Hadisə

Tələbə arvadını və körpəsini öldürən Fərid: “Namusumu təmizlədim”

Həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən F.Hüseynliyə ömrülk azadlıqdan məhrumetmə cəzası verilib.

F. Hüseynli son söz deyərkən bir sıra məqamlara toxunub.

O, hadisəni namus üstündə törətdiyini bildirib: “Mən namusumu təmizlədim. Ancaq 8 aylıq körpəmi qətlə yetirmək epizodunda özümü təqsirli bilmirəm”.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü həyat yoldaşı İbadova Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub. (milli.az)

Back to top button