Cəlilabad rayonunda 1984-cü il təvəllüdlü Məmməd həyat yoldaşı Afaqı (adlar şərti verilib – red.) qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunub.
Hadisə bu il yanvarın 5-də baş verib.
Məmməd həmin gün saat 15 radələrində Cəlilabad rayonunun kəndindəki evində arvadı Afaqın qonşusu Arazla telefon əlaqəsi saxladığına görə ona xəyanət etdiyinə əmin olub.
O, arvadından ata evinə geri qayıtmasını tələb edib. Evi tərk etmək istəməyən arvadını atası evinə aparmaq üçün onun sifət nahiyəsinə bir neçə zərbə vurub. Afaqın müqavimətini qırıb, hər iki qolunu ip və yapışqan lentlə bağlayıb. Sonra yaşadıqları evin ikinci mərtəbəsinin pilləkənlərindən birinci mərtəbəyə itələyərək yıxıb.
Daha sonra Afaqı əlləri bağlı vəziyyətdə zorla özünə məxsus “VAZ-2107” markalı avtomobilin arxa oturacağına oturdub və Biləsuvar rayonunun kəndində yerləşən ata evinin qarşısına aparıb. Onu həmin vəziyyətdə ata evində düşürdükdən sonra geri qayıdıb.
İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 145.2.5-ci (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə ittiham elan edilib.
“Həyəcanlı olduğunu hiss etdim”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Cəlilabad rayonunun kəndində yaşayır və fəhləlik edərək ailəsini dolandırır: “Afaqla 2010-cu ildə, yəni 13 il əvvəl ailə qurmuşam və birgə nikahlarımızdan iki övladımız var. 23 dekabr 2022-ci ildə arvadımın mənə xəyanət etməsindən şübhələndim. Həmin gün evə gələndə Afaqa zəng vuraraq evə almağa nə lazım olmasını soruşanda onun mobil telefonu uzun müddət məşğul göstərdi. Bir az keçəndən sonra Afaq özü məni yığdıqda səsindən həyəcanlı olduğunu hiss etdim.
Evə gələndən sonra azyaşlı qızım Ceyrana anasının telefonunu gətirtdim. Baxandan sonra gördüm ki, Afaq mənim nömrəmdən başqa ona gələn digər zəngləri silib. Afaqdan ona kimin zəng vurduğunu soruşdum. Lakin Afaq telefonla danışdığını boynuna almadı. Təkidlə soruşanda, ola bilsin, telefonda nasazlıq olduğunu dedi”.
“Sözünə əməl etmədi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, ertəsi gün yenə Afaqdan kiminlə danşdığını soruşub: “Afaq kiminsə onu səhv yığdığını dedi. Ona irad tutdum, əvvəllər səhv zəng gələndə mənə bu barədə dediyini bildirdim.
Afaq həmin gün söhbətdən birtəhər yayındı. Lakin bu işin axırına çıxmadığıma görə ürəyimdə şübhə qaldı. Bu hadisənin üstündən təxminən 2-3 gün keçdi. Yenə də bu barədə söhbət açdım və nəhayət, Afaq etiraf etdi ki, qonşumuz Arazın ona biganə olmadığını, ondan xoşu gəldiyini deyib.
Söhbət zamanı Afaq Arazla təxminən 7-8 aydır yaxın münasibətləri olduğunu, hətta mən evdə olmayanda Arazın bizə gəldiyini, uşaqlar məktəbdə və ya yuxarı evdə olanda onunla görüşdüyünü də etiraf etdi. Bu etirafı eşidəndən sonra Afaqa mənə xəyanət etdiyini, nə qədər ki, onunla işim yoxdur, ata evinə getməsini dedim. Afaq səhvini boyun aldı və yalvararaq səhvini düzəltməsi, Arazdan yaxasını qurtarması üçün məndən möhlət istədi.
Mən isə Afaqa səhvi özünün etdiyini, buna görə necə düzəldəcəksə, özünün düzəltməli olduğunu söylədim. Afaq mənə söz versə də, sözünə əməl etmədi”.
“Vurdum ki, hay-küy salmasın”
Məmməd qeyd edib ki, 5 yanvar 2023-cü ildə saat 15 radələrində evə gəlib: “Uşaqlar yaxınlıqda yaşayan atam Vasifin evindəydilər. Afaq mənə yaxınlaşaraq Arazın evini yandırmaq istədiyini, lakin bunu edə bilmədiyini dedi. Mən də ona xəyanət səhvini düzəldə bilmədiyini, yığışıb atası evinə getməli olduğunu dedim. Lakin Afaq heç yerə getməyəcəyini dedi. Bu sözə əsəbiləşdim və ona “otur maşına, səni atan evinə Biləsuvara aparıram” dedim.
