Lent.az “Bioqrafiya” rubrikasında 28 ildir Bakıda yaşayan gürcüstanlı müğənni Əmkdar artist Manana Çaparidzedən bəhs edir…
– Manana nə zaman və harada anadan olub?
Manana Caparidze 1978-ci il dekabrın 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olub.
– Manananın musiqi təhsili var?
İlk dəfə səhnəyə 5 yaşında çıxıb. Gürcüstanda populyar olan “Toliya” və “Çiora ” uşaq kollektivlərinin solisti kimi çıxış edib. Orta məktəblə paralel vokal sinfi üzrə Tbilisi İncəsənət Gimnaziyasını bitirib.
1995-2000-ci illərdə Almaniya Müasir İncəsənət, Caz və Şou-biznes Akademiyasının Tbilisi filialının vokal şöbəsində təhsil alıb. 1996-cı ildə Gürcüstanın Borjomi şəhərində keçirilən “Büllur şam ağacı” gənc ifaçılar müsabiqəsinin qalibi, 1997-ci ildə Moskvada “Büllur not” beynəlxalq gənc ifaçılar müsabiqəsinin laureatı olub. Manana azərbaycanca, rusca, gürcücə, ingiliscə mahnılar ifa edir.
– Manana Bakıya nə zaman gəlib?
1998-ci ilin axırında Manana Bakıya gəlib. Burda onun müğənnilik fəaliyyəti başlayıb. 2000-ci ilin əvvəlində Manananın “Sənə verdim ürəyimi” adlı ilk albomu işığ üzü görür. – Manana hansı müsabiqələrdə iştirak edib?
1999-cu ildə Alma-Atada “Asiyanın Səsi” festivalında “Qran-pri”yə layiq görülüb. Həmin il Ukraynada “Slavyanskiy bazar” festivalının qalibi olub. Praqada keçirilən “UNIVERSTALENT – 2000” festivalının laureatı, 2000-ci ildə Şanxayda keçirilən “GOLDEN VOICE OF ASIA” müsabiqəsinin “Qran-pri” sahibi seçilib. 2001-ci il Moskvada “Şire kruq” televiziya musiqi müsabiqəsinin qalibi olub. 2015-ci ildən The Voice müsabiqəsinin Azərbaycan versiyası olan Səs Azərbaycan yarışmasının münsifidir.
– Manana Bakıda konsert verib?
Manana Azərbaycanda iki dəfə solo-konsert verib. Birinci konsert 2000-ci ilin mart ayında, Heydər Əliyev adına sarayda keçirilib, ikinci konsert isə 2002-ci ildə, “Şəhriyar” adına konsert salonunda olub. Manana bir neçə Avropa ölkələrində də konsert proqrammı ilə çıxış edib.
– Manana ailəlidir?
Müğənni 2008-ci ilin əvvəlində ailə həyatı qurub. Əri Georgi Qabalev biznesmendir. Gürcüstanda otel biznesi var. Amma əsasən Bakıda yaşayır. İki övladı var- Elizabet və David. Uşaqları ötən ildən Gürcüstanda yaşayır.
Bu barədə o belə danışıb: “Övladlarım Gürcüstanda məktəbə gedirlər. Qızım Elizabet böyük, oğlum David isə kiçikdir. Mən Bakıda yaşasam da çox tez-tez görüşürük. Övladlarım Bakıya gəlirlər, yaxud mən Gürcüstana gedirəm.
Oğlum da, qızım da musiqi ilə məşğul olur. Amma bu yalnız onların dünyagörüşü üçündür. Əgər istedadları varsa, musiqini dərindən bilməlidirlər. Oğlum 9 yaşındadır. İdmanla da məşğul olur. O, məktəbdə yüksək qiymətlərlə oxuyur, əlaçıdır. Qızım da əlaçıdır, ingilis dillidir. On beş yaşlı qızımın uğurları çoxdur. Özü diplomat olmaq istəyir. Eyni zamanda mahnı oxuyur, rəqs edir. Həkimlik sahəsindən başqa özünü bütün sahələrdə görür – iqtisadçı, menecer, hüquqşünas, diplomat, səfir və sair. Biz valideyn kimi seçim etməkdə tələsmirik, əsas odur, əlaçıdır, çalışqandır. Həmişə mənə deyir Kİ, Ana, elə yaşayacam ki, sən də, atam da mənimlə fəxr edəcəksiniz. Oğlum da belədir. Biz valideyn kimi onları dəstəkləyirik və dua edirik ki, yolları açıq olsun”.
– Azərbaycana sevgi, maraq Mananada haradan yaranıb?
Bu barədə özü belə danışıb: “Mən artıq 28 ildir ki, Azərbaycandayam. 28 il bundan əvvəl Azərbaycan haqqında çox şey bilmirdim. Müğənnilərdən təkcə Zeynəb Xanlarovanı tanıyırdım. Evdə həmişə atam, babam onun mahnılarına qulaq asırdı. Mən də uşaq idim, Zeynəb xanımın mahnılarını zümzümə edirdim. Böyük arzum idi ki, müğənni olum.
İlk dəfə “Kinoklub” verilişindən tanındım. Verilişin rəhbəri Etibar Babayev səsimin gözəl olduğunu bildirib məni verilişə dəvət etdi. O zaman 16-17 yaşım var idi. Həmin verilişdə iştirak edərkən mən qətiyyən sizin dildə danışa bilmirdim, heç nə başa düşmürdüm. Verilişin qonaqları alqış edəndə mən də alqışlayırdım, güləndə gülürdüm. Özümə müəllim tutmuşdum. Amma müəllimdən də əlavə çalışırdım ki, insanlarla çox ünsiyyətdə olum. Hətta xahiş edirdim ki, mənimlə rus yox, Azərbaycan dilində danışsınlar. Səhər-axşam qəzetlər, kitablar oxuyurdum. İndi daha qonaq yox, azərbaycanlıyam. Evimiz buradadır. Gürcüstana getsəm də yenə bura qayıdıram. Gürcüstana gedəndə də Azərbaycanı təmsil edirəm. Oradakı verilişlərdə qonaq olarkən hamını Azərbaycan dilində salamlayıb, bu dildə mahnı oxuyuram.”
Noyabrın 18-də Manananın anası Makvala xanım vəfat etdi. Əməkdar artist bu ağır itkidən sarsıldı. Anası barədə son paylaşımında “Mənim sevimli, əziz, misilsiz anam, qoruyucu mələyim, öz mehriban ürəyini və dualarını mənə buraxdı. Onun nurlu ruhu isə atam və qardaşımladır. Ana, sevginə, qayğına ,mənə verdiyin həyata, mənə etdiyin hər şeyə görə, sənə təşəkkür edirəm. Sən əbədi mənimlə və ürəyimdə, canımda, dualarımda qalacaqsan. Bu cür misilsiz anaya, qoruyucu mələyə görə, uca Allaha təşəkkür edirəm” yazaraq onu əbədiyyətə yola saldı.
Poliqon.info