Şou-biznes

Elza Seyidcahan kimdir? – Şeirləri ilə ələ salınan Əməkdar artist

Lent.az  “Bioqrfiya” rubrikasında ekstravaqant bəstəkar, müğənni və şair, Əməkdar artist Elza Seyidcahandan bəhs edir.

– Elza Seyidcahan nə zaman və harada anadan olub?

Elza Seyidcahan 7 iyul 1968-ci ildə Siyəzən rayonunda anadan olub.

– Elza Seyidcahan harada təhsil alıb?

1982-ci ildə Sumqayıt şəhər 17 saylı orta məktəbini bitirdikdən sonra 1982-1987-ci illərdə S.Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, 1994-2000-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor, Xalq artisti Arif Məlikovun sinfində təhsil alıb. 2009-cu ildən Azərbaycan Respublikasının Əməkdar artistidir. Bəstəkarlar İttifaqının və yazıçılar Birliyinin üzvüdür.

– Elza Seyidcahan ailəlidir?

Həyat yoldaşı Elşəndən illər öncə boşanıb. Amma dostluq münasibətləri davam edir. 2 övladı, bir nəvəsi var. Nəvəsinin ad günündə eks həyat yoldaşı ilə bir araya gələn əməkdar artist dost qaldıqlarını deyib: “Elşən uşaqlarımın atasıdır. Onun başqa yoldaşı var”.

– Bəs Elza Seyidcahanın ailəsi nə üçün dağılıb?

“Sevib ailə qurmamışam. O vaxt elçilik üsulu ilə tanış olduq, evləndik. 20 günün içində ailə qurdum. 19 yaşımda artıq 2 uşaq anasıydım.  Açığı bu mövzuda danışmağı xoşlamıram. Mən hər zaman ailəmdə mehribanlıq, sülh, hörmət yaratmağa çalışdım. Bu saatdan sonra qarşı tərəfi də günahlandırmaq istəmirəm. Nə isə baş verirsə, deməli, o, mütləq olmalı idi. Uşaqlarımı tək böyütdüm. Onlara həm ata, həm ana olmağa çalışdım. Ancaq atalarının yoxluğunu yaşatmadım. Ataları ilə əlaqələrinin qopmasına izn vermədim. İndi də o adam mənim evimə gələndə qapılarım üzünə açıqdır. Mənim ailəmin dağılmasının səbəbkarı qayınanam idi. Bəlkə də yaxşı edib. Çünki qayınanam ailəmi dağıdaraq mənə ən böyük yaxşılığı etdi. Özü də bilmədən bugünkü Elzanın var olmasına səbəb oldu. Ona bir daha təşəkkür edirəm. Bir qayınanama, bir də anama minnətdaram. Biri ailəmi dağıtdı, biri isə məni bu uçurumdan xilas etdi”- deyə o müsahibələrindən birində bildirib.

– Elza Seyidcahanın şeirləri cəmiyyətdə mütləq rezonansa qarşılanır. Düzdür, bu reaksiyaların hamısı müsbət olmur. Amma ümumilikdə hər çıxışı ilə maraqla qarşılanan, dalğa yaradan sənətçidir. Bu günlərdə “Tüpürcyim baldır mənim” şeirinə görə Yazıçılar Birliyinin sədri Anar tərəfindən xəbərdarlıq aldı. Elza Seyidcahan öz şeirləri barədə nə düşünür?

“Şeirlərimin çoxu yaşadığımız hadisələr haqqında verilən bir siqnaldır. Bir vaxtlar “Tikim” şeirini ələ salan, gülən insanlar bu gün ağızlarını maska ilə bağlayıb evlərindən bayıra çıxa bilmirlər. Bu, Elza Seyidcahanın şeirlərinin qüvvəsidir. Bu yaxınlarda Zəlimxan Yaqubun da bir şeirini öz şeirim kimi paylaşmışdım. Yenə gördüm ki, hamı yazır: “Nolar, siz şeir yazmayın da”. İnsanlar necə bəsitdir! Necə yazıqdırlar! Başları çatmır da. Deyirəm də, yazıqdılar. Yazıq! O bir yana. Məni “Xalqın şair”i müsabiqəsinə münsif kimi dəvət etmişdilər.

Düzdür, hamı məni ilk dəfə bəstəkar kimi tanıyıb. Amma mən yaradıcılığa şeirlə başlamışam. Sözə, poeziyaya sevgimi uşaqlıqdan məni tanıyanlar təsdiq edə bilər. Hətta məktəb illərində yazdığım şeirləri də saxlayıram. Sənətdən anlayışı olan da, olmayan da, deyir, Elza yaxşı bəstəkardır, amma oxumasın.
Mən sizə bir söz deyim, mənim həm də öncəgörənliyim var. Karonavirusa da şeir yazdım. “Taclı eybəcər” adlanr. Öz şeirlərimdə, musiqilərimdə zaman-zaman bu qabiliyyətimi hiss etdirməyə çalışmışam. Məsələn, Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirinə bəstələdiyim mahnıya çox adam ironiya ilə yanaşdı. Ordakı “ha-ha, hi-hi” əslində, mənim bəşəriyyətə, bəzi insanlara qəhqəhəm idi”- deyə o bildirib.

