Üzeyir Mehdizadə Azərbaycanda ən çox tənqidlərə məruz qalan və eyni zamanda ən çox izləyici sayına malik, ən populyar müğənnilərdəndir. O Yotube platformasında Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçidir.
showaz.net xəbər verir ki, Lent.az “Bioqrafiya” rubrikasında bəstəkar , meyxanaçı, müğənni Üzeyir Mehdizadədən bəhs edir.
– Üzeyir Mehdizadənin neçə yaşı var?
Üzeyir Mehdizadənin 34 yaşı var.
– Üzeyir Mehdizadə harada anadan olub?
Üzeyir Mehdizadə 19 may 1990-cı ildə Bakıda anadan olub. 1995-ci ildə 14 nömrəli məktəbdə 1-ci sinfə gedib.
– Üzeyir Mehdizadənin valideynləri kimdir, ailəsi haqqında nə məlumat var?
Üzeyir Mehdizadənin atası Bəxtiyar Mehdizadə 1963-cü ildə anadan olub. 1985-ci ildə ailə qurub. Anası Mehparə Məmməd qızı Mehdizadə. 2008-ci ildə ürək tutmasından vəfat edib. Üzeyirin 1 bacısı, bacısının 2 övladı var.
– Üzeyir Mehdizadə evlidir?
Üzeyir Mehdizadə 2018-ci ildə ailə qurub. O, şəxsi həyatını göz önünə sərməyi sevmir. Bu səbəblə bəy masasında tək oturub. Gəlin toyda iştirak etməyib. O, özünə dərviş toyu eləyib.
– Üzeyir Mehdizadənin qayınatası kimdir?
Üzeyir Mehdizadənin qayınatasının varlı məmur olduğu deyilsə də, bu, yalandır. O, kasıb bir meyxanaçının qızı ilə ailə qurub.
– Üzeyir Mehdizadənin neçə övladı var?
Üzeyir Mehdizadənin 2 azyaşlı qızı var.
– Üzeyir Mehdizadə toya neçəyə gedir?
Üzeyir Mehdizadə əsasən xarici ölkələrdən varlı ailələrdən toy dəvətləri alır. Onun toy qonorarı Bakıda ən az 5000 manat təşkil edir. Ən çox qazanan müğənnilərdəndir.
– Üzeyir Mehdizadə neçənci ildən sənətdədir?
Üzeyir Mehdizadə əvvəllər meyxanaçı kimi də fəaliyyət göstərib. 2008-ci ildə “Gəl yarına” adlı albomu işıq üzü görüb. 2009-cu ildə öz şəxsi studiyasını yaradıb və studiyanın ilk işi olan “O, mənim olmalıdır” albomunu buraxıb.
– Üzeyir Mehdizadənin neçə albomu var?
2010-cu ildə “O olmasa neynəyərəm” albomu dinləyicilərə təqdim edilib. 2015-ci ildə isə “Əlvida keçmişim”, “Dostum”, “Onsuzda bəxti qarayam”, “Səndən ötrü”, “Bunu da örgənəcən” adlı mahnıları daşıyan albomu ilə rekord baxış sayı qazanıb. 2014-cü ildə ifa etdiyi və yalnız bir şəkil üzərində olan “Yaxşı olar” mahnısı qısa müddətdə dinləyənlərin rəğbətini qazanıb, habelə 50 milyondan artıq baxış sayı olan musiqiyə 10 iyun 2018-ci ildə “Yaxşı olar” klipi də çəkilib.
– Üzeyir Mehdizadə hansı ölkələrdə konsert verib?
Üzeyir Mehdizadə 2016-cı ildə də Moskvada “Club Arena Star”-da konsert verib. “Ay ölmüş” mahnısı isə 2016-cı ilin ən populyar mahnısı olub . Daha sonra Türkiyə, Almaniya, Özbəkistan, Qazaxısatan, Ukrayna və İngiltərədə konsertlər verib.
– Üzeyir Mehdizadə uğurlarını kimə borcludur?
