“Uşaqların tərbiyəsi ilə valideyn məşğul olmalıdır. Çünki hər şey ailədən başlayır. Məgər uşaq anadan olanda məktəbdə dünyaya göz açır?! Tərbiyə evdən başlayır”.
Panarama.az bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış müğənni Akif İslamzadə deyib.
O, ötən gün Gəncədə 11-ci sinif şagirdinin qətlə yetirilməsindən sonra sosial şəbəkələrdə məktəblərlə bağlı yayılan müzakirələrə münasibət bildirib.
Xatırladaq ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M. P. Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17 yaşlı F. Şabanov tərəfindən bıçaqlanaraq öldürülüb. Fakta görə Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib.
Məsələyə münasibət bildirən A. İslamzadə söyləyib ki, bu gün valideynlər uşaqlarına nəzarət etmirlər:
“Bunun üçün isə vaxt olmalıdır. Ya valideynlərin özlərinə başları qarışıb və uşaqların başını buraxıblar, ya da ki, çörəkpulu dalınca qaçırlar deyə, axırda da belə olur. Bizim vaxtımızda uşağı məktəbə qoyanda müəllimə deyirdilər ki, “əti sənin, sümüyü mənim”. Uşaq da o təlim-tərbiyəni görüb böyüyürdü. İndi isə Avropada olan axmaq-axmaq nələr varsa, bizimkilər də baxıb təkrar edirlər. Ümumiyyətlə, təhsil sistemi bütövlükdə dəyişilməlidir. Çünki ata-anamızdan sonra bizim üçün ən müqəddəs obraz müəllim olub. Bir peşəni hörmətdən salmaq üçün onu adiləşdirmək lazımdır. Bu gün biz bir-birimizə “müəllim” deyirik, müəllimlərin cibinə pul basırıq. Ən dəhşətlisi isə budur ki, yuxarı sinif şagirdləri müəllimdən “ştuçnı” siqaret istəyirlər ki, ver, çəkim”.
Onun sözlərinə görə, bunun kökündə dayanan problem isə birdir:
“Təhsil sistemi dəyişdirilməlidir. Bizdəki təhsil sistemi Qərb təhsil sistemidir. Əvvəllər ruslara, onlardan da bizə keçib. Ona görə də, bu təhsil sistemi kökündən dəyişilməlidir. Mən uşağı vurmağın tərəfdarı deyiləm, lakin tutaq ki, müəllim uşağın qulağını burubsa, bunu problem etmək nəyə lazımdır? Yenə deyirəm, bütün təhsil sistemi dəyişilməlidir. Belə təhsil sistemi olmaz. Təlim-tərbiyə isə ailə və mühitdən başlayır”.
“Bu barədə bir misal çəkmək istəyirəm. Bir həftənin hadisəsidir. Dostumgilə gedirik, liftin qabağında gözləyirik. Bir nəfər 20-21 yaşında oğlan durub liftin qarşısında. Orada da 2-3 lift kabinəsi var. Oğlanın basdığı düymədə lift tez gəldi. Özü də başa düşdü ki, biz ona tərəf gedirik, hətta bizi gördü. O, lifti saxlaya bilərdi, amma qalxdı yuxarı. İndi sual edirəm ki, bunun günahı kimdədir? Valideyn və məktəbdə. Bu cavan uşaqların belə günahlarının bir ucu gəlib bizə çıxır.
Bu problem bütün dünyada var. Bu dövrün adı da axır-zamandır. Bəşər tarixində bir Nuh peyğəmbərin dövründə belə mənəviyyatsızlıq olub, bir də indi. Allah o vaxtı bizi su ilə imtahana çəkdi, indi də, inşallah, odla imtahana çəkər. Çünki bu bəşər özünü doğrultmadı”, – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.