Tuesday, November 26, 2024

Latest Posts

Xocalıda zorlanan qızın DƏHŞƏTLİ etirafları – Hər kəsi ağladan hekayə (VİDEO 18+)

Dizlərimi qarnıma çəkib oturdum. Başımı əllərimin arasında sıxıb ağladım.

Şüurlu bir təkliyin içində, özümlə qarşılaşmaqdan qorxdum, qaçmaq istədim! Bilirdim, əslində qaçmağın, susmağın, qorxmağın nə demək olduğunu! Amma bu dəfə başqa idi. Çünki 26 ildir qurtula bilmirdim!

Yenə həmin 4 gün yaxınlaşır. Yenə mən unutmağa çalışdığım o günləri, xatırlayıb, 4 gün min dəfə ölüb, diriləcəm!

Acımasız qəhqəhələr, bomba səsləri, qan gölünə dönən küçələr, dinməyən fəryadlar…! İllər keçməsinə baxmayaraq, hələ də özümü tapa bilməmişəm! Nə vaxt yadıma düşsə, qırıb dağıdıram. Ağlamaqdan gözlərim qan çanağına dönür.

Yumruğumu, dırnağım ətimi qanadana qədər sıxıram!

Dünyaya qız doğulduğum, üçün yaradanı lənətləyirəm!

13 yaşım var idi. 12 il keçirdiyim o möhtəşəm qış fəslinin onüçüncü ilini yaşayırdım. Amma deyəsən bu qış daha sərt keçəcəkdi!

Müharibənin nə olduğunu dərk etmirdim. Amma hər şey “kaş o səhər heç açılmazdı” dediyim gün dəyişdi.. Soyuq qış səhəri idi. Hər tərəf ağ örpəyə bürünmüşdü. Qapı sərt şəkildə döyülməyə başladı. Bir qədər sonra ayaqla vururdular.

Səs hamımızı qorxutdu. Atam qapını açan kimi üzünə vurulan yumruq zərbəsinin təsirindən yerə sərildi.

Sonra silahı bizə doğruldaraq çölə çıxmağımızı əmr etdilər. Bizi evimizin qarşısındakı meydana yönəltdilər. Burda çoxluğun qadın və uşaq təşkil etdiyi xeyli insan vardı. Güllələr göydə uçuşurdu. Sağa, sola diqqət etməsək, alnımıza dəyəcək kimi idi..

Bir qədər sonra yük maşınlarından 20-ə yaxın hərbi geyimli, saçı saqqalına qarışmış, üst-başından kir yağan adamlar bizə doğru gəldi. Avtomatı üstümüzə tuşlayaraq, yük maşınlarının arxasına qalxmağımız üçün qışqırmağa başladılar. Bəzən elə fikirləşirəm ki, bir gün hər şeyi unutsam da, həmin xırıltılı, içindən nifrət, tonundan çirkab axan o səsləri unutmayacam! Bizi meşənin yaxılığında hərbi hissənin bazasına gətirdilər.

Titrəyən bədənimi anamın yanından götürüb, əlimi yük maşının üstündən möhkəm sıxaraq gördüyüm mənzərənin dəhşətinə qapılmışdım. O an dünyanın ən təhlükəsiz yeri sıxdığım dəmir, dayandığım baqaj idi. Çünki hiss edirdim ki, oradan düşüb ayağımı torpağa basandan sonra heç nə əvvəlki kimi olmayacaq.

Üzümü hansı tərəfə çevirdimsə işgəncə ilə göz-gözə gəldim. Sanki bundan əvvəl insanların qışqırığından, iniltisindən, fəryadından başqa dünyada heç bir səs olmayıb. Çünki nə quş ötmürdü, nə it hürmürdü, nə qoyun mələmirdi, hətta, çaqqal belə ulamırdı!

Qadınlar zorlanır, kişilərin cinsi orqanına vururdular. Əgər kimsə xilas olarsa, soylarının davam etməməsi üçün bunu edirdilər!

Bir əlində araq butulkası, digər əlində silah olan kişi ağzının köpüyü çənəsinə dağıla-dağıla qışqırırdı. Yeni doğacaq nəslin, onlardan olacağını deyirdi. Bir qədər sonra içində kişilərin olduğu növbəti maşın gəldi. Əsirlərin hamısını maşından düşürdülər. Atam gözə dəymirdi.

Hamı ac-susuz idi. Mən isə özümü qır qazanına atılmış və bir azdan əriyib məhlula dönəcək kimi hiss edirdim. Balaca bədənimlə kök və titrəyən qadın bədənlərinin arasına sıxılmışdım. O çarəsiz bədənləri özümə ətdən divar etmişdim! Bir əlimlə də itməmək üçün anamın ətəyinin kənarından yapışmışdım. O an kiçik bədən daşımağımın avantajlı olduğunu düşünürdüm, uşaq ağlı ilə…

Bir qədər sonra qaranlıq çökdü, göstərişə əsasən bizi hərbi maşınlara yığaraq meşəyə doğru aparırdılar.

