Friday, November 29, 2024

Latest Posts

“Onun kimi ədəbsiz oxuyan tanımıram” – Erməniləri qəzəbləndirən, Mərkəzi Komitədən töhmət alan Əbülfət Əliyev

Kulis.az Xalq artisti Əbülfət Əliyev haqqında maraqlı faktları təqdim edir.

Əbülfət Əliyev 1926-cı il dekabr ayının 30-da Şuşa şəhərində anadan olub. 7 yaşında atası Əsəd kişini itirib. Anası Mülayim xanım övladları ilə Füzuliyə köçüb. Təxminən 4 il burda qaldıqdan sonra Ağdamda yerləşməli olublar.

Bacısı Məhbubə xanım bu barədə deyir:

“Bu dünyada bizim də başımız çox müsibətlər çəkib. XX əsrin 30-cu illərində atamı incidiblər. Evimizi satışa qoyub, nəyimiz var, yığışdırıb aparıblar. Anam danışırdı ki, çox qiymətli bədənnüma saatı, şifoneri, hətta yorğan-döşəyi belə götürdülər. Anam təkcə tikiş maşınını verməyib ki, bəs mən uşaqlarımı necə saxlayacağam? Atam Allah adamı olub. O qədər ilahiyyata bağlı adam imiş ki, hətta ömründə şəkil belə çəkdirməyib. Atam öləndə mən anamın qucağında körpəcə uşaq olmuşam. Yaşca bizdən böyük olan Əbülfət tut dərib mənə yedizdirirmiş ki, ölməyim. Nə isə, anam tikiş maşınını götürüb uşaqları ilə birgə Füzuliyə gedib. Orada bir neçə il qaldıqdan sonra Ağdama köçdük”.

***

Atasızlıq onu erkən yaşlarından həyatın ağrı-acısını çiyinlərində daşımağa vadar edib. TəsəllisiniPionerlər Evindəki muğam dərnəyində oxuduğu mahnılarda, muğamlarda tapıb. Kasıblıqdan, kəndlərdə anası ilə başaq yığmaqdan təngə gəlmişdi. “İmkanım olsa, qoymaram anam əlini ağdan-qaraya vursun” deyərmiş.Ancaq başaq yığmaqda anasına yardımçı olmaqdan başqa çarəsi də yox imiş.

1938-39-cu illərdə Ağdam Müəllimlər evində Xan Şuşinskinin rəhbərliyi altında muğam sinfi açılıb. Xan Şuşinski uşaqlara qulaq asıb məsləhətlərini verirdi. Xan Əbülfətə qulaq asıb deyib:

“Bala, sən məşqlərə gələrsən, səndən xanəndə olar”.

***

Yeniyetmə vaxtlarında tez- tez ictimai tədbirlərə qatılan Əbülfəti daha sonra toy məclislərinə də dəvət ediblər. Bir gün Pionerlər Evindətanış olduğu həmyaşıdı tarzənElman Bədəlovaüçlük yaradıb toylaragetməyiməsləhət görüb. Dostunun “bu yaşda kim bizi toylara aparar?” inamsızlığına 16 yaşında Çəmənli kəndində xanəndəlik etdiyi toyun uzun müddət yatmayan səs-sədası ilə son qoyub.

Getdikcə məşhurlaşan gənc xanəndənin səsi-sorağı Bakıya qədər gəlib çatıb. İlk dəfə 19 yaşında radio efirinə çıxaraq “Şuşanın dağları” mahnısını ifa edib və bununla da bütün taleyini birdəfəlik Bakıya bağlayıb. Gənc yaşlarından böyük səhnələrə atılan Əbülfət Əliyev dövrünün tanınmış müğənniləri ilə birlikdə konsert proqramlarında çıxış edib.

***

Əbülfət Əliyev hələ həddi-büluğa çatanda Ağdamdakı PionerlərEvinin rəqs dərnəyində çalışan sarışın bir qıza vurulub. İçindəki sevgisini, arzu-istəklərini mahnıların diliylə yuxusunu ərşə çəkənhəmin sarışın qıza bəyan etmək istəyib.