– Oxuduğu mahnıların bəziləri də qıcıq yaradır. Elza Seyidcahan özünü daha çox bəstəkar hesab edir ya müğənni?

“Mən oxuduğum mahnıların hamısını hit etmişəm. Müğənni kimi öz sözümü səhnədə demişəm artıq. Amma etiraf edim, əvvəllər məni müğənni kimi təqdim edəndə əsəbiləşirdim. Deyirdim, mən bəstəkaram, müğənni deyiləm. Özümü, təbii ki, hər zaman bəstəkar hiss edirəm. Çünki harasa, kiməsə zəng vuranda həmişə deyirəm, sizi narahat edən bəstəkar Elza Seyidcahandır.Müğənni kimi də klassik musiqimizə və bəstəkarlığıma xələl gətirmirəm” deyib.

– Elza Seyidcahan toylara və el şənliklərinə gedir?

Bəli. Toya dəvət alanda gedir. Qonorarı 2000 manatdır.

– Elza Seyidcahan qeyi-adi geyimləri və aksessuarları ilə də məşhurdur. Bunu diqqət çəkmək üçün edir?

Bəli. Bu barədə suallara o belə cavab verib: “Bir çoxu mənim tərzimi avanqard hesab edir, əslində isə avanqarddan çox, etnikdir. Çünki ötən əsrin 40-cı illərinə baxsalar, məlumatları olsa, görərlər ki, mənim indi təqdim etdiyim geyimlər, musiqi janrı hələ o illərdə mövcud olub. Məni həmişə bu cür ironik təzyiqlərlə öz yolumdan uzaqlaşdırmaq istəyiblər”.

– Elza Seyidcahan iki dəfə deputatlığa namizəd olub. Peşmandır? 

“Bu mənim vətəndaş olaraq haqqım idi. Seçmək və seçilmək hüququm var. Seçkilər dövrü mənim üçün bir məktəb oldu. Çox şey öyrəndim. Öz hüquqi bilgilərimi artırmış oldum. Mən bildim ki, məntəqə nədir, qərargah nədir, bülleten, protokol, akt, imza vərəqəsi, dislokasiya nədir. Məsuliyyət nədir anladım. Qanunlarla tanış oldum. Böyük bir həyat dərsi keçdim. Nə yaxşı bu yolu getdim” deyib bu barədə danışarkən.
Yenə yaşasaydım belə olardım. Oğluma deyirəm ki, sən musiqiçi dostlarının yanında alnıaçıqsan. Onlar hamısı məni yaxşı tanıyır. Hərdən düşünürəm, “Qoğalın nağılıdı” mənim həyatım, dovşandan da qaçmışam, tülküdən də qaçmışam, ürkək idim, xoş sözlər deyənlərdən qaçırdım. Sütül gəlincik idim. Özümü qorumalıydım. Hərdən anam deyir, Elza, özün üçün də yaşa. Deyirəm, mənim taleyimi yazan mən deyiləm, Allahdır, o nə deyirsə elə də olacaq.

– Elza Seyidcahan ən çox tənqid olunan məşhulardandır. Tənqid onu ruhdan salmır?

Bu suala müğənni belə cavab verib: Tənqid üçün ölmürəm? Ürəyim gedir. Bu barədə şeirim də var:

Yorğun olanda mənimlə məzələn,
Soy əynini, tök ruhunu təzələn.

–  Elza Seyidcahanın şeirlərini dinləyəndə ağla istər-istəməz fərqli mənalar gəlir. Sanki özü qəsdən maraq oyatmaq üçün buna çalışır.

Sevişin ki, oyasız,
Oyulasız,
Oyanasız.
Bu gecənin qaranlığında,
Sevişin ki, doğulasız.
Doğdurasınız,
Doğasız.

“Bunu dinləyəndə ağla ilk seks gəlir? Amma mən elə düşünmürəm, yaradıcı adam pianosu ilə sevişir, tar mizrabla, skripka öz çubuğu ilə. Bu sevişmələrdən yeni bir yaradıcılıq əsəri doğulur” – deyə o şeirini izah edib.

Elza Seyidcahan bildirir ki, o dahidir və şeirlərini yalnız yüksək intellekti olanlar anlaya bilər.

Back to top button