Türkiyədəki zəlzələyə görə məktəb və universitetlərdə iki günlük tətil elan edilib. Marmara dənizində baş verən 6,2 və 5,9 bal gücündəki zəlzələlərdən sonra təkanlar davam edir.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Milli Təhsil Naziri Yusuf Tekin, İstanbulda cümə axşamı və cümə günləri məktəb və universitetlərin bağlandığını açıqlayıb.
“Az əvvəl Daxili İşlər Nazirimizlə vəziyyətlə bağlı qiymətləndirmə apardıq. Nazir və AFAD, ehtimal olunan fövqəladə vəziyyətlərdə məktəblərin toplanma məntəqəsi kimi istifadə oluna biləcəyini nəzərə alaraq, gecə narahat olan vətəndaşlarımızın da məktəblərdən istifadə edə bilməsi məqsədilə bizdən iki günlük tətil qərarı üçün dəstək istədilər.
İndi Daxili İşlər Nazirliyinin rəsmi müraciəti əsasında yalnız İstanbul şəhəri daxilində olmaqla, məktəblərdə iki gün tətil elan edirik.”
İstanbul Valiliyi də məsələ ilə bağlı açıqlama verərək bildirib ki:
Əlilliyi olan şəxslər,
Hamilə qadınlar,
Əlil qazilər,
və 10 yaşdan kiçik uşağı olan analar bu müddətdə işə getmədən, icazəli sayılacaq.
Səhiyyə və təhlükəsizlik xidmətlərində çalışan əməkdaşlar isə bu qərarın xaricindədir.