Wednesday, November 27, 2024

Latest Posts

Atasını vuranı bağışladı, öləcəyini internetdən öyrəndi -“Ələkbər əmi”nin FACİƏVİ həyatı

 Uşaqların Ələkbər əmi kimi tanıyıb sevdiyi Ələkbər Hüseynov haqqında maraqlı faktları təqdim edirik.
Ələkbər Adıgözəl oğlu Hüseynov 1961-ci ildə Bakıda, əslən Gəncədən olan, Bakı Dəmir yolunda maşinist işləyən Adıgözəl kişinin və Yaqut xanımın ailəsində evin yeganə övladı kimi dünyaya göz açıb.1983-cü ildə Ələkbərin atasını avtomobil vurur. Ovaxtkı Abşeron Tərəvəz İnstitutunun direktorunu gəzdirən maşının sürücüsü hər gün onlara gəlib yalvar-yaxar edir, göz yaşları axıdıb deyir: “Mənim beş balaca uşağım var. İndi hər şey sizdən asılıdır. Onları yetim qoymaq istəmirsinizsə, şikayətçi olmayın”.Ələkbər onu bağışlayır, üstəlik, anasını da razı salır: “Ay ana, yazıqdır. Hamının başına gələ bilər. Onu tutdursaq da, atam sağalan deyil”.Atası isə yataq xəstəsinə çevrilir. On bir ildən sonra, 1994-cü ildə vəfat edir.

Anası Yaqut Hüseynova:“Ələkbər 1961-ci ildə anadan olmuşdu. Sakit uşaq idi. Səkkizinci sinfə qədər o biri uşaqlardan heç nəylə fərqlənmirdi. Öz otağına çəkilər, özünə müxtəlif məşğuliyyətlər tapardı. Daha burada nələr düzəltmirdi: təyyarə, maşın, qatar. Onun üçün “Texnika-molodyoji” jurnalını alırdıq. Ordan maraqlı konstruksiyalar seçib qurur, redaksiya ilə əlaqə saxlayır, gənc texniklər üçün keçirilən tədbirlərdə iştirak edirdi. Bir dəfə indiki Azadlıq meydanında keçirilən yarışda onun quraşdırdığı təyyarə modelini uçurtdular. Bu an mənə elə gəldi ki, bu, Ələkbərin fantaziyası, sakit, mülayim təbiətində gizlədib-saxladığı xəyallarıdır, genişliyə, ümmana doğru uçur. Ondan daim ehtiyat edirdim. Bir az zəif uşaq idi, tez-tez soyuqlayardı. Ona görə də çalışırdım, onu bu işdən, açıq havada təyyarrə uçurmaqdan uzaqlaşdırım.Amma hardasa 13-14 yaşlarından o özü texnikadan daha çox musiqiyə, rəqsə meyil göstərməyə başladı. Nəyə görəsə son vaxtlar xırda-xırda bizdən pul alır, özü üçün yığırdı. Günlərin bir günü gördük budur, həmin pula nağara alıb gətirib evə. Azca keçəndən sonra qarmon, sonra maqnitofon aldı. Beləcə, otağını incəsənət guşəsinə çevirdi. Həm də məktəbdə də özfəaliyyət musiqi dərnəyinin solisti kimi çıxış edirdi. Səs ona atasından keçmişdi. Adıgözəlin də gözəl səsi, qeyri-adi ifa tərzi vardı. Ələkbərin səsi isə çox nadir rast gəlinən tembrə malik idi. Bir gün də eşitdik ki, rəqsə gedir. Hardasa bir il rəqsə gedəndən sonra müəllimi ona belə xarakteristika verdi: bu uşaq artıq peşəkar rəqqasdır. Sən demə, Ələkbərin axtarışları bununla da bitməyəcəkdi. Bir gün gəlib bizə xəbər verdi ki, Yuri Qaqarin adına Pionerlər Sarayında (indiki Tofiq İsmayılov adına Uşaq və Gənclər Sarayı – red.) dram dərnəyinə yazılıb. Bax özünü, nəhayət, orda tapdı. Ona baş rollar verirdilər. Bir gün məni Mark Tvenin əsəri əsasında hazırlanmış “Şahzadə və dilənçi” tamaşasına çağırdılar. Tamaşa anşlaqla keçdi. Mən hətta unutmuşdum ki, baş rolda oynayan mənim uşağımdır. Tamaşaya baxdıqca gülür, ağlayırdım. Onuncu sinfə qədər Ələkbər bütün diqqətini, gününü, vaxtını dram dərnəyinə sərf etdi. Bir-birinin ardınca müxtəlif tamaşalarda çıxış etdi. Açığı, istəmirdim bu yolu tutsun. Onu fikrindən döndərmək, başqa sənət seçməyə yönəltməyə çalışırdım: “Alik, bax a… Birdən artistliyə meyil salarsan… Biz atanla səni tamam başqa sahənin adamı görmək istəyirik”.

