“Azərbaycanda ancaq mənim kimi fədakar adamlar kitabla məşğul olur. Yaşıdlarım bank açır, binalar tikirlər, kafe, restoranlar, zavod-fabriklər işlədirlər”.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu fikirləri Əməkdar artist Bəhram Bağırzadə instagram hesabında paylaşıb.
O fikirlərini belə davam etdirir:
“Mənim də onları etməyə imkanım var. Ağlım da çatır, ətrafımda çox güclü dostlarım da var. Bir xahiş etsəm, mənim üçün şərait yaranacaq. Amma mən 30 il “KVN”-də oynadım ki, Azərbaycanı tanıtdırıram. İndi də son 4-5 ildir, kitab çap etdirməklə məşğulam. Ona görə ki, uşaqlar nə isə oxuyub, öyrənsinlər. Tanısınlar ki, Fikrət Əmirov kimdir, Qara Qarayev kimdir, musiqi nədir və s. Mənim fikrim ancaq odur. İnanın mənə, hər şeyi bacarıram. İnsanın ağlı, başı olanda hər iş görə bilər. Komanda yığırsan, edirsən. Amma mən istəyirəm təkcə uşaqlarla məşğul olum. Mənim böyüklərlə işim bitdi. Ərdoğan demişkən, mənim üçün Davos artıq bitdi. İndi bilmirəm düzdür ya yox, ancaq yoldur”.
Bəhram Bağırzadə qeyd edib ki, ölkədə onu dəstəkləyən biznesmen və vəzifəli şəxslər var:
“Mənim gördüyüm işlərin nəticəsini o dünyaya gedəndən sonra görəcəklər. O zaman deyəcəklər ki, Allah Bəhrama rəhmət eləsin. Onda başa düşəcəklər ki, Bəhram nə demək istəyirdi, niyə kitab çap etdirirdi.
Mənim çox güclü dostlarım var və mənə kömək edirlər. Köməkləri isə kitabları əldə edib, imkansız ailələrə hədiyyə verməkləridir. Həmin aksiyaları mən keçirə bilirəm. Xəstə uşaqlara göndəririk. Bunları danışmaq günahdır, ən azı ayıbdır. Mən bunları demək istəmirəm. Amma bildirmək istəyirəm ki, respublikamızda çox möhtəşəm, müdrik, sağlam düşüncəli biznesmenlər var. Nəinki onlar, hətta vəzifəli şəxslər də mənə deyirlər ki, sən düzgün yoldasan və bunu etməlisən. Çünki səndən başqa bu işlə məşğul olan yoxdur. Bu səbəbdən uşaq ədəbiyyatı ilə məşğul oluram. Bir iki il sonra inşallah baxarıq”.