“13 yaşlı qızlar gecə vaxtı, o saatda bulvarda tək gəzirlər. Bu qızların başqa məşğuliyyəti, dərsi yoxdurmu, valideynlər bu zaman harada olub?”
Bu sözləri Yenisabah.az-a sosial psixoloq, ailə məsləhətçisi İlhamə Mustafayeva deyib. 13 yaşlı qıza oteldə təcavüz olunması məsələsinə münasibət bildirən psixoloq bu tip hadisələrin artmasının səbəblərini sadalayıb:
“Çox təəssüflər olsun ki, bu cür hadisələr yaşanır və buna rəy bildirməli oluruq. Birmənalı olaraq, hər iki tərəf günahkardır və dolayısı ilə bu cür hadisələrə görə bütün cəmiyyət günahkardır. Bu kimi bəylər “evə ərzaq almağa pulum yoxdu, dolana bilmirəm” deyib sosial vəziyyətdən şikayətlənir, amma otelə getmək lazım olanda tez pul tapa bilirlər, birinci nüans budur, digər məsələ onların qızlara yaxınlaşma üsuludur, onlar özlərini qəhrəman göstərib qızların inamını, güvənini qazanır, özlərinə tərəf çəkirlər.
Ümumiyyətlə, yaşından asılı olmayaraq, qadının iradəsinə zidd olaraq qadınlarla tanış olmağa çalışmaq, park, bulvar kimi yerlərdə onları narahat etmək düzgün sayılmır və bundan narahat olan xanımlar lazım gəlsə, polisə müraciət etməlidirlər”.
Yeniyetmələrin gecə saatlarında bulvarda təkbaşına gəzməsinə münasibət bildirən psixoloq valideynləri diqqətli olmağa səsləyib:
“Digər məsələ13 yaşlı qızların gecə vaxtı o saatda bulvarda tək gəzmələridir. Bu qızların başqa məşğuliyyəti, dərsi yoxdurmu, valideynlər bu zaman harada olub kimi suallar ortaya çıxır. Və qızların oğlanların “qəhrəmanlıqlarına” inanması və tanımadığı insanlara güvənməsi məsələsi, üstəgəl də onlardan evə getmələri üçün onları ötürməyi xahiş etməsi də var. Bu qızlara sual verilibmi ki, niyə valideynlərinə zəng vurmayıblar, tanımadığı oğlanlara qoşulub gediblər və niyə o saata qədər tanımadığı insanlarla vaxt keçiriblər?
Bir tərəfdən qızlardan istifadə etmək məqsədilə “qəhrəmanlıq” donu geyinib onların güvənindən istifadə edib, onlara həm də əşya kimi baxan yetkin yaşda olan bəylərin sağlam olmayan psixoloji durumları var, digər tərəfdən 13 yaşındakı yeniyetmə qızların özbaşına o saatda valideylərdən xəbərsiz tanımadığı insanlara qoşulub onlarla gəzməsi məsələsi var.
Düşünürəm ki, bu cür yerlərdə park, bulvar və s. yerlərdə polis əməkdaşlarının fəaliyyət sahəsi genişlənməlidir ki, bu məsələyə vaxtında müdaxilə edib, tədbir görülə bilsin.
Bu cür hadisələrin qarşısını almaq üçün hər yerdə maariflənmə işi getməlidir. Günümüzdə sosial şəbəkələr üzərindən yayımlanan xoşagəlməz postlar və videolar da uşaqlara mənfi təsir göstərib qıcıq yarada bilir. Bu gün “TikTok” şəbəkəsinə meylli olan yeniyetmələr həyatlarını illüziya aləminə qapılaraq qurmağa çalışırlar. Kimlərinsə asan yolla, səviyyəssiz videolarına baxaraq ya onlar kimi olmaq istəyirlər, ya da bu cür videoların təsiri ilə əllərində olan həyatı yaxşılaşdırmaqdansa, daha da pisləşdirirlər. Yeniyetmələr məsuliyyət və azadlıq anlayışlarını çox zaman səhv salırlar.
Anası ilə mübahisə etmiş qız icazəsiz evdən çıxıb o saaata qədər bulvarda gəzməyi özü üçün azadlıq, valideyni üçün cəza bilir. Bu gün yeniyetmələr arasında yaranmış problemlərin ən başlıca səbəbləri onların emosional, informasiya və intellektual baxımdan yüklənməsindədir.
Valideynlər hər şeyi uşağa hazır verirlər, uşaqlar əziyyət çəkmək istəmirlər, fiziki işdən yayınırlar, disbalans yaranır və yanlış tərbiyələnirlər. “Mənim qızım ərə getdiyi evdə qulluqçu ola bilməz”, “Oğluma heç kim söz deyə bilməz, evin kişisi odur” psixologiyası ilə biz vəzifə və öhdəlikləri, məsuliyyət və azadlığı səhv salırıq”.
İ.Mustafayevanın sözlərinə görə, uşaqları tək valideynlər deyil, həm də cəmiyyət tərbiyə edir. Bu səbəbdən, sosial şəbəkələrə xüsusi diqqət yetirmək lazımdır:
“Uşaqlar bir məqsədə xidmət edib və faydalı məşğuliyyət növü ilə məşğul olsalar və doğru tərbiyələnsələr, bu problem olmaz. Hazırda seksual mövzu çox qabardılıb və təəssüf ki, bəzi yeniyetmələr bu mövzuda da azadlıqla məsuliyyətin sərhədlərini səhv salırlar.
Uşaqları tək ailə tərbiyə etmir, həm də cəmiyyət tərbiyə edir, nə qədər ki, bəzi sosial şəbəkələrdə bu və ya digər iyrəncliklərlə rastlaşacağıq, o qədər də bu problemlər yaşanacaq, bunlara görə bir tədbir görülməlidir, yeniyetmələr və valideynləri ilə maarifləndirmə işləri aparılmalıdır”.
Xatırladaq ki, sözügedən hadisə Bakıda baş verib. Bulvarda gecə saatlarında iki qızı yad adamların əlindən alıb otelə aparan oğlan onlardan birinə təcavüz edib. Belə ki, 2001-ci il təvəllüdlü oğlan Binəqədi rayonunda yerləşən otellərdən birində 14 yaşına çatmamış Güneli döyəcəyi ilə hədələyib, ona zor tətbiq edib. Hadisə ilə bağlı istintaq davam edir.