Yollarda gördüyüm mənzərə dəhşət idi. Şəhər qan gölünə dönmüşdü. Adama elə gəlirdi ki, bulud yağış əvəzinə qan yağmışdı.

Ortalıqda düşmən ordunun adamları görünürdü. Yerə sərilmiş insanların, ölüb ölmədiyini yoxlayırdılar. Hərəkət və səs gələn kimi yenidən güllələyirdilər.

Bizi meşənin yaxınlığında bir binanın qarşısına gətirdilər. “Düşün!” deyə qışqırdılar. Hamımız yük maşınının arxasından uçrumdan atılıb, intihar edirmişcəsinə endik. Ruhumuz bax belə səfil idi!

Burada da mənzərə fərqli deyildi. Fərqli insanlar, eyni inilti və fəryadlar idi!

İnsanları diri-diri yandırırdılar.

Kişilərdən biri irəli çıxıb, özünü qadınların qarşısında sipər etmək istədi, başını elə ordaca kəsib yerə atdılar, baş top kimi palçığa və qara qarışaraq diyirlənib, ağaca dəyib dayandı! Bu mənzərə bayaqdan inildəyən insanların hamısının nitqini qurutdu. Üstümüzə ölüm sükutu çökdü, sanki, hamı birdən ruhunu harasa və kiməsə təslim etdi!

Bu günə qədər yadımdadır, bir neçə dəqiqə ərzində iyirmiyə yaxın kişi öldürüldü. Kişilərin çoxu qadınlara qarşı o mənzərəni görməkdənsə, etiraz edib güllələnməyi daha üstün tuturdular!

İnsanlıq tarixi o mənzərəni görməyə hazır olmadığına əminəm! Çünki orada baş da, başçı da, siyasət də, iqtidar da, müxalifət də, dövlətlər də, super güclər də qana və qaranlığa qarışmışdı! Bu gün dünyanın çox yerində müharibə var. Baş kəsilir, qan tökülür, şəhərlər bombalanır, amma Xocalıdakı kimi samovarları insanların kürəyinə bağlayıb, köz üstündə yeritmirlər!

Baş verənləri görməmək üçün ölmək istəyirdim. Hər dəfə insanlara edilən vəhşiliyi görəndə sanki ətimdən ət kəsilirdi.

Beynimi uyuşdurmaq, əbədi yatmaq, yox olmaq istəyirdim. Qadınlara ərlərinin, atalarının gözü qarşısında təcavüz edir, qorxu filmlərinin mənfi obrazının etdiyi kimi-qəhqəhə çəkirdilər! “Ölümə məhkumsunuz, soyunuzu qurudacağıq, qarnınızda bizim oğlanlarımızı daşıyacaqsınız”deyib, qadınlara hücum çəkirdilər.

Gözümün qarşısında hamilə qadının qarnın cırıb, uşağı çıxardıb, ocağa atmışdılar. O mənzərəni görəndə, mən çoxdan özümdən getmişdim. Gözümü açanda vahimənin içində gözüyaşlı anamı gördüm.

Orada qaldığım 4 gün davam edən vəhşilikdən geriyə, az sayda sağ insan qalmışdı. Həmin vaxta qədər mənə, anama və bir neçə qadına toxunmadıqları möcüzə olmalı idi.

Növbəti gecə idi. Göyün üzü qırmızının o gecədən sonra heç vaxt görmədiyim tonuna çalırdı. Sanki yerdəki qanın rəngi, göydə əks etmişdi.

Qaranlıq, rütubətli, pis qoxulu zirzəminin bir küncünə sıxılmışdıq. Bir azdan ayaq səsləri gəldi. Anam məni bərk-bərk qucaqlayıb bağrına basmışdı. Əlacı olsa sanki yenidən bətnində gizlədəcək qədər titrəyirdi. Titrəməsi boş yerə deyildi. Çünki o ayaq səslərindən gələn əl, məni anamdan dartıb qopardı. Az qalırdı naləsi göyə çatsın, onu daha əvvəl bu cür görməmişdim. Məni nə üçün apardıqlarını başa düşmürdüm. Ağlayır, bildiyim bütün yalvarışları edirdim, aparmamaqları üçün!

Dəhliz boyunca gah sürüyərək, gah itələyə-itələyə bir otağa atdılar. Özümü itirmədən sakitləşdim. Otağa göz gəzdirdim. Hiss olunurdu ki, bu otaq digərlərindən səliqəli və hansısa rütbəli şəxsə məxsusdur. Bir qədər sonra dəhlizdə iti və ağır addımlar eşidilməyə başladı. Qalın bir səs, “onun qızıdır?” sualını verib, cavab almadan içəri daxil oldu!

Hündür boylu, iri alınlı, enli buxaqlı, quyudan zillənmiş kimi baxan gözləri, dağınıq saqqallı, saçları çox uzun olmayan bir-birinə dolaşmış, 45 yaşlarda bir kişi ilə göz-gözə gəldik! Üzündəki nifrət, ürək bulandıran gülümsəmə ilə məni başdan ayağa süzdü.

Qəfəsdən açılan vəhşi heyvan kimi üstümə şığıdı.