Bakıdan Şəkiyə və geriTaledən qaçmaq olmur. O, aktyor olmalıydı. Onuncu sinfi qurtaran kimi sənədlərini İncəsənət İnstitutunun aktyorluq fakültəsinə verir.
”Mən də bağda oturub nəticəni gözləyirdim. Mənimlə yanaşı dayanan, skamyada əyləşən valideynlər dilənçilərə pul verir, dua eləyirdilər ki, uşaqları yaxşı qiymət alsın. Mənsə ürəyimdə Allaha yalvarırdım ki, qoy, Ələkbər daxil olmasın. İstəmirdim o, aktyor olsun. İstəyirdim, texniki elmlərə yiyələnsin, alim olsun. Bir də gördüm əllərini havada yellədə-yellədə mənə doğru gəlir. O anda başa düşdüm ki, Allah belə məsləhət görür, oğlum aktyor olacaq. Mənim yalvarışlarımın heç bir əhəmiyyəti yoxdur”.
İxtisas fənnindən imtahan götürən müəllimlər, professorlar Mehdi Məmmədov, Rza Təhmasib, Ələmdar Quluzadə, Nəsir Sadıqzadə və digər hörmətli pedaqoq və sənətkarlar Ələkbərə şeir dedizdirdikdən, etüd oynadandan, mahnı oxutdurandan, rəqs etdirdikdən sonra onun aktyor olacağına tam əmin, arxayın olmuş, hamı ona “əla” qiymət yazmışdı.***İnstitutu bitirdikdən sonra Şəki teatrına göndərilir. 1982-ci ildə hərbi xidmətə çağırılır, bir ildən sonra təzədən Şəkiyə qayıdır.1987-ci ildən Azərbaycan Dövlət Kukla Teatrında işləməyə başlayır.Və zamanla balacaların “əmisinə”, böyüklərin də sevimli aktyoruna çevrilir.Əminin sevgi tarixçəsiAfaq Hüseynova (həyat yoldaşı):“İlk baxışdan xoşuma gəlmədi. Analarımız bir yerdə işləyirdilər. Anası məni xoşlamışdı, anamla qərarlaşmışdılar ki, bizi görüşdürsünlər. Bir axşam Yaqut xala ilə bir qarayanız oğlan gəldi evimizə. Ortaboylu, saçlarını qalın, qıvrım, qapqara. Birinci görüşdə nəyə görə xoşuma gəlmədi, bilmirəm. Amma ikinci görüşdə mən konservatoriyada oxuyurdum. Dərsdən çıxanda gördüm, məni gözləyir. Üzündə elə xoş ifadə vardı ki, deyərdin, biz yüz ildir tanışıq. Danışmağa başladı, özü də nə başladı. O qədər maraqlı, məzəli, üstəlik, mənim üçün yeni söhbətlər… – bütün varlığımla ona diqqət kəsilmişdim. Beləcə axşamacan şəhəri gəzdik. Mən o görüşü heç vaxt, heç vədə yadımdan çıxarmayacağam. O görüş bizi bir-birimizə əbədi bağladı. Əbədi. Bu gün Ələkbər dünyada yoxdur, amma o görüşün təəssüratı yaşayır. Özü də təkcə mənim daxilimdə yox, ikimizin arasında yaşayır. O günü, ona bənzər başqa günləri, mən Ələkbərlə birgə xatırlayıram.Bir dəfə uroloji xəstəxanada əməliyyat keçirmişdi. “Qətl günü” tamaşasının televiziya variantı hazırlanırdı. Onu heç kimlə əvəz eləmədilər. Əsərin müəllifi Yusif Səmədoğlu özü imkan vermədi ki, onu kiminləsə əvəz etsinlər. Ələkbər azca özünə gələn kimi onu xəstəxanadan çəkilişlərə aparır, sonra yenə qaytarırdılar palataya. Hətta çəkilişlərin birində qanazlığından huşunu itirdi. Təcili xəstəxanadan telestudiyaya həkim çağırıblar.Ələkbər üçün nə kiçik rol var idi, nə də kiçik iş. Hər şeyə peşəkar yanaşırdı. Adi su kranını düzəldəndə də. Amma bir şərtlə: gərək daxilən hazır olaydı. Bizi belə sakitləşdirirdi: “Darıxmayın, düzəldəcəyəm, amma hələ yox, hələ məqamı gəlməyib”.İndi də bəzən nəyisə düzəltmək lazım gələndə, mənə elə gəlir, yenə onun səsini eşidirəm: “Darıxma, məqamı çatanda hər şey düzələcək.2002-ci ildə Ələkbər Hüseynov UNİMA – beynəlxalq kukla teatrları birliyinin xətti ilə Parisdə keçirilən böyük tədbirdə iştirak etməliydi. Bu tədbirə ciddi hazırlaşırdı. Amma diş ağrısı ona əziyyət verirdi. Getməzdən əvvəl stomatoloq dostuna baş çəkir, onun məsləhətilə ağrıyan dişini çəkdirir. Kaş Parisə elə diş ağrısıyla gedəydi, görünür, bu da tale oyunudu…Fransada elə uğurlu çıxış etdi ki, hamı bəyəndi, çoxlu dəvətlər aldı. Gələndən sonra kefi yaxşı idi. Birlikdə Yessentukiyə dincəlməyə getdik. Hər şey yaxşı idi, yaradıcılıqda da, ailədə də. Amma həmin ilin sonlarında…”

