Vətəndaşların bir neçə pensiya hüququ olduqda müraciət etmədən daha yüksək olan pensiya növü təyin ediləcək. Bu barədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsində qeyd olunub. Eyni zamanda dəyişikliyə görə, müraciət əsasında növdəyişmə hüququ da saxlanılacaq ki, vətəndaş ona proaktiv qaydada aparılmış yeni növ pensiya təyinatını istəməzsə, onun müraciətinə əsasən əvvəlki pensiya növünə geri qaytarıla bilsin.
Qanunun 22-1.5-ci maddəsinə təklif olunan dəyişiklik və əlavə olunan yeni – 34.1-1-ci maddə əlavə maliyyə yükü və ya vətəndaşlar üçün əlavə hüquq yaratmır, onlar sadəcə müraciət etmək öhdəliyindən azad olunurlar.
Azərbaycanda hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi təklif olunur. Bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb. Yeni dəyişikliyə əsasən, digər səbəbdən əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi təklif olunur. Bu dəyişiklik 186 nəfəri əhatə edəcək və illik əlavə maliyyə yükü 112 min manat olacaq.
Yeni qanun layihəsinin tətbiqi ilə bağlı Referans.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, istənilən halda qəbul olunacaq qərarları müsbət qarşılamaq olar: “Əslində qanunun bütün detalları açıqlandıqdan və son versiya qəbul olunduqdan sonra net şəkildə bu haqda danışmaq olar. Bu hələlik ilkin layihədir. Komissiyalarda müzakirə edildikdən sonra parlamentə çıxarılacaq. Orda hansı əlavələr və dəyişikliyin ediləcəyini öncədən demək çətindir. Hazırda səsləndirilən təkliflərin ən vacibi hətbçilərlə bağlıdır. Onlar təqaüdə çıxdıqları gündən hesablamalar başlanacaq və maaşlarının 70 faizə yaxınını təqaüd alacaqlar. Bu o deməkdir ki, hərbçilərin Dövlət Sosial Müdafiə Fonduna ödədikləri vəsaitin bu məsələdə heç bir əhəmiyyəti olmayacaq”.
Ekspert qeyd edib ki, əvvəllər bizim hərbçilərin, əsasən də, az maaş alanların təqaüdləri çox aşağı olurdu, onlar təqaüdə çıxdıqdan sonra normal dolana bilmirdilər. Onun sözlərinə görə, bu gün minimum təqaüd artan kimi vətəndaşların DSMF-da olan minimum yığım həddinin yüksəlməsinin də şahidi oluruq.
“Ola bilər ki, bununla da bağlı dəyişiklik olsun. Hazırda minimum təqaüd artan kimi avtomatik olaraq vətəndaşın Dövlət Sosial Müdafiə Fondunda olan yığımın minimum hissəsi də artır. Keçən il minimum təqaüd artan kimi minimum hədd də artırıldı. Bu doğru deyil. Yəqin ki, burda da dəyişiklik olacaq. Vətəndaşları əsas narahat edən məsələlərdən biri isə pensiyaların hesablanması qaydasıdır. Bu məsələ də ilkin layihədə yer alıb”.
Natiq Cəfərli vətəndaşların bir neçə pensiya hüququ olduqda müraciət etmədən daha yüksək olan pensiya növü təyin edilməsi ilə bağlı dəyişikliyi müsbət qiymətləndirib. O deyib ki, bu təklif pozitiv nəticələrə səbəb olacaq: “Bundan sonra vətəndaşın ala biləcəyi ən yüksək pensiya məbləği avtomatik təyin olunacaq. Əslində bunu daha da təkmilləşdirmək olar. Müxtəlif hesablama qaydasının olması, ümumiyyətlə, aradan qaldırılmalıdır. Daha dəqiq olmalıdır. Vətəndaş bilməlidir ki, bu gün işləyirsə, gələcəkdə pensiyaya çıxdıqda nə nə qədər təqaüd alacaq”.