“Üçüncü dəfə ailə qurmaram. Oğlum da, qızım da artıq böyükdür. Onların qarşısına nə deyib başqasını çıxararam? Mənim hər şeyim, həyat yoldaşım, qardaşım, sevdiyim, atam oğlumdur”.
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Sevda Sanaliyeva “Evdəkilərə salam” proqramında deyib. O, anasının nəvə sevincini yaşaya bilmədiyini bildirib:
“Həkimlər mənə burada və xaricdə demişdilər ki, heç vaxt övlad sahibi olmayacağam. Diaqnoz bu idi. Çox pis olmuşdum. Anam da biləndə çox məyus oldu. Xəstəliyi ağırlaşırdı. Həmişə deyirdi ki, qocalanda sənə kim baxacaq?
Mən müalicə almağa başlayanda gördü ki, çox əziyyət çəkirəm. Bir gün dedi ki, Allahım, qızıma övlad ver və mənim canımı al. İki dəfə bu duanı etdi. Bunun üstündə onunla dalaşdım. Dedim ki, sənsiz heç nə istəmirəm. Onun duası qəbul oldu. Ailə həyatı qurdum və sonra anam daha da ağırlaşmağa başladı. Onda bildim ki, hamiləyəm. Oğlum dünyaya gəldi və qırxı çıxandan sonra anam dünyasını dəyişdi. O sevinci yaşaya bilmədi, nəvəsini qucağına almadı.
Yəqin ki, yaxşı övlad olmuşam, övladlarıma qarşı da beləyəm. Heç vaxt özümü birinci yerə qoymaram. Özümə nəsə alanda vicdan əzabı çəkirəm. Yoxluğu çox görmüşəm, yəqin ki, buna görədir”.
Qeyd edək ki, müğənninin anası Rəhilə Həmidova xərçəng xəstəliyindən əziyyət çəkirdi.