Bir dəfə gənc muğam ifaçılarının Bakıda keçirilən olimpiadasında iştrak edib və birinci yeri tutub. Azərbaycan Radiosunda canlı olaraq “Rast” dəstgahını və “Yar bizə qonaq gələcək, bilmirəm haçan gələcək” mahnısını oxuyub,gözlərinin önündə isə sarışın sevgilisinin surəti çəkilməyib.

1945-ci ildə onu Azərbaycan Dövlət Filarmoniyasınaişə dəvət ediblər. Bir il sonrasa həsrətində olduğu yarı axır ki, onlara qonaq gəlib, sevib-seçdiyi Elza xanımla ailə həyatı qurub. 1947-ci ildə oğlu Rauf, daha sonrasa qızı Rəisə dünyaya gəlib.

***

1957-ci ildə ilk dəfə olaraq Opera və Balet Teatrının səhnəsinə çıxıb – Məcnun kimi. 10 il ərzində bu sənət məbədində çalışıb.Operada çalışdığı illər həm də Filarmoniyanın solisti olub. 1967-ci ildən Filarmoniya çalışmağa davam edib.

Onun repertuarında 400-dən artıq xalq və bəstəkar mahnısı yer alır. “Dinə bilmədim”, “Bu qala daşlı qala”, “Endim bulaq başına”, “Qara gözlüm”, “Bülbüllər gəzər bağı” və s. Hər bir ifaçının musiqidə vizit kartı olduğu kimi, Əbülfət Əliyevin də vizit kartı “Ögey ana” filmində ifa etdiyi “Eşqimin növrağı” (“O körpəmin anasıdır”) mahnısı olur. Bu ifa hər kəsin yaddaşında silinməz iz buraxır. Xanəndənin səsi artıq ölkə hüdudlarından kənarda da gəlməyə başlayır. Müğənni İran, Hindistan, Almaniya, Misir və bir çox ölkələrdə konsert proqramları ilə çıxışlar edirdi.

***

Oğlu Rauf Əliyev atası haqda keçmiş jurnalist Mənsurə Səttarovaya müsahibəsində atasının İrəvanda verdiyi məşhur konsert haqda bunları danışıb:

– Atam dünyaya göz açdığı Şuşanı çox sevirdi. İşimlə əlaqədar uzun illər xarici ölkədə çalışmışam. 90-cı ilin yayında Bakıya gəlmişdim. Qarabağın gərgin günləri idi, Şuşanın yolları bağlanmışdı. Atam Şuşanı görmək istəyilə alışıb-yanırdı. Şuşanın adını çəkəndə simasını kədər bürüyür, səsində bir qəhər hiss edilirdi…

Çox vətənpərvər insan idi. Sovet dövründə İrəvana qastrol səfərinə gediblərmiş. Erməni tamaşaçıları onun ilk çıxışlarını sürəkli alqışlarlaqarşılayırlar. Təkrar səhnəyə çıxanda tarzən Sərvər İbrahimova “gör indi türk mahnısı oxumaqla bunların kefinə necə soğan doğrayacağam” deyir. Səhnəyə çıxır, oxuyacağı mahnını elan etmədən tarzənə çalğıya başlamasını işarə edir. Zala bir sakitlik çökür. Bayaqdan bəri xanəndənin ifasını alqışla qarşılayan erməni tamaşaçıların üzərinə sanki qaynar su tökülür. Çıxışından dərhal sonratənqid və məzəmmətlər başlayır:

– Əbülfət müəllim, niyə türkcə oxudunuz?
– Bəs nə dilində oxuyum?
– Azərbaycanca oxuya bilmirsiniz?
– Mən də bu dildə oxudum də, bəs Azərbaycan dili türk dili deyil, biz indi nə dilində danışırıq?

Bu mahnıya görə atamı çox incitdilər. Ermənilər rahat oturmadılar, Mərkəzi Komitəyə qədər şikayət etdilər, sonda töhmət aldı…”.


Rauf Əliyevin dediyinə görə Əbülfət Əliyevin bir əli həmişə övladlarının üzərində olub:

“Xaricdə olduğum vaxtlar məndən bərk nigaran olurdu. Hər məktubunda “ehtiyatlı ol, özündən muğayat ol” sözlərini dönə-dönə vurğulayırdı. Məktublarında ilk baxışdan xırda, əhəmiyyətsiz görünən məsələlər barədə belə məlumat verirdi. Atam ömrünün sonuna qədər qayğısını övladlarından və yaxınlarından əskik etməyib. İndi bu qayğının yerini onun boşluğu əvəz edib…

Səhhətindən şikayət etməmişdi. Səsi korlanar deyə, soyuq su içməz, siqaret çəkməzdi. Spirtli içkilərdən də uzaq idi. 1990-cı ilin yayında səhhətindən şikayətçi olduğundan həkimə apardıq, mədə xərçəngi diaqnozu qoyuldu…”

Noyabrda vəziyyəti ağırlaşan sənətçini Moskvaya aparırlar. Ancaq həkimlərin səyi, iynə-dərman bir nəticə vermir. Ömrünün son 90 günü olmazın əzab-əziyyət çəkir. Çox zaman ağrıdan səhərəcən yata bilmirdi. Belə gecələrdə “ay vicdansız, sənə görə içki içməmişəm, sən niyə belə üzüqara çıxdın?” deyə ona vəfasızlıq edən qaraciyəriylə”dərdləşirdi”.

Əbülfət Əliyev 27 dekabr 1990-cı il tarixində 64 yaşında mədə xərçəngindən dünyasını dəyişib.

Əmircan

***

Əbülfət Əliyev çox qışqırıqçı xanəndə haqqında deyirdi:

“Onun kimi ədəbsiz oxuyan tanımıram. Onun səsi ilə yaxşı söyüş söymək olar”.

***

1989-cu ildə filarmoniyada Xalq artisti Habil Əliyevin yubiley gecəsi keçirilirdi. Söz Əbülfət Əliyevə verildi:

“Rəhmətlik Qurban dayı deyirdi ki, bacıoğlu, hansı günün xoş keçdi, o günü yaşayırsan, indi biz də bu gün yaşayırıq. Çox danışmaq istəmirəm, məclis xarab olar, heyifdi. Bircə söz demək istəyirəm, Habil çalanda yaxşı oxumayan müğənninin boyunu yerə soxum”.

***

Bir dəfə toy məclisində dava düşür. Toybəyi yaxınlaşır, qavalına dirsəklənib dalaşanlara tamaşa edən Əbülfət Əliyevə deyir:

– Əbülfət müəllim, bir şey çalıb oxuyun, bu dava yatsın.

Əbülfət qəlyanına qullab vurub cavab verir:

– Bilsəydim mənim oxumağımla dava yatar, gedib Vyetnamda oxuyardım, müharibə qurtarardı.

Könlü

***

Əbülfətin ortancıl qardaşı Zahid ona deyir ki, o gün Şəkiyə getmişdim. Əbülfət Şəkidə yaşayan bacısını soruşur:

– Mahirəyə baş çəkdinmi?

– Hə.

– Nə aparmışdın?

– Bir meşoq kələm.

– Neynir ə Mahirə bir meşoq kələmi? Dövşan olub?

***

Əbülfət Əliyevlə Əliağa Vahid dost idi. Xanəndə deyirdi ki, Vahid altı qəzəlini onun istəyi ilə qələmə alıb. Şair iki qəzəlində xanəndənin adını da çəkir:

“Vahid, istərsən əgər musiqidən zövq alasan,

Məclisində həm Əbülfət, həm Bəhram olsun”.

***

Məmməd Namaz “Olmur” şeirində musiqimizin Əbülfət Əliyev boşluğunu dəqiq ifadə eləyir:

Sevgi də əbədi deyilmiş demə,

O, hansı çiçəkdir vaxtında solmur?

Səsini dinlədim, kövrək səsini,

Yaxşı ki, nəğməni dəfn etmək olmur…

Latest Posts

Don't Miss