Bazarda alış-veriş edə bilirdim, taksi sürücülərinə ünvan izah edə bilirdim. Yəni gündəlik ünsiyyət üçün kifayət edən səviyyəyə çatmışdım.
-İngilis dili Çində aktiv istifadə olunurmu?
-Xeyr, Çində ingilis dili çox geniş istifadə olunmur. Bəzi müəllimlərim mən ingilis dilində danışanda tam başa düşmürdülər. Əksər professorlar yaşlı nəsildən idi, buna görə də onların ingilis dili zəif inkişaf etmişdi. Ancaq, bununla belə elmi məqalələri ingiliscə yazıb beynəlxalq jurnallarda çap etdirirdilər.
-İnsanlarda siyasi yetkinlik hansı səviyyədə idi?
-Çində insanlar hakimiyyətə qarşı dərin bir inam hissi daşıyırlar. Həftə sonları partiya iclaslarında tələbələr və professorlar iştirak edirdilər. Hamısı səliqə ilə geyinir, iclasa gəlir, dik oturur və danışılanlara diqqətlə qulaq asırdı. Məncə bu, qorxu yox, vərdiş və inanc məsələsidir. Ancaq insanlar gündəlik həyatda siyasət barədə çox danışmırlar. Yadıma gəlir, bir dəfə otaq yoldaşımdan Tayvan haqda soruşdum, o, qətiyyətlə Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu bildirdi.
-Dörd il yarımda Si Cinpinlə bağlı tənqidi bir söz eşitdinizmi?
-Əsla. Çində insanlar siyasi məsələlərdə daim diqqətli və ehtiyatlı davranırlar.
-Çin xüsusi xidmət orqanlarının təsiri gündəlik həyatda hiss edilirmi?
-Xeyr, insanlar arasında xüsusi xidmət orqanlarının təsiri hiss olunmurdu. Amma şəhərdə və universitetlərdə çoxlu kameralar yerləşdirilmişdi. Hər bir giriş-çıxışda müşahidə kameraları var idi. Kameralar əsasən koridorlarda, universitet binasının giriş-çıxış nöqtələrində, küçələrdə yerləşdirilmişdi. Hər şey müşahidə altındadır. Yəqin ki, buna görə insanlar ehtiyatlı idi.
-Ailədaxili münasibətlər necə idi? Sərt, yoxsa daha anlayışlı?
-Çin ailələrində uşaqlar valideynlərinə qarşı böyük hörmət göstərirlər. Böyüklərə qarşı daim nəzakətlə yanaşırlar. Bir-birlərinə təşəkkür etməyi və “siz” deyə müraciət etməyi adət ediblər. Mən öz professorumun evində olurdum. Ailə üzvləri ona daim “Siz” deyə müraciət edir və böyük ehtiram göstərirdi. Münasibətləri az qala hərbi intizama uyğun idi. Yeri gəlmişkən, onlarda hədiyyə ənənəsi də güclüdür. Bu rüşvət mənasında deyil, hörmət mənasındadır. Mən onlara hədiyyə olaraq paxlava aparmışdım, lakin çox şirin olduğu üçün bəyənmədilər. Amma professorun həyat yoldaşına qırmızı kəlağayı hədiyyə etmişdim və o da bunu böyük hörmətlə qəbul etmişdi. Bir neçə dəfə onu kəlağayı örtəndə görmüşdüm. Onlar qırmızı rəngi çox sevirlər. Qırmızı rəng Çində uğurun simvolu sayılır.
-Dinlə bağlı vəziyyət necədir?
-Çində çoxlu dini məbədlər var və insanlar bura gedərək şam yandırır, dua edirlər. Lakin rəsmi statistika göstərir ki, əhalinin 90%-i ateistdir. Dinə hörmətlə yanaşılır, amma bu barədə açıq danışılmır. Dini ədəbiyyat mağazalarda və onlayn şəkildə sərbəst satılır. Dİn barəsində təqibə rast gəlmədim. Düzdür, professorum məbədə getmədiyini deyirdi, ancaq mən onu bir dəfə məbəddə gördüm. (gülür)
-Az qala bütün dünyanı Çin bir çox məhsullarla təchiz edir. Bəs Çinin özündə vəziyyət necədir?
– Çində əsasən yerli istehsal malları olur. Xarici malları tapmaq çətin idi, məsələn, Rusiya məhsullarını orada tapa bilmirdim və onlayn sifariş verirdim.
-Rusiyadan ən çox nə istəyirdin?
-Əsasən, kolbasa, xama…
-Orada istədiyin yeməkləri tapıb yeyə bilirdinmi?
-Bəli, mən heç vaxt yemək problemi yaşamamışam. Universitetin yeməkxanasında rahat şəkildə yemək alıb yeyirdim. Lakin müsəlman ölkələrdən gələn tələbələr üçün çətinliklər olurdu, çünki bir çox yeməklərdə donuz yağı istifadə olunurdu. İstəyənlər uyğur restoranlarında halal yeməklər tapa bilirdilər.