Sadəcə əlimi üzünə atıb, cırmağa fürsət tapa bildim. Çünki bir qədərdən sonra saçımdan yapışaraq, divara çırpmışdı. Bədənim sanki maşın altından çıxmış kimi sızıldayırdı. Deyəsən dişim qırıldığı üçün ağzım da qan içində idi.

Alnımdan axan qan süzülərək gözümə dolmuşdu. Özümə gəlib, qan dolu gözlərimi açanda, qarnımdakı dəhşətli ağrı, bütün ağrıları yadlaşdırmışdı. Bədənim keyimişdi, bəlkə də, ruhum idi keyiyən, bu an xatırlaya bilmirəm!

Hərəkət etmədən fikirləşirdim. Anamın niyə fəryad etməsini indi daha yaxşı anlayırdım!

Artıq balaca qız yox, təcavüzə uğramış qadın idim. İçi parçalanmış, hissi alınmış, həm bədəninə, həm ruhuna, həm gələcəyinə təcavüz edilmiş qadın! Qadın kimi formalaşmayan kiçik bədənim, təcavüzün ən dəhşətlisinə məruz qalmışdı.

Yerdən qalxa bilmirdim. Sanki illərlə yatağa bağlı xəstə idim. İndi isə yataqdan yerə düşmüş, həmin köməksiz xəstədən fərqim yox idi.

Özümə gəlmədən növbəti dəfə eyni adamın təcavüzünə məruz qaldım. Üzünü cırdığım yekəpər hər dəfə şüşədə və ya güzgüdə üzünü görəndə çəkdiyi siqareti bədənimdə söndürərək, balaca fahişə ilə başlayan söyüşləri sıralayırdı. Təbii ehtiyacın üstümə tökürdü, “sizi belə məhv etmək lazımdır”deyirdi!

İstədiyi qədər istifadə etdikdən sonra məni otağından rədd etmələri üçün göstəriş verdi. Cüssəsi birinci adamdan bir az kiçik olan kişi qolumdan tutub dəhlizdən irəliləyərək, başqa bir otağa atdı. Həm baxışları, həm geyimləri, həm də üzləri bir-birinə bənzəyən bir neçə boz adam başıma yığıldı. Hamısı ac qurdun quzuya baxdığı kimi baxırdı. Məni otağa gətirən adam “satıram, bir qutu siqaretə” dedi. Hə, bir qutu siqaret! Anamın “sən dünyada hər şeydən qiymətlisən” deyə boyunu sevdiyi qızcığaz, beyni qaranlıq, ruhu dağınıq, dünyaları çirkab içində olan bir neçə insan tərəfindən maddi dəyəri bir neçə qəpik olan siqaretə satılırdı. Həmin an bir qutu siqaretə yox, anamın məni aldatmasına yanırdım!

Bədənim siqaret kötüyünün yanıqları, içim parçalanmış halda daha nə qədər dözə bilərdim?! Bəzən elə bilirdim gördüklərim yuxudur!
Amma hər dəfə diksinib özümə gəlirdim!

Ölmək üçün çarələr axtarırdım. Amma əslində ölüdən fərqim yox idi.

Qurtuluşum da belə oldu. Ölü bilib, digər cəsədlərlə birlikdə bir dərəyə atmışdılar. Sonra öyrəndim ki, əsgərlərimizdən biri təsadüfən xırıltımı eşidib, məni Ağdama-xəstəxanaya aparıb. Bir neçə il danışa bilmədim. Dilim tutulmuşdu.

Bədənimdəki yaralar sağaldı! Ancaq izləri həm bədənimdə, həm ruhumda qaldı. Elə həmin gündən bütün qoxular barıt, bütün rənglər qırmızı və qara, bütün səslər avtomat və bomba səsləri oldu.

Nə uşaqlığımı yaşaya bilmədim, nə gəncliyimi, nə qadınlığımı. Sevişmə sonrası qadın olmadım mən!

Gənc qızlıqdan qadınlığa keçid etmədim. Ehtiras, hərarət, istilik nədir bilmədim!

Əsir oldum, övlad oldum, şəhid qızı oldum, kimsəsiz oldum, şagird oldum, tələbə oldum, amma qadın ola bilmədim!

Aynanın qarşısına keçib, bədənimə baxanda siqaret izlərini görüb bədənimdən iyrəndim. Başımın sağ tərəfindən, həmin gün kökündən yolunan saçımın keçəl yerini görəndə, üzümdən iyrəndim! Fəryadımı kimsə eşitmədiyi üçün, qulağımdan getməyən səsimdən iyrəndim! Qadın olduğum gün, qadın olmağımdan iyrəndim! Qadınlığı rədd etdim!

Hamı məni Xocalıda təcavüzə uğramış qız kimi göstərdi. Bir daha mən yenə özümdən iyrəndim. Bir gerçək var idi əslində: mənim bədənimə, barmaqla göstərənlərin isə vicdanına təcavüz edilmişdi.

12 il yaşadığım Xocalı, ağlımda 4 gün və bir adla qaldı: Təcavüz!

Latest Posts

Don't Miss