Bu gün Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı kimi qeyd olunur.
“Yeni Müsavat”ın əməkdaşı bu münasibətlə kino aktyoru, Xalq artisti Ənvər Həsənovu yada salıb.
Çoxsaylı obrazları ilə yadda qalan Xalq artistinin “7 oğul istərəm” filmində yaratığı Cəlal obrazı xüsusilə əfsanələşib. Lakin bu gün “komsomol Cəlal” yaşayışdan, səhhətindən və həyatından şikayətçidir. Biz də bu şikayətləri dinlədik:
– Ənvər müəllim, kinodan öncə sizdən danışaq. Bir müddət öncə nasazlamışdınız. İndi özünüzü necə hiss edirsiniz?
– Belim ağrayırdı, düşündüm ki, böyrəyimdəndir. Həkimə getdim. Sən demə, ciyərlərimdə problem var. Ciyərlərim artıq çürüyür. Analiz vermişəm. Bu gün cavablarını götürəcəyəm.
– Yəqin, işsizlik də sizi sıxır. Xəstələnməyinizdə bunun da payı var…
– Çox darıxıram. Ömrüm boyu fəaliyyət göstərən, işləyən adam olmuşam. Birdən-birə evdə oturmaq mənə ağır gəldi. Elə bilirsiniz ki, bu halvadır ? Bəlkə də, xəstəliklərim, ağrılarım evdə oturmaqdan oldu.
– Sənət dostlarınız gəlib sizə baş çəkirmi?
– Çox təəsüflər ki, olsun ki, bu iki il ərzində ən gözəl dostlarımı itirdim. Onlar hər həftə mənim yanımda idilər. İndi də dostlarım var. Onların maşınları yoxdur. Ona görə də telefonla əlaqə saxlayırıq. 15-20 gündən bir gəlib dəyirlər.
– Bəs nəvələr necə, qayğınıza qalırlarmı?
– Əşi, nəvələr öz işləri ilə məşğuldurlar.
-Müalicə xərclərinizi çatdırırsınızmı?
– Çətindir. Bu gün gedim, görüm təzə dərmanlardan nə yazacaqlar. Dərmanların da kefiyyəti yoxdur. Əvvəllər Rusiyadan gəlirdi, alırdıq. Yuxu üzünə həsrətəm, yata bilmirəm. Heç bir dərmanın kefiyyəti yoxdur.
– Bu gün kino günüdür. Azərbaycan kinosunun bugünkü durumu necədir?
– Lenin Rusiyada hakimiyyətə gələndə 7-ci tezisi o olub ki, bütün incəsənət növlərindən ən vacibi kinodur. Çox təəssüflər olsun ki, bizdə kinoya o qədər də qiymət vermədilər. Əvvəllər qiymət verirdilər. Yaxşı filmlər çəkirdik, gözəl sənətkarlar var idi. Çox təəssüflər olsun ki, nə sənətkarlarımız qalıb, nə də kino çəkirik.
– Kinostudiyaya gedib-gəlirsinizmi?
– Kinostudiyada adam qalıb ki, gedib kiməsə baş çəkim? Bina boşdur, söhbət etməyə adam tapmırsan.Qeyd edək ki, Ənvər Həsənov gənc yaşlarından kinolara çəkilməyə başlayıb. Xüsusilə o, “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa maraqlı obrazlar yaradıb. O, həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə “Dərviş Parisi partladır” və “Atları yəhərləyin” filmində rol alıb. Rejissor kimi “Haray, Xocalım, haray”, ” Tələ” və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “Sönməyən çıraq” sənədli filmini çəkib.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.