Üzeyir Mehdizadə verdiyi müsahibədə “Məni tanıdan ilk əvvəl ağlım, daha sonra musiqilərim oldu. Bunun üçünsə mənə o qədər də pul lazım olmadı. Uğurlarımın ilk səbəbi həvəsdən düşməməyimdir” deyib.
– Üzeyir Mehdizadə onu tənqid edən həmkarlarından, xüsusilə Əli Mirəliyevdən küsüb?
Üzeyir Mehdizadə bu suala “Biz qız deyilik ki, küsək. Ola bilər ki, sənət barəsində anlaşılmazlıq olub. Mən küsülü qala bilmirəm” deyib.
– Üzeyir Mehdizadə niyə yalnız öz bəstələrini oxuyur?
Üzeyir Mehdizadə bu suala “Mahnılarımın taleyini kiməsə etibar etmirəm. Mahnını özüm yazmasam, ifa edərkən onu yaşamaqda çətinlik çəkərəm. Əslində, mənə bir çox söz yazarlarından və bəstəkarlardan təkliflər gəlib. Hətta mənə yaxınlaşıb, pulsuz olaraq musiqi və mahnının sözlərini də vermək istədiklərini bildiriblər. Həmin insanlara izah etmişəm ki, mən yalnız öz yazdıqlarımı oxuya bilərəm, başqalarının yazdıqlarını ürəkdən oxuya bilmərəm. Bu, mənim içimdən gəlməlidir. Onu da deyim ki, musiqi savadım da var. Fortepiano sinfini bitirmişəm. Özümü bəstəkar saymıram, amma bir məqamı qeyd etmək istərdim. Sözsüz ki, bu gün sənətin yaşamasında ömürlərinin çox hissəsini bu yolda sərf edənlərin böyük əziyyətləri var. Amma sabah onlar həyatda olmayanda sənəti kim yaşadacaq? Təbii ki, biz cavanlar. Məncə, insanlar tərəfindən sevilən şəxslərin sənəti qəbul olunmalıdır” deyib.
– Üzeyir mahnılarını primitiv və sadə adlandıranlara nə deyir?
“Sadəlik özü bir gözəllikdir. Onu düz deyirlər. Bəzən mahnılarımda ağır sözlərdən istifadə edirəm. Ancaq görürəm ki, tamaşaçılar onu çətinliklə qəbul edir. Təcrübəmdən qaynaqlanıb deyə bilərəm ki, sadə mahnılara maraq daha çoxdur. Dinləyicilər həmin mahnını asanlıqla başa düşür və qəbul edirlər” deyib.
– Üzeyir Mehdizadə tamaşaçıların nəbzini necə tutur? Onun populyarlığının sirri nədədir?
Üzeyir Mehdizadə bunu yaşadığı həyatı təsvir etməsi ilə əlaqələndirib.
“Mən daha çox gördüyüm, yaşadığım həyatı səmimi şəkildə dilə gətirirəm. Hesab edirəm ki, hər bir sahədə səmimiyyət olsa, daha çox sevilər. Qarşındakı insanla söhbət etdikdə, ondan səmimiyyət görmədikdə həmin insanın söhbətini dinləmək istəmirsən. Gənclər hər zaman səmimi sözlərə üstünlük veriblər və mənim mahnılarımda da səmimiyyət özünü bariz şəkildə göstərir”.
– Üzeyir Mehdizadənin xarakteri necədir?
Üzeyir Mehdizadə çətin xarakterli olduğunu bildirib: “Bir gün yaxın adamım mənə dedi ki, ya xasiyyətini dəyiş, ya da sənətini. Mən isə heç birini dəyişmədim. İkisi də qaldı. Yalnız düzgünlük olmayan yerdə çətin adamam. Allah hər birimizə gözəl günlər qismət etsin”
– Üzeyir Mehdizadənin avtomobilinin markası nədir?
Üzeyir Mehdizadənin son avtomobili “Mercedes-Maybach”dır.