Saturday, November 30, 2024

Latest Posts

Onu dəli adlandırdılar, hava limanında qollarını qandalladılar – Qabyuyan işləyən Xalq artisti haqqında maraqlı faktlar

Showaz.net Kulis.az-a istinadən Özbəkistanın Xalq artisti Yıldız Usmanova haqqında maraqlı faktları təqdim edir.

Özbəkistanın Xalq artisti Yıldız Usmanova 1963-cü il dekabrın 12-də Özbəkistanın Margilan şəhərində çoxuşaqlı ailədə anadan olub. O, kiçik yaşlarından müğənniliyə başlayıb. Məktəbdə, küçədə, toxuculuq sexində işləyərkən hər fürsətdə mahnı oxuyan Usmanovanı ilk kəşf edən musiqiyə həvəsli atası olub.

***

Amma Usmanovanın müğənni olmaq istəyini həyata keçirə bilməsi o qədər də asan olmayıb. Səkkiz uşaqdan ibarət fəhlə ailəsinin qızı olan Usmanovanın “ilk dinləyicim” dediyi atasının etimadı olmasaydı, heç vaxt dünya şöhrətli sənətkar olmayacaqdı.

Doğulduğu şəhərdə müğənni, aktrisa olmaq istəyən qızlara o qədər də yaxşı baxmırdılar. Bu səbəbdən də, qardaşları onun müğənni olmağını istəmirdilər.

***

Günlərin birində müəllimi Qavhər Rəhimova onun ailəsi ilə görüşür. Onlara Yıldızın çox böyük səsi və istedadı olduğunu deyir. Usmanovanın konservatoriyaya daxil olmasına kömək edən Rəhimova onu dövrün tanınmış sənətçiləri ilə də tanış edir. Doğrudan da, Usmanova “böyük bəxtim” adlandırdığı ustadını, deyəsən, məyus etmir. Fəhlə ailəsində, kasıb məhəllədə parlayan Yıldız özünü bütünlüklə musiqiyə həsr edir.

***

Həmin illərdə musiqi ilə peşəkar şəkildə maraqlanmağa başlayan Usmanovanın ən böyük arzusu onun mahnılarını Rusiyanın hər yerində dinlənməsi olur. “Rusiya mənim üçün bütün dünya idi” deyən sənətçi bu arzusunu 1987-ci ildə işıq üzü görən “Mayde Mayde” adlı ilk albomunun beş milyon satışı ilə reallaşdırır. Və ilk albomunun əldə etdiyi uğurla dünyanın qapılarını öz üzünə açır.

Bundan sonra Usmanova müxtəlif ölkələrdə konsertlər verir. O, Tina Turner, Scorpions və Peter Gabriel kimi musiqiçilərlə əməkdaşlıq edir.

***

Xaricdəki uğurları ilə o, 1996-cı ildə albom çıxarmaq üçün Türkiyəyə gedir. Lakin müəyyən maddi məsələlər onun bu istəyinin reallaşmasına mane olur.*

Müğənni “Alma Alma”, “Jannona”, “Dunya”, “Yulduz”, “The Best of Yulduz Usmanova” albomları və “Muhabbet”, “Seni severdim”, “Xasta bolma”, “Bebaho”, “Xatlar yozmayman” mahnıları ilə məşhurluq qazanır.

Usmanova təkcə müğənniliklə deyil, həm də aktiv siyasətlə də, məşğul olur. Bir müddət millət vəkili olan bu prosesi belə təsvir edir:

“Mahnılarımda həqiqət var, siyasətçilər bu mahnılarda özlərini tapıblar. Nə mahnılarım, nə də həyatım yalan olmayıb. Düzünü dediyim üçün çox əziyyət çəkdim. Əvvəl mənə dəli deyirdilər, indi deyirlər. Həqiqət şirin deyil. Siyasətçilər bütün dünyada eynidir. Bu gün nə deyirlərsə, sabah unudacaqlar. Bir müddət deputat olmuşam, baxdım, mənə görə deyil. Mən xalqıma yalan danışa bilmərəm. Əvvəl çox böyük siyasi problemlərim vardı. Allaha çox şükür, onlar artıq geridə qalıb. Vətəndən uzaqda 10 il yaşamaq asan deyil. Təsəvvür edin, evimə dönmək istədim, təyyarə hava limanına enən kimi qollarımı qandalladılar, gəldiyim təyyarə ilə geri qaytardılar. Bu illər ərzində çox əzildim, amma sınmadım, bərkidim, toparlandım və çətinlikləri geridə qoydum. Özbəkistanda incitdilər, Türkiyəyə getdim. Mən Niderland kraliçası Beatrisin pərəstiş etdiyi müğənni oldum. Niderlanda qab yumağa getdim, Beatrisin sevimlisinə çevrildim”.

Ölkəsində qadağaya məruz qalan müğənni 90-cı illərin əvvəllərində Türkiyədə yaşamağa başlayır. Burada Barış Manço, Tarkan, Nuhket Duru, Orhan Gencebay, Sərdar Ortac, Candan Erçetin və digər tanınmış müğənnilərdən dəstək alır, sənətini davam etdirir. Müsahibələrinin birində isə deyir:

“Orxan Gəncəbay mənə çox dəstək oldu, gələcəyə ümidləndirdi, hər şey yaxşı olacaq dedi. Mən onları heç zaman unutmayacam. Zeynəb Xanlarovanın həyat eşqi, şux ovqatı, səhnədəki oynaqlığı məni heyran edir. Mən o qadınla, o böyük ustadla qürur duyuram. O, hər zaman xalqının yanında olub. İndi 5 dildə danışıram: özbək, türk, ingilis və fars dillərindən başqa 4 fərqli dildə mahnı oxuya bilirəm. 20 ildə 5 fərqli ölkədə yaşamışam. Bir neçə dəfə evlənib boşanmışam. Bir qızım var. Mənim yaratdığım stressə hər kəs dözə bilməz. İndiki həyat yoldaşım Ahıska türküdür, amma mənimlə nə qədər davam edəcəyini bilmirəm”.

***

Hazırda Özbəkistanda yaşayan müğənni iki il əvvəl polisləri təhqir etdiyi üçün məsuliyyətə cəlb olunmuşdu. O, Sardoba partlayışı qurbanları üçün ianə aksiyası təşkil edərkən onun evinin yaxınlığına gələn ianələrin gətirilməsinə polislərin köməklik etmədiyindən hiddətlənərək sosial şəbəkə vasitəsi ilə polisləri təhqir edir. Daha sonra əməlindən peşman olub üzr istəsə də, Özkistanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şöhruh Qiyasov Usmonovanın hüquq-mühafizə orqanları əməkdaşlarının namusunu birbaşa təhqir etdiyinə görə müğənninin məsuliyyətə cəlb ediləcəyini və onun psixi sağlamlığından şübhələndiklərini bildirir.

Latest Posts

Don't Miss