Gündəm

“Atamın ölümündə o insan günahkardır, onu ailəmiz heç vaxt bağışlamayacaq”- Rüfət Mehdiyevin qızı SİRRləri açdı

Rüfət Mehdiyevin qızı Jalə Mehdiyeva Medianews.az-ın suallarını cavablandırıb.

-Jalə xanım, hər zaman müsahibələrinizdə atanızla doyunca gün keçirmədiyinizi, ondan doymadığınızı bildirirsiniz. Onu itirəndə neçə yaşınız var idi?

-Atamı itirəndə 11 yaşım var idi. Onu çox qəfil və gənc yaşda itirdik. Mən uşaq idim. İşlə əlaqədar səfərlərdə çox olurdu. Bəzən elə həftəsonları görüşürdük. Onunla uşaqlıq illərimdə doya-doya vaxt keçirə bilmədim. Nə mən, nə də bacım. Böyüyəndə isə onu yanımızda görmədik.. Artıq hər şey çox gec idi. Ata və qız münasibəti mənim ən ağrılı yerimdir. Bu məndə çox böyük travma yaradıb.

-Bu gün daha çox hansı vaxtlarda ona ehtiyacınız olur? Ən çox nəyi üçün darıxırsız?

-Atam xarakter etibarı ilə çox zarafatcıl, qayğıkeş insan olub. Onun qayğısını görmək, başımı sığallamağını istəyirəm. Bu gün ona ehtiyacım uşaqlıqdakından daha çoxdur. Anam bizə həm ata, həm də ana olub. Bəlkə də o boşluğu hiss etdirməməyə çalışıb. Amma 25 yaşında mən atasızlığı həqiqətən də hiss etdim, başa düşdüm. Çünki insan böyüdükcə düşüncələri də dəyişir. 25 yaşdan sonra atanın insanın həyatında necə önəmli bir yeri olduğunu bir daha anladım. Həyatımdakı o boşluğu daha da çox hiss etməyə başladım.

-Ara-sıra sizin onun mahnılarını ifa etdiyinizi müşahidə edirik. Sənətini davam etdirməyi düşünürsünüz?

-Uşaq vaxtı mən də, bacım da müğənni olmaq istəyirdik. Böyüdükcə atam narazı idi. Düşünürdü ki, bir qız üçün müğənnilik çox çətin sənətdir. Çünki o illərdə zəmanə bu qədər müasir deyildi. Hər şey sosial şəbəkə üzərindən asan deyildi. Ona görə də atam düşünürdü ki, bizim üçün çətin olar. Elə onunla da bu mövzu bağlandı. Bu gün atamın mahnılarını oxuyuram. Bu sadəcə bir hobbidir. Müğənni olmaq fikrində deyiləm. Atamın sənətini davam etdirməyi düşünmürəm.

 

-Bu gün bir çox müğənnilər Rüfət Mehdiyevin mahnısını oxuyurlar.. Sizdən icazə alanlar var?

-Bəli, icazə alanlar var. Biz buna görə çox şadıq. Bəzən canlı musiqi olan məkanlara gedirik, mütləqdir ki, gənc müğənnilər atamın mahnılarını ifa edirlər. Bu bizə xoşdur. Onun sənətini yaşadırlar. Hər birinə təşəkkür edirəm.

-Adətən deyirlər ki, sənət adamları vəfasız olurlar. Atanızın hansı sənət dostudur ki, sizi bu gün də unutmayıb?

-Atamın bütün sənət yoldaşları ilə bu gün çox gözəl münasibətimiz var. İncidiyimiz heç biri olmayıb. Hətta bacımın toyunda çağırmadığımız bir çox sənət dostları gəlib iştirak etdilər. Bu bizə də xoş gəlmişdi. Eyyub Yaqubov, Ədalət Şükürov, Natavan Həbibi, rəhmətlik Səməd Səmədov və s. müğənnilər hər biri toyda həm qonaq kimi iştirak etdilər, həm də sənətçi kimi səhnə aldılar. Yaxşı və pis günümüzdə həmişə yanımızda olublar. Biz biznes qurub xonça mağazası açanda da gəlib dəstək olanlar, sosial şəbəkə üzərindən də dəstək olanlar da var idi. Atamın ən yaxın dostu Rasim əmi idi. Bütün dostları ilə münasibətimiz yaxşıdır.

-Atanızın ölümündə günahkar bildiyiniz kimlərsə var?

-Bu bizim ailəmiz üçün, ələxsus da mənim üçün o qədər həssas və yaralı mövzudur ki.. Bir o qədər də qapalı mövzu. Amma nə yalan deyim?! Atamın ölümündə günahkar bildiyim bir kəs var. Tək mən yox, bacım da o şəxsi günahkar bilir. Bu günki günə qədər biz onu bağışlaya bilmirik. Bizi nənəmiz uşaqlıqdan sevgi ilə böyüdüb. Qəzəb, hirs, nifrət hissləri bizdən tamamilə uzaqdır. Amma o insana qarşı bugünki günə qədər içimizdə nifrət hissi var. Yeganə insandır ki, biz o hissi ona qarşı duyuruq. Amma kimliyini açıqlamaq istəmirik.

Back to top button