Monday, November 25, 2024

Latest Posts

“Hicab taxır, amma dar şalvar, retuz geyir, hamı dönüb baxır…”

“Qurani-Kərim kitabında Hicab ayəsi var, Allah – Təala o ayədə qadınlara örtünməyi əmr edib. Buna görə də müsəlman qadın hicablı olmalıdır. Lakin müasir cəmiyyətə uyğun olaraq bir çox alim və mütəxəssislər belə bir fikir ifadə edirlər ki, biz digər ölkələrdən də fərqlənməliyik. Bu gün bir çox aydınlar düşünür ki,  ölkəmizdə ümumiyyətlə dini model fərqli olsa, yaxşıdır. Çünki Azərbaycanın mədəniyyəti digər ölkələrlə müqayisədə tamamilə başqadır. Hicab məsələsində də qədimdən gələn, gözəl geyim formalarımız mövcuddur.  Məsələn, qadın başına sadəcə kəlağayı örtməklə kifayətlənir”. 

Bu fikirləri “Yeni Sabah”a ilahiyyatçı Əkrəm Həsənov bildirib. O qeyd edir ki, bu gün bir çox qadınlar özləri də qapanmaq istəmirlər:

“Dinimizdə buyurulub ki, qadınlar örtüklərinin uclarını sinələrinin üstünə çəkməlidir. Lakin konkret hicab forması qeyd edilməyib. Bunu artıq cəmiyyətin özü formalaşdırır.  Məsələn, ərəb mədəniyyətində ancaq gözlər görünür, yaxud türklərdə ayrı formalardadır. Konkret forma tətbiq olunsa belə, heç kəs buna tabe olan deyil. Son zamanlar hicablı xanımların sayının artdığını da müşahidə edirik. Küçədə, mağazada, iri şirkətlərdə, metroda, avtobusda – hər yerdə əvvəlkindən daha çox hicablı qız və qadınlarla rastlaşırıq. Amma kaş hicaba büründüyünü güman edənlərin hamısının zənni düz çıxaydı və onların hamısı həqiqi hicablı olaydı. Dərk edəydilər ki, hicab yalnız başı bağlamaqdan ibarət deyil. Hicab yalnız sifəti və biləkdən aşağı əlləri çıxmaq şərti ilə bütün bədəni paltarla örtməklə də bitmir. Hicablıların sayı artdıqca, şəhərimizdə bununla bağlı müxtəlif dəblər də daha çox gözə dəyir. Xanımların bir hissəsi, necə deyərlər, “Hade”sayağı hicab bağlayır. Yəni saçlarının hamısını örtsən kifayət edər, boyun-boğaz açıqda qalsa da eybi yoxdur. Yaylığı alnından sıxıb boynunun arxasında düyünlə, vəssalam – bu da oldu hicab. Bir başqa dəb, necə deyərlər, İransayağı hicab bağlamaq da ara-sıra gözə dəyir. Yaylığı təpənin ortasından çəkib boğazın altından düyünləyirsən, saçın qabaq hissəsini və kəkili isə nümayişə qoyursan. Bundan da betər hicab növləri olur. Məsələn, saçını, başını, boyun-boğazını örtürsən, amma əyninə dar şalvar ya retuz geyinib, köynəyin ətəyini belindən ən uzağı yarım qarış aşağı buraxırsan. Ya da ki parlaq, bəzəkli parçadan paltar geyinirsən, o cür materialdan olan yaylıq bağlayırsan, ayağına da dikdaban çəkmə geyirsən, bütün şəhər dönüb sənə və sənin yol-yerişinə baxmağa məcbur olur”. 

İlahiyyatçı makyaj edən hicablı qadınlardan da söz açıb:

“Kosmetikadan danışmağa dəyməz. Həqiqətən, bəzi hicablı xanımların makyajı sürrealist rəssamların alabəzək tablolarını xatırladır. Hicab geyinən qadınların müxtəlifliyi çox olduğu üçün cəmiyyətdə hicaba qarşı ikrah hissləri müşahidə olunur. Bunun səbəbi çox hallarda hicab adı ilə ancaq başını örtüb, dar şalvar, digər bədəni bilinən paltarlar geyinən qadınların çoxalmasıdır. Küçələrdə, yollarda o qədər hicablı qadınlarla rastlaşırıq ki, həqiqətən də onun hicab taxmaması daha yaxşı görünür. Başını bağlayan bəzi hicablı qadın dar geyimiylə yanaşı, çoxları üzünə o qədər makiyaj vururlar ki, birbaşa kişilərin diqqətini cəlb edir. Dodaqlarını həddən çox şişirir, pamada, pudra çox vurur, qaşını həddən artıq incəldir və bununla da hicaba qarşı mənfi fikir formalaşdırır. Həmçinin öz eyiblərini, günahlarını, səhvlərini gizlətmək üçün hicab taxanlar da çoxdur. Halbuki Allahın əmri olan hicab sahibi hicab anlayışının mahiyyətini dərindən dərk edərək, bütün üzvlərini hicablı (yəni abırlı) etməlidir. 

İslam dini həddən çox bər-bəzəyini nümayiş etdirən, başını örtüb açıq geyinən qadınların etdiklərindən uzaqdır. Bu artıq həmin qadınların öz xarakterindən asılı olan bir məsələdir. Ya həmin qadın dəb üçün belə edir, ya da diqqəti özünə cəlb etmək üçün belə bir addımlar atır. İslam dininə görə isə qadın yalnız öz əri üçün bəzənməlidir. Yalnız evində ərinin qarşısına makiyajlı çıxmalıdır. Əks təqdirdə onun hicab bağlamasının savabı yox, daha çox günahı vardır. Çünki bununla da hicaba qarşı cəmiyyətdə mənfi fikirlər formalaşdırır. Hər halda bütün bunları tənzimləmək üçün cəmiyyətin aparıcı qüvvələri də bu məsələdə müzakirələri artırmalıdırlar”. 

Latest Posts

Don't Miss