Biz həmin vaxt evin ikinci mərtəbəsində pilləkənin yanındaydıq. Afaq qışqırmağa başladı və heç yerə getməyəcəyini dedi. Əsəbiləşib onun ağız-burun nahiyəsinə şillə, sol gözünün altına yumruq vurdum ki, hay-küy salmasın. Afaq pilləkəndən birinci mərtəbəyə yıxıldı”.
Məmməd deyib ki, daha sonra Afaqı yerdən qaldırıb və əllərini bağlayıb: “Onu özümə məxsus avtomaşının arxa oturacağına oturtdum və atası evinə apardım. Afaqı atası evinin qabağında, darvaza yanında düşürdüm və qardaşı Faqin arvadı Aybənizə təhvil verdim.
Aybənizə baldızı Afaqın mənə xəyanət etdiyini dedim. Afaqı orada qoyub öz kəndimizə qayıtdım”.
“Məndən xoşu gəldiyini dedi”
İş üzrə zərərçəkmiş Afaqın sözlərinə görə, əri Məmməd çox qısqanc olduğu üçün bununla bağlı aralarında əvvəllər də tez-tez ailə münaqişəsi olub: “Təxminən 2022-ci ilin oktyabrında yaşadığımız evin həyətində iş gördüyüm vaxt bizimlə qonşuluqda yaşayan Arazın mənə tərəf baxdığını, mənə qarşı biganə olmadığını hiss etdim.
Bir müddət sonra onun hissləri təsdiqini tapdı. Araz bizim həyətdən öz həyətinə gedəndə yaxınlaşaraq məndən xoşu gəldiyini dedi. Mən isə ailəli olduğumu, ünvanı düz tapmadığını dedim. Bu söhbəti qanqaraçılıq olmaması üçün ərimdən gizli saxladım”.
“Şübhələnərək bizə gəlmədi”
Afaq qeyd edib ki, buna baxmayaraq Araz öz hisslərini ondan gizlətməyib: “Qorxdum ki, ərim Məmməd bundan haçansa xəbər tutacaq. Ona görə bu söhbəti həmin ərəfədə Məmmədə bildirdim. Məmməd bu xəbəri eşidən kimi Arazı döyməsi üçün onunla xoş danışıb, aldaraq evə gətirməyimi təklif etdi. Mən də Məmmədin yanında Arazla telefonda xoş danışdım ki, yaşadığımız evə gəlsin.
Lakin Araz nədənsə şübhələnərək bizə gəlmədi. Buna görə Məmmədlə münaqişəm başladı. Məndən günahımı yumadığım halda yaşadığım evi tərk etməyimi tələb etdi. 5 yanvar 2023-cü ildə təxminən saat 15 radələrində mübahisə zamanı Məmməd məndən atamın evinə getməyimi tələb etdi. Mən isə evdən getməyəcəyimi dedim.
Məmməd yumruqla burun nahiyəmdən, sol gözümdən zərbə vurdu. Dedi ki, gedək, səni atan evinə aparıram. Biz evin ikinci mərtəbəsində, pilləkənin yanındaydıq. Mən müqavimət göstərərək heç yerə getməyəcəyimi bildirdim”.
“Məni atamın evinə apardı”
Zərərçəkmiş qeyd edib ki, daha sonra Məmməd onun əl-qolunu iplə bağlayıb, üzərinə yapışqan lent vurub: “Çünki mən evi tərk etmək istəmədim və Məmmədə müqavimət göstərmişəm. Qollarımdan tutaraq məni birinci mərtəbəyə düşürmək istəsə də, ona müqavimət göstərməyə davam etdim. Məmməd məni ikinci mərtəbənin pilləkənindən yerə tulladı. Yuvarlanaraq birinci mərtəbəyə düşdüm.
Məmməd məni birinci mərtəbədən evin aşağısına saldı, avtomaşının arxa oturacağına əyləşdirdi. Məmmədin məni vurması və itələyərək pilləkənlərdən yıxması nəticəsində xəsarət almışam.
Daha sonra Məmməd məni maşınla atamın evinə apardı, darvazanın yanında zorla avtomobildən düşürərək getdi. Həmin vaxt burnumdan axan qanı yumaq üçün həyətimizə keçdim. Orada gəlinimiz Aybəniz qolumda olan ipi və yapışqan lenti bıçaqla kəsdi, üzümün qanını yudu”.
Zərərçəkmiş deyib ki, əri ilə barışıb, iki azyaşlı övladları var, ailəsinin dağılmasını istəmir. Ona görə də ərinə qarşı heç bir şikayəti yoxdur.
Bu cinayət işinə Cəlilabad rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Məmmədin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin xaric edilməsini, təqsirləndirilən şəxsin həbs edilməsini istəyib.
Prokurorun protesti Şirvan Apellyasiya Məhkəməsində araşdırılıb. Protestin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.
Qərara görə, protesti təmin edilib və Şirvan Apellyasiya Məhkəməsinin hökmü dəyişdirlib. Hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsi xaric edilib.
Məmmədin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib. O, məhkəmə zalından həbs edilib. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. / teleqraf.com