Gündəm

“Varlanmaq, bahalı maşın almaq, villada yaşamaq üçün gecələr…” – QALMAQAL

“Tarix Əliyevin fikirlərini qəribçiliyə salmaq lazım deyil, çünki onun indi blogerlərin etdiyini dedikləri şeyləri vaxtilə şou-biznes əhli də etmişdi. Sadəcə o vaxt televiziya, gecə həyatı, gecə klublarının formatı tamam başqa idi…” 

Bu sözləri Yenisabah.az-a Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Aparıcı, prodüser Tarix Əliyevin (Tolik) blogerlərin gecə həyatı yaşaması ilə bağlı fikirlərinə münasibət bildirən kulturoloq qeyd edib ki, blogerlərin böyük əksəriyyəti cəmiyyəti aldatmaqla məşğuldur: “Hər yeni nəsil özü ilə birlikdə yeniliklər gətirir. Blogerlər cəmiyyətin yalana, rəvayətə olan inamının təcəssümüdür. Vaxtilə də Azərbaycan insanı əfsanələrə, rəvayətlərə, nağıllara həddindən artıq bağlı olan toplum kimi tanınıb. Biz əməldə yox, sözdə aldanmağı xoşlayırıq. Bizə təriflər eşitmək daha çox rahatlıq verir. Bütün dünyada bu var, amma bizdə daha çoxdur. Biz dastançılığa, şişirtməyə meyilli toplumuq. Bu baxımdan da blogerlər bizim nənələrin gopalogiyasını sevən yeni nəslə informasiyalar verir. Məsələn, biz intellektuallar özümüzü öldürsək də, “oxuyun” desək də bizi rahatlıqla daş-qalaq edir, söyürlər. Bunu toplum edir. Cəmiyyətin böyük hissəsi də bunun üstündən keçir”.

Ekspert bildirib ki, cəmiyyəti gözləyən böyük problemləri analiz etmək və bunun qarşısını almaq üçün addımlar atılmaq lazımdır: “İndi Tarix Əliyev bunu dilə gətirəndə çoxsu onu daş-qalaq edir. Tarix Əliyev bu proseslərin həm iştirakçısı, həm idarəedicisi, həm də tənqidçisi qismində çıxış edir.

Maraqlıdır ki, gecə klublarına gedən insanlar, bir müddət sonra onlayn mətbuatda, televiziyalarda özlərini analitik kimi aparırlar. Özləri-özlərini tənqid etməklə cəmiyyətə tənqidi qazı buraxmış olurlar.

Bizim uşaqlarımız, gənc nəsil artıq “Tiktok”da, digər sosial şəbəkələrdə “parlamış” insanların təsiri altındadır. Onlar blogerlər kimi heç nə etmədən canlı yayım açıb, rəqs edib, söyüş söyməklə varlanmaq istəyir, bahalı maşınlar almaq, villalarda yaşamaq,  gecə həyatı sürmək istəyirlər. Bu proseslərin nə qədər davam edəcəyini, nə ilə nəticələnəcəyini isə analiz edən şəxslər yoxdur. Tolik bu mənada bir addım atıb, çağırış edib ki, gəlin aydınlaşdıraq görək bunlar bizim üçün nə edirlər. Amma təəssüflər olsun ki, biz Tolikin çağırışını analiz etməkdənsə, onu söyməklə işimizi bitirmiş hesab edirik. Biz analiz edə, toplumu istiqamətləndirə bilmirik. Ona görə də gənclərin 60 faizi evlənib 1 ay sonra boşanır, işləmək istəmirlər, tənbəllik edirlər, milli yeməklər hazırlanmır, uşaqlar internetdən alınmış məlumatlarla böyüdülməyə çalışılır. Bütün bunlar böyük probemdir və onun həlli yaxın görünmür. Məncə, bu yöndə ictimai debatların genişlənməsi Azərbaycan cəmiyyətinə xeyir verər. Tolikin ortaya artığı fikirləri də qəribçiliyə salmaq lazım deyil”.

Back to top button