Cəmiyyət

İşgəncə verilən modelin anası DANIŞDI: “Bədənində sağ yer yox idi” – FOTO

Tanınmış model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən sevgilisi, iş adamı Ziya Hüseynovun məhkəməsinin növbəti iclası keçirilib.

Showaz.net lent.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Raziyyat Əliyevanın anası, zərərçəkmiş şəxs Xadijat Quliyeva ifadə verib.

Onun sözlərinə görə, bir gecə qızı Razi mesaj yazaraq anasını öz evinə çağırıb:

“Bir gecə Razi mənə mesaj yazdı ki, təcili olaraq bizim evə gəl. Mesajı görəndə özümü itirdim. Geyinib, evdən necə çıxdığımı bilmədim. Razinin evinə çatmağıma az qalmışdı ki, o, “hər şey yaxşıdı, gəlmə” deyə mesaj atdı. Amma ağlım qızımın məni çarəsiz çağırışında qalmışdı. Dözmədim, qalxdım evə. 

1 ay idiki qızımı görmürdüm. Qapını açanda Razinin çox arıqladığını, skeletə döndüyünü gördüm. Qızımı qucaqlayıb, ağladım. Sanki Razi yox idi. Üzündə balaca qançırlar vardı”.

Sevgilisi tərəfindən işgəncələrə məruz qalan model Razi Əliyevanın anası məhkəmə zalında ifadə verən zaman həmin anları xatırladığı üçün ağlamağa başlayır. Ağlaya-ağalaya bu hadisəyə dözə bilmədiyini deyir:

“Bir ananın ən çarəsiz anıdı belə zamanlar”.

Xadijat Quliyeva özünə gəldikdən sonra ifadəsinə davam edib:

“Üzündəki qançırların səbəbini soruşdum və qucaqladım. Mezoterapiyaya getdiyi üçün belə olduğunu dedi. Elə bu an evdən kişi səsi eşitdim. Ziyanın səsinə oxşadı. Çünki qızımın həyatında Ziya adlı birinin olduğunu bilirdim, hətta tək-tük səsini də eşitmişdim”.

Zərərçəkən ana qızı ilə hara gedirdisə, Ziyanın onları ruh kimi izlədiyini vurğulayıb:

“Razi ilə hara gedirdiksə, Ziyanı orda görürdüm. Sanki qızımı hər yerdə izləyirdi.

Qızım Ziyanı yaxşı insan kimi tanıtmışdı. Mən də onu görəndə yaxşı oğlan kimi tanıdım. Ziya ilə bağlı təəssüratlarım çox əla idi. Razini çox sevdiyini, evlənmək istədiyini deyirdi. Bunları eşidəndən sonra mən Ziyanın tərəfini saxlamağa başladım. Qızıma problemləri çox böyütməməsini  məsləhət görürdüm.

Həmən gecə Razi məni çağıranda ağlaya-ağlaya “Ana, Ziyaya denən, mənə əl qaldırmasın” dedi. Bizim ailədə heç zaman şiddət olmayıb. Qızımın boğazında dırnaq izləri gördüm. Mənə hələ də çatmırdı ki, Ziya onu döyür”.

Ana yaşadığı psixoloji sarsıntı səbəbindən ifadə verən zaman halı dəfələrlə pisləşib, ağlamağa başlayıb.

Raziyya Əliyevanın anası sakitləşəndən sonra ifadəsini davam etdirib:

“Qızıma dedim ki, dur gedək bizim evə. Telefonu dayanmırdı. Ziya ard-arda zəng edirdi. Telefonda qışqıraraq “heç yerə getməyəcəksən, evdə oturacaqsan” deyirdi.

Telefonu aldım dedim ki, sən qızımın nişanlısı, əri deyilsən. Başa düşmədim, qızımı öz evimə apara bilmərəm? Övladımı evimizə apardım. İki gün bizdə qaldı. İki gün içində telefonu yenə dayanmırdı. Ziya zəng edirdi. İki gün sonra qızım hər şey qaydasında olduğunu, barışdıqlarını deyib, öz evinə qayıtdı”.

Ana qızının bədənində salamat yerinin olmadığını deyib:

“Bir gün qapı döyüldü. Razi ilə rəfiqəsi Gülnar gəlmişdi. Çox sevindim. Çünki qızımı gec-gec görürdüm. Nə vaxt onlara getmək istəyirdim, məni yola verirdi. Sonra anladım niyə belə edir. Bədənində salamat yer yox imiş. İstəmirdi bunları görüm.

