Xaçmaz rayonunda təhlükəli böcəklər yayılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Nabran və ətraf yaşayış məntəqələrində “mərmər bağacığı” adlanan böcəklər kütləvi yayılmağa başlayıb. Yerli sakinlər bildirir ki, zərərvericilər fərdi təsəərrüfatlarda, bağlarda olan bir sıra bitkiləri məhv edir, evlərə yayılır.
Nabran sakinləri müxtəlif vasitələrlə mübarizə aparmağa çalışsalar da, bu, müsbət nəticə vermir.
Xaçmaz Bitki Mühafizəsi Mərkəzindən bildirilib ki, “mərmər bağacığı” adlanan böcəklər aktiv qışlama dövrü olduğu üçün yaşayış sahələrinə, münbit şərait olan tikililərə yayılır. Hazırda bu zərərvericilərə qarşı mexaniki üsullarla mübarizə aparılır.
Xaçmaz Bitki Mühafizəsi Mərkəzinin rəisi Əkbər Ceyhunov qeyd edib ki, yaşayış məntəqələrində kimyəvi mübarizə aparmaq mümkün olmadığı üçün zərərvericilərə qarşı toplayıb məhv etmə üsulundan istifadə edilir. Bu məqsədlə tələlər qurulub.
Qeyd edək ki, xüsusi təhlükəli zərərvericilərdən olan “mərmər bağacığı” MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Rusiyanın Soçi şəhərində müşahidə olunub. Daha sonra Rusiyanın cənub ərazilərinə, Gürcüstana və Azərbaycana yayılıb.