“Hepatit C” diaqnozuGünü-gündən üzünün rəngi saralırdı. Gözlərinin içində də sarılıq əmələ gəlmişdi. Yoldaşı onu məcbur həkimə aparır. Ciddi yoxlamadan sonra məlum olur ki, onda “Hepatit C” adlı virus var. Nə özü, nə də yaxınları buna inanmadı. Buna kim inanmaq istəyərdi ki…Təkrar analiz, eyni diaqnoz, təkrar analiz, eyni diaqnoz…Bu virus yalnız qanla keçə bilərdi. Moskvadakı həkimi dişinin dibindən şübhələndiyini deyir. Onda Ələkbərin yadına düşür ki, 2002-ci ildə Paris səfərindən əvvəl dostunun…Deməli, iki il ərzində virus gizlicə öz işini görübmüş.Artıq qara ciyəri şişməyə başlamışdı.

Ana, mən öləcəm…“İnternetdə maraqlı nəsə tapanda çardaqdan bizi yanına çağırardı. Bir gün yenə həyəcanla çağırdı. Qalxdım yanına. “Hepatit C” ilə bağlı məlumatı göstərib, pıçıldadı:
– Görürsən, ana? Burda yazılıb ki, bu virusa tutulanlar üç ildən səkkiz ilə kimi yaşayırlar. Mənim üç ilim tamam olur… Ana, mən öləcəm…Ölümün ayaq səslərini eşidirdi, fəqət dayanmırdı. İşləyirdi, işləyirdi… Teatrda, televiziyada, tədbirlərdə… Allah elə bil onun gücünü artırmışdı. Səmərəli işləyirdi. Rejissor kimi tamaşalar hazırlayır, şou-proqramlar aparır, uşaqlar üçün yeni verilişlər hazırlayırdı.Ölümünə bir neçə ay qalmış onu teatrın baş rejissoru vəzifəsinə təyin etdilər.Teatrda uşaqlar üçün keçirilən böyük bir tədbirdə direktor Rəhman Quliyev valideynlərə müraciət etdi. Sonra televiziyada, qəzetlərdə onun xəstəliyi, bahalı müalicəyə ehtiyacı olduğu barədə məlumat verildi. Hesab nömrəsi açıldı. Heydər Əliyev adına Fond yardım etdi.Bədəni antibiotik qəbul etmirdi. Onu müalicə etmək qeyri-mümkün idi. Xarici xəstəxanalara göndərməyin də xeyri yox idi.”Ölümünə bir neçə ay qalmış “Təbəssüm” mükafatına layiq görülür. ”Təbəssüm” dünyada yeganə orden-mükafatdır ki, onunla kimin təltif olunmasını yalnız uşaqlar müəyyən edir. Bu ordenə Tereza ana, Bill Klinton, Marqaret Tetçer, Dalay-lama, Sergey Obraztsov, II İoann Pavel, Çingiz Aytmatov və başqa məşhur şəxslər layiq görülüb.Ələkbər Hüseynov elə həmin il 2 avqustda, Azərbaycan Kinosu Günü vəfat edib.

Latest Posts

Don't Miss