-Çində yediyiniz ən qəribə yediyin yemək nə olub?
– Akula ətindən hazırlanmış yemək yemişəm. Bu, maraqlı və fərqli bir təcrübə idi.
-Bəs Çində başqa hansı maraqlı ətlər vardı?
-Orada fərqli və qeyri-adi ətlər satılırdı. Məsələn, dəniz məhsulları, eşşək əti, müxtəlif dəniz canlıları və hətta dəniz soxulcanlarından hazırlanan yeməklər vardı. Dəniz soxulcanlarından piroq bişirirdilər və mən dadına baxmışdım. Düşündüyüm kimi iyrənc deyildi, əksinə dadı normal idi və insanı təəccübləndirəcək qədər yüngül və ləzzətli idi.
-Bəs küçə yeməkləri necə idi?
-Çində küçə yeməkləri çox inkişaf edib. İnsanlar daha çox küçə yeməklərinə üstünlük verir. Küçələrdə müxtəlif çeşidli yeməklər çox rahatlıqla tapılırdı və qiymətləri restoranlara nisbətən daha münasib idi. Həm də küçə yeməklərinin keyfiyyəti və dadı heç də restoranlardan geri qalmırdı.
-Ən çox hansı yeməklər satılırdı?
-Ən çox sevdiyim küçə yeməklərindən biri bizim “blinçik”lərə bənzəyən krekerlər idi. Onların içərisində müxtəlif tərəvəzlər olurdu və rulon formasında hazırlanırdı. Bundan başqa, müxtəlif növ makaron yeməkləri də çox məşhur idi və çox dadlı olurdu. Xüsusilə axşam saat 18:00-dan sonra, iş çıxışı zamanı metrostansiyaların qarşısında və küçələrdə yemək satan satıcılar çoxalırdı.
-Orada nə qədər təqaüd alırdın?
-Mən təhsil müddətində ayda 350 dollara yaxın təqaüd alırdım. Bu təqaüdü Çin hökuməti verirdi. Təqaüddən yataqxana, su, internet və digər xidmət haqqı çıxılırdı, və qalan məbləğ – təxminən 350 dollar – mənim şəxsi ehtiyaclarıma çatırdı. Bundan əlavə ingilis dili kurslarında dərs də deyirdim. Ordan da 3-4 min dollar pul qazanırdım. Ancaq Çində tələbələrin işləməyi qadağan idi. Məndə iş vizası yox idi. Bununla belə işləyə bilirdim. Yoxlama gələndə məni gizlədirdilər. İşə də gedəndə kameraya düşməmək üçün parik taxırdım. Neçə müddət bu formada işlədim, heç bir problem olmadı. Çində ümumiyyətlə maaşlar yüksəkdir. Maaşından şikayət edən bir adam görmədim.
-350 dollara orada yaşamaq mümkün idi?
-Əlbəttə ki… Bu məbləğ yemək, qalacaq yer və digər gündəlik xərclər üçün yetərli olurdu. Məsələn, aylıq yemək xərclərim üçün 23 manat karta qoyurdum. Bu məbləğə universitet yeməkxanasında bir ay yemək yeyə bilirdim. Yeməklər isə çox keyfiyyətli və dadlı idi. Qalan məbləği isə gündəlik ehtiyaclarıma və kiçik şəxsi xərclərimə ayırırdım.
-Universiteti mühitindən kənarda yerli insanlarla insanlarla təmasda olurdunuzmu?
-Bəli, yerli insanlarla təmasda olurduq. Ancaq onlar xariciləri görəndə bir az şoka düşürdülər, çünki bizim görünüşümüz onlardan fərqli idi və bu onlara çox maraqlı gəlirdi. Məsələn, avtobusda olarkən bəzən gizlincə şəklimizi və ya videomuzu çəkirdilər. Yaxınlaşıb, nəsə deyirdilər. Bunları pis mənada demirəm, biz onlar üçün maraqlı idik. Bu, xüsusilə ucqar yerlərdə daha çox hiss olunurdu, çünki böyük şəhərlərdə xaricilərə bir qədər daha öyrəşmişdilər.
-İnsanlarla ünsiyyət quranda sənə çətin olurdu?
-Bəli, insanlarla ünsiyyət qurmaq bir qədər çətin olurdu. Çünki çinlilər öz aralarında da müxtəlif ləhcələrlə danışırlar və bəzən onlar belə bir-birlərini belə tam başa düşə bilmirlər. Mən də ünsiyyətdə çətinlik yaşamamaq üçün əsasən tərcümə proqramlarından istifadə edirdim. Xüsusən gündəlik həyatdakı sadə ünsiyyətlərdə məsələn, mağazada, restoranda və ya avtobusda mobil tərcümə proqramı mənə çox kömək edirdi. Ümumilikdə, insanlar çox yardımsevər idilər və səbirlə mənim nə demək istədiyimi başa düşməyə çalışırdılar.