Cəmiyyət

Anası ərini yatan vaxtı tərk etdi, əməliyyatı üçün pul tapılmadı, vəsiyyətinə əməl etmədilər

Showaz.net Kulis.az-a istinadən kino və teatr sənətinin ən məşhur simalarından biri, böyük aktyor Hamlet Qurbanov haqqında maraqlı faktları təqdim edir.

Hamlet Qurbanov 13 oktyabr 1938-ci ildə aktyor Ağadadaş Qurbanov və Opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olub.

***

Hamletin bir yaşı olanda onun valideynləri ayrılır. Anası Gülxar xanım ərini xəyanətdə ittiham edərək bir yaşlı oğlunu götürüb evdən çıxır. Həmin məqamda Hamletin atası evdə yatılı olur.

Hamlet Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu rejissor Mehdi Məmmədovun kursunu bitirir. Ali məktəbi bitirəndən sonra Azərbaycan Milli Dram Teatrında işə başlayır. Mehdi Məmmədovun quruluşunda Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesi əsasında hazırlanan doktor Lalbyüz rolu ona çox böyük müvəffəqiyyət gətirir

***

Oynadığı ilk rollardan biri haqqında maraqlı epizod danışırlar:

Hamlet Qurbanov teatra gəldiyi vaxtlarda Səməd Vurğunun “Vaqif” pyesində Əsgər rolunu oynayır. Axşam tamaşalarının birində üzünün bir hissəsini qrim edərək səhnəyə çıxır. Teatrın direktoru Əliheydər Əkbərov gənc aktyoru kabinetinə çağırır.

– Hamlet, niyə üzünün bir hissəsini qrim edib tamaşaya çıxmısan?

– Əliheydər müəllim, tamaşada mənim bir yerim var, orada da tamaşaçılar üzümün bir hissəsini görürlər. Mən də ancaq görünən hissəsini qrim elədim.

Ağadadaş Qurbanovla oğlu Hamlet eyni teatrda çalışsalar da bir-birləri ilə küsülü olublar. Amma bu küsülülük ailə məsələlərinə görə yox, teatrdakı problemlərlə bağlı olub.

***

Atası rəhmətə gedən ərəfədə isə Hamlet Qurbanov anası ilə birgə Moskvaya gedir. Hamlet rejissorluq ixtisasından imtahan verir. İkinci imtahanı verən zaman Gülxar xanıma Ağadadaş Qurbanovun ölüm xəbərini çatdırırlar. Xəbəri eşidən aktrisa ağlayır, Hamlet anasının səsini eşidib gələndə, o, ərinin ölümünü ondan gizlədir. Ölənin başqa aktyor olduğunu deyir, özü isə ertəsi gün Bakıya qayıdır. Lakin, elə ertəsi gün rejissor Eldar Quliyev bu xəbəri Hamletə çatdırır. Hamlet anasına zəng vurub ağlaya-ağlaya deyir: “Ana, axı sən niyə belə elə elədin? İndi mən atamla həmişəlik küsülü qaldım. Heç olmasa son dəfə gəlib onu yola salardım”.

***

Hamlet Qurbanov ana tərəfdən qohumu olan Cəmilə adlı xanımla evlənir. Bu evlilikdən onların Səlim adlı oğlu olur. Lakin, ailə bir müddət sonra uğursuzluq yaşayır, 33 yaşlı Hamlet xanımından ayrılıb tək yaşamağı seçir. Lakin, sonralar xəstəliyinin şiddətlənən dövrlərində aktyora Cəmilə xanım qulluq göstərir.

Sənət yoldaşlarının və yaxınlarının dediyinə görə Hamlet
Qurbanov olduqca qapalı, ünsiyyətə o qədər də meylli deyilmiş. Hamletlə birgə çalışmış iş yoldaşları onu belə xarakterizə edirlər: Onun öz dünyası var idi, həmişə xəyallarda olar, həmişə fikirli görünərdi. Hətta küçədə gəzəndə belə onu gözləyə bilən təhlükənin fərqində olmurdu. Kollektivlə qastrol səfərlərinə gedəndə, kino çəkilişləri ilə bağlı rayonlarda olanda təkliyə qapanar, heç kimlə deyib-gülməzdi.”

***

Xalq artisti Rafiq Əzimov hələ institut illərindən tanıdığı Hamlet Qurbanovu belə xatırlayır: “Çox qəribə insan idi. Deyib gülməklə, söz-söhbətlə heç arası yox idi, daha çox tənhalığı sevirdi. Həmişə oturub xəyala dalırdı, biz də belə anlarda ona mane olmazdıq. Çünki bilirdik ki, ürəyindən keçənləri heç kimlə bölüşən deyil. Tənhalıqda onu nə cəlb edirdi, heç birimiz bilmədik…”

Hamlet Qurbanov səhnədə xoşbəxt aktyor olmasına baxmayaraq, şəxsi həyatında xoşbəxt deyildi. Ailəsindən ayrılan Hamlet hər zaman qovuşa bilmədiyi sevgisinə sadiq qalmışdı. Aktyor məşhur bir aktrisa ilə eşq yaşasa da, həmin aktrisa ona xəyanət edərək başqası ilə evlənmişdi. Anası Gülxar xanım müsahibələrinin birində deyir ki, həmin aktrisa oğlu Hamletə saysız-hesabsız sevgi məktubları yazıbmış. Amma aktrisa ərə gedən gün Hamlet bütün məktubları yandırıb.

***

Deyilənə görə çoxdan xalq artisti adına layiq olan aktyorun əməkdar artist adını almasına günlər qalmış adı siyahıdan silinir. Bu da azmış kimi səhhətində müəyyən narahatlıqlar hiss edən aktyor bir gün həkim müayinəsindən keçən zaman öyrənir ki, illərlə onu narahat edən mədə xorası xəstəliyi xərçəngə çevrilib. İlk cərrahiyyə əməliyyatından sonra yaşayacağına ümid edir. Xəstə yatdığı günlərdə əhvalını soruşan həkimlərlə mehriban cavablar verir. Qocalıq haqqında söz düşəndə isə “ölüm gələr, ölərik” cavabını verir.

Aktyorluqdan başqa heç bir gəlir yeri olmayan Hamlet və onun anası Gülxar xanım ikinci dəfə müəyyən adamların qayğısıyla Moskvaya müalicəyə gedirlər. Üçüncü dəfə isə əməliyyat üçün pul tapılmır. Bu müddət ərzində anası neçə idarəni ayaqdan salsa da, yeganə övladının müalicəsi üçün lazım olan məbləği tapa bilmir. Bir müddət sonra isə həkimlər ona daha gecdir cavabını verirlər.

***

Heç bir fəxri adı olmayan Hamlet Qurbanovun vəziyyəti günü-gündən pisləşir. Ömrünün son günlərində onu görənlər gözlərinə inanmırlar. Xəstəliyin şiddətindən tanınmaz hala düşən Hamlet Qurbanov 16 noyabr 1995-ci ildə xərçəng xəstəliyindən vəfat edir. Yasamal qəbiristanlığında basdırılır.

Hamlet öləndə anasına iki şeyi vəsiyyət edir. Bir heç vaxt ağlamamağı, bir də onu atasının yanında dəfn etməsini. Bəzi rəsmi məsələlər isə Hamletin vəsiyyətinə mane olur. Bu səbəbdən Gülxar Ağadadaş Qurbanovun məzarını ziyarət etməyə gedə bilmirmiş. Hər dəfə ora gedəndə oğlunun yerinə yetirə bilmədiyi vəsiyyəti yadına düşürmüş.

Back to top button