BAprel şəhidi, polkovnik-leytenant Raquf Orucov haqqında 10 qeyri-adi faktı təqdim edirik.
1. Doğulduğu kəndin adı Cinlidir. Ağdam rayonunun məşhur “Kolanı dərəsi”ndə yerləşir. Əfsanəyə görə, bir vaxtlar bu yiyəsiz dərədə cinlər yaşayırmış. İgid insanlar cinlərlə döyüşərək, onları qovub və Xaçın çayının sahili boyu kənd-kəsək salıblar.
2. Qarabağ müharibəsi başlayanda Raquf Orucov Özbəkistanda əsgərlikdə idi. Hadisələr barədə eşidəndə qaçıb Azərbaycana gəldi və mərhum Allahverdi Bağırovun batalyonuna yazıldı. Yaşından uşaq göründüyü və fiziki cəhətdən balaca olduğu üçün atası onu “piser” qoydurur və dönə-dönə tapşırır ki, döyüşlərə getməsin. Lakin Raquf təcili yardım maşınına minib döyüş səngərinə gedir, əsgərlərdən avtomatı alıb döyüşürmüş
Komandir
3. 1993-ün yayında ermənilər Cinliyə hücum edərkən anası Raya xanım şəhid olur və meyiti atəş zolağında qalır. O vaxt Raquf Orucov Abdal-Gülablı istiqamətində döyüşlərdə idi. Xəbəri eşidən kimi gəlir və gecə təkbaşına gedib anasının meyitini çıxarır. Anası Çulluda dəfn olunur, yeddisi çıxmamış Çullu, qırxı çıxmamış Ağdam alınır.
4. Raquf Orucov Murovda işlədiyi 5-6 il ərzində 40-dan artıq irimiqyaslı kəşfiyyat əməliyyatı keçirir və heç vaxt de-şifrə olunmur. Hətta əməliyyatlardan çox sonra da düşmən bu barədə heç nə bilmir. Ozamankı komandiri Fəxrəddin Cəbrayılovun dediyinə görə, o Murovun Kəlbəcər istiqamətinin ən incə detallarınacan xəritəsini çıxarmışdı. Həmin vaxtlar müharibə başlasaydı Azərbaycan ordusu hara hücum etmək, harda nəyi vurmaq lazım olduğunu ovuc içi kimi biləcəkdi.
Atası İbrahim kişi. Oğlunun şəhadətindən sonra çox yaşamadı
5. 1995-ci ildə Murovda 6 əsgərimiz dumana düşüb azır və ermənilərin əlinə keçir. Nə qədər danışıqlar aparılsa da ermənilər ayağını yuxarı qoyur, girovları azad etmək müqabilində çoxlu pul, neft istəyirlər. Belə bir vaxtda bizimkilər də girov gətirmək məcburiyyətindədir. Raquf Orucov Kəlbəcər tərəfə keçir, lakin hərbi hissələrdən əsgər çıxara bilmir. Vəziyyətin qəlizliyin görən komandir Ermənistana – Göyçə mahalına keçir, üç nəfər götürüb, Gədəbəyə gəlir. Üç nəfərin biri 13 yaşlı uşaqdır. Bir az sonra məlum olur ki, uşaq ermənilərin alay komandirinin oğludur. Bu hadisədən sonra psixoloji üstünlük Azərbaycan tərəfə keçir və ermənilər uşağın azad edilməsi üçün yalvarmağa başlayır.
Şəhid ana, şəhid oğul
6. 1998-ci ildə Raquf Orucov rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Kəlbəcər gedir və Dəmirçidam yaxınlığında yerləşən erməni hərbi hissəsinin əsgərlərinin səhər düzülüşünü videoya çəkib gətirir. Bu, Qarabağın hərb tarixində ilk belə hadisə olduğu üçün dillərdə gəzir. Məhz bu kimi qəhrəmanlıqlarına görə ona “Murov qartalı” ləqəbi verilir, haqqında əfsanələr dolaşır.
Həyat yoldaşı Sevinc, oğlu Aqşin. Göygöl. 2000-ci il
7. Həyat yoldaşı Sevinc Əlizadənin dediyinə görə, Raquf Orucov tətil günlərində də evdə qalmırdı, səngər üçün darıxırdı. Hərbidə olduğu 25 il ərzində heç vaxt hərbi səhra formasını dəyişməmişdi.
8. Nişanlı olduqları vaxt Sevinclə görüşə gedəndə qardaşı ona kostyum və köynək alır. Görüş vaxtı Sevinc xanım ona baxanda gözlərinə inana bilmir: köynəyin boynundakı kartonu çıxarmayıbmış! Evli olduqları vaxt bu hadisəni Raquf Orucovun yadına salıb zarafatlaşmaq istəyəndə, onun cavabı lap maraqlı olur. Sən demə, Raquf köynəyin yaxalığında karton olduğunu bilmirmiş. Çünki əsgərliyə çağırıldığı gündən hərbi formanı əynindən çıxarmamış, köynək geyinməmişdi.
Aqşin indi ADA-nın məzunudur
9. Əsgərlərə münasibəti haqqında fərdi əsgəri olmuş Rəşad Qasımov qəribə bir əhvalat danışır:
“Ağcabədidə batalyon komandiri olan vaxt qəfil əsgərlər yoluxucu xəstəliyinə yoluxdu. Çoxunun temperaturu qalxdı. O vaxt verilən dərmanlarla bunun qarşısını almaq olmurdu. Raquf Orucov bütün zabitləri yığdı. Özü əvvəl əlini cibinə atıb 50 manat qoydu stola, dedi, kimin imkanı nəyə çatır versin, dərman alaq. Hamı pul qoydu, məni dərman almağa göndərdilər. Geri qayıdanda gözlərimə inanmadım. Batalyon komandiri, mayor Raquf Orucov dizlərini yerə atıb ağır vəziyyətdə olan bir əsgərin ayaqlarını isti suya qoyurdu.”
Son fotosu. Oğlu Nihad (soldan birinci) və qardaşı uşaqları ilə
10. Şəhid olanda Xüsusi təyinatlıların komandiri, polkovnik-leytenant idi. Onun son döyüşlərdəki igidliyi haqqında çoxlu əhvalatlar nəql olunur. Raquf Orucov ömrü kimi canını da vətən yolunda fəda etdi və şəhidlik zirvəsinə ucaldı. Onun Sumqayıtdakı dəfni Azərbaycan tarixinin ən izdihamlı dəfn mərasimlərindən biri idi. Şəhid olandan sonra məzarının üstünə anonim yazılmış sevgi məktubları qoyulurdu. İnsanlar ona olan sevgilərini yüksək emosiya ilə yazıb gül çiçəklə birlikdə məzarına qoyurdular.