Bir gün qızımla səhər yeməyində görüşdük. Razi çox qalın təbəqəli makiyaj etmişdi. Bunun səbəbini soruşdum, cavab vermədi. Sən demə bədənində, üzündəki göyləri makiyajla bağlayırmış. Nə isə, Razi ilə rəfiqəsi bizə gəldi. Çox sevindim, oturduq söhbət etdik. Razi bizdə qalmağa başladı. Ziya hər gün qapıya güllər göndərirdi. Qızım amma bu güllərdən qorxurdu. Məsləhət gördüm ki, “ayrıldıq” sözü yazsın və Ziyadan ayrılsın. Zənglərinə, mesajlarına cavab verməsin. Bir gecə Ziya qapıya dayandı. Qapını qırırdı. Ona getməsini dedim. Getmədi. Polisi çağırdım. Mən ərizə yazdım, Razi yazanda ağlamağa başladığım üçün başqa otağa keçdim. Sonra həmin otağa qayıdanda qızımın polisə bədənindəki göyərən yerlərin şəkillərini göstərdiyini gördüm. Bir ananın ən çarəsiz anı idi. Qızımı qucaqlayıb ağlamağa başladım. Həmin an hansı acılar çəkdiyimi anlaya bilməzsiniz”.

Qadının ifadəsi bildikdən sonra, prokurorun suallarını cavablayıb.

Prokuror anadan Razinin “Mercedes” markalı maşınının kim aldığını soruşub. Ana qızının hər şeyi özü aldığını bildirib. İfadəyə qulaq asan təqsirləndirilən Ziya Hüseynov saxta gülüşlər və bədən dili ilə sanki ifadənin yalan olduğunu demək istəyirdi.

Zərərçəkənin vəkili gələn iclasda Razi ifadəsini Ziya olmadan vermək istədiyini bildirib. Vəkil qeyd edib ki, Razi Əliyeva Ziya Hüseynzadə ilə qarşılaşmaq istəmir.

Məhkəmə prosesinin sonunda Ziya Hüseynzadə istintaq zamanı Razi Əliyeva ilə üzləşmənin tələb olunmasına baxmayaraq, Razinin iki dəfə fərqli səbəblər gətirərək üzləşmədən yayındığını bildirib. Təqsirləndirilən Ziya Hüseynzadə etiraz edib ki, Razi Əliyeva məhkəmə zalında onun da iştirak etdiyi prosesdə ifadə versin.

Məhkəmə istintaqı martın 27-də davam etdiriləcək.

Hadisənin təfərrüatlarına gəldikdə, ittihamda qeyd edilib ki, Z.Hüseynzadə R.Əliyeva ilə münasibətlərinin pozulmasından sonra onu dəfələrlə döyərək xəsarətlər yetirib. Yaşadığı evdə başını dəfələrlə döşəməyə çırparaq işgəncə verib. Həmçinin yaşadığı 13-cü mərtəbədəki mənzilin pəncərəsinin qarşısına gətirərək onu yerə atmaqla hədələyib.

Bundan başqa, Ziya Hüseynzadə Raziyyat Əliyevaya məxsus olan 185 000 manat dəyərindəki “Mercedes” markalı avtomobili təhvil verməsini hədə-qorxu ilə tələb edib. Modelin Türkiyəyə getməsindən sonra isə həmin avtomobilin yerini müəyyən edərək evakuatorla yaşadığı bağ evinə aparıb. Burada maşını zədələyərək 94 000 manatlıq ziyan vurub.

Bu hadisələrdən sonra Raziyyat Əliyeva döyülməsi və sosial şəbəkələrdə naməlum şəxslərin onunla bağlı videolar paylaşması ilə əlaqədar polisə müraciət edib. Bu videolarda Ziya adlı şəxs onu xəyanət etməkdə ittiham edib. R.Əliyeva görüntülərlə bağlı ictimaiyyətə və polisə müraciət edərək şiddətə məruz qaldığını bildirib. Aparılan araşdırmalardan sonra Z.Hüseynzadə barəsində cinayət işi başlanılıb və o, həbs edilib.

Xatırladaq ki, iş üzrə 3 zərərçəkmiş – Raziyyat Əliyeva, Gülnar İsayeva və Xadijat Quliyeva var.

Qeyd edək ki, Ziya Hüseynova qarşı Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 134, 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə), 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 221.1.1 maddələri ilə ittiham irəli sürülüb.

Back to top button