Dünya

Tehran Ermənistanı buna görə bağışlamaz – Paşinyandan məcburi QƏRAR

Cənubi Qafqaz hazırda dünya nəhənglərinin ən çox diqqət mərkəzində olan coğrafiyalardan biridir. 44 günlük Vətən müharibəsi isə Azərbaycan regionun geosiyasi düzənini dəyişməsi Qafqaza olan marağı daha da artırdı. Hələ 3 il əvvəl Prezident İlham Əliyev Cənubi Qafqazın üç ölkəsi və onların qonşuları – Rusiya Federasiyası, Türkiyə və İranın iştirak edəcəyi prosesin formalaşdırılması təşəbbüsü ilə “3+3” adlanan formatı təklif etdi. Bu formatda görüş keçirildi, ilk belə görüş də baş tutdu. Gürcüstan tərəfi məhz həmin formatda keçirilən ilk gördüşdə iştirakdan imtina etsə də, regionda cərəyan edən sürətli proseslərdən irəli gələrək deyə bilərik ki, artıq bu formatın aktuallığı rəsmi Tbilisi üçün də o vaxtla müqayisədə bir xeyli artıb.

Düzü, ilk vaxtlar bu təşkilati məsələlərdə razılığa gəlməyin çox vaxt aparmayacağı ümidi xeyli olsa da, xüsusilə Ermənistan tərəfinin destruktiv mövqeyi ön planda olmaqla, qlobal və regional proseslərin də təsiri nəticəsində “3+3” formatında növbəti görüşlər sanki dalana dirəndi. Lakin bu gün tezliklə İranda 3+3 formatında XİN başçıları səviyyəsində görüşün keçiriləcəyi ilə bağlı anons deməyə əsas verir ki, artıq Ermənistanın da geri addım atmaq, regional təhülkəsizliyə töhvə vermək görünütsü yaratmaq üçün belə iştiraka razılıq verməsi Cənubi Qafqazın gələcəyi ilə bağlı bir çox məsələlərə aydınlıq gətirmək sarıdan olduqca önəmli ola bilər.

Burada iki vacib məsələ diqqəti çəkir:

– 44 günlük müharibədən sonra Bakı ilə gərginlik yaşayan rəsmi Tehranın məhz bu formatda növbəti görüşə ev sahibliyi edəcəyi Azərbaycan ilə İranın artıq aradakı buzları əritdiklərinin də mesajı kimi qəbul edilə bilər.

– Uzun illər Rusiyanın forpostu kimi bütün dünyaya tanınan Ermənistanın birdən-birə Kremli Qərbə, Avropa İttifaqına dəyişmək istəyi fonunda bu görüşə razılıq verməsi də diqqət çəkməyə bilməz.

Nəzərə alsaq ki, Ermənistan baş naziri Nikol Paşinyan Bişkekdə Bişkekdə MDB Dövlət Başçıları Şurasının zirvə görüşündə iştirakdan imtina etməklə Rusiyanın orbitindən çıxmaq istəyini bütün çılpaqlığı ilə nümayiş etdirdi. Halbuki 2 saatlıq Qırğızıstan səfərinə getməyən Paşinyan həmin ərəfədə yolu 4-5 saatlıq olan Qranadaya “uçdu”. Hətta bu azmış kimi Ermənistan XİN başçısı Ararat Mirzoyan da oktyabrın əvvəlində MDB Xarici İşlər Nazirləri Şurasının iclasına getməkdən imtina etmişdi.

Birdən-birə nə dəyişdi ki, Ermənistan İrandakı “3+3” formatında növbəti görüşü qəbul etdi?

– Görünür, Nikol Paşinyan Rusiyadan hələm-hələm xilas olmağın, onun təsir dairəsindən uzaqlaşmağın mümkünsüzlüyünü anlamağa başlayır. Əks təqdirdə inandırıcı görünmür ki, Ermənistan Rusiyanın olduğu ortamlardan son günlər bu qədər qaçmağa çalışdığı bir vaxtda Mirzoyanın Tehrana səfərini istəyə.

– Digər amil isə sözsüz ki, İran amilidir. Böyük ehtimalla Ermənistan ev sahibi olacaq Tehrandan bu təklifi alıb və imtinanın onun üçün İranın da gələcəkdə dəstəyindən məhrum olması ilə nəticələnməsini anlayır. Çünki hazırda baş verən qlobal və geosiyasi hadisələr, qaynar nöqtələrin bu qədər artması, savaş ocaqlarının corafiyasının genişlənməsi İranı regional əlaqələri gücləndirmək, qonşularla münasibətlərdə boşluq buraxmamaq, bu münasibətlərə yenidən baxmaq kimi vəziyyətin aktuallığını artırır.

Çox güman ki, Ermənistan Rusiyadan fərqli olaraq xilas üçün əlində kifayt qədər səbəb olmayan İrandan uzaqlaşmağın Tehranda əfv edilməyəcəyini qəbul etməyəcəyini proqnozlaşdırır. Elə buna görə də eyni vaxtda 3-4 stulda oturmağı ənənə halına salan Ermənistan üçün belə bir qərar verməsi gözlənilməz deyil. Rəsmi İrəvan yaxşı başa düşür ki, Strasburqa gedib orada “alqışlar” üçün ənənəvi ritorikasından istifadə etdikləri halda, İranda keçirilən görüşə qatılmamaqla təkcə Rusiyanı yox, bütün region dövlətlərinin əks-reaksiyasını bu və digər formada mütləq şəkildə hiss edəcək.

. 3+3 formatının mahiyyəti “region problemlərinin regionda həll olunması” yanaşmasıdır. İran Azərbaycan Prezidentinin bu təklifinin region üçün ən faydalı variant olduğunu qəbul etdiyi üçün son günlər aktivlik göstərir. Bu səbəbdən də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib ki, Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar. “3+3” formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir.

Onu da əlavə edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüsey Əmir-Abdullahiyan arasında oktyabrın 10-da baş tutan telefon danışığı zamanı da “3+3” formatı müzakirə olunub. Bu faktlar deməyə əsas verir ki, adı çəkilən dövlətlər və onların liderləri Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqdan kənara çıxacaqları təqdirdə istər region, istərsə də onların özləri üçün yaxşı gələcəyin olacağı ilə bağlı ümidlərin boşuna olduğunu qəbul etməyə başlayıblar.

Ermənistan isə məcbur, yenə gözdən pərdə asmaq xatirinə bu formatda iştirakı qəbul edib. Çox sadə məntiq: Paşinyan əgər həqiqətən də bu yanaşmanı qəbul edirsə, o zaman niyə Strasburq, Brüssel, Parisi inadkarlıqla regiona müdaxiləyə çağırır? Bu ritorik sualın cavabı da məlumdur!

ABŞ və Avropanın bugünkü reallığı qəbul etmədən Azərbaycana qarşı qərəzli və riyakar siyasətini məhz Ermənistan üzərindən davam etdirmək cəhdi, Qərbin ayağının Cənubi Qafqazdan birdəfəlik kəsