Oktyabrın 17-də Lənkəranda baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qeyd edilən tarixdə 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və onun yerləşdirildiyi tibb müəssisəsində vəfat etməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən edilərək saxlanılıb.
Məlumata görə, qətl hadisəsi namus üstündə baş verib. Mərhumun qohumları isə bunun şər-böhtan olduğunu və son qərarın araşdırmaların nəticəsindən sonra məlum olacağını deyirlər.
Mərhumun qohumu Mahir Qafarzadə yayılan şayiələrlə bağlı deyib ki, iddia edilənlər yalandır:
“Bilən də danışır, bilməyən də. Uşağa şər atırlar”.
Mərhumun dayısı Zamin Sadıqovun sözlərinə görə, hadisənin qız üstündə olması böhtandır:
“Onu vəhşicəsinə qətlə yetiriblər. 7-8 bıçaq zərbəsi vurulub. Uşağın heç bir problemi yox idi. Satıcı işləyirdi. İndiyə kimi kiməsə söz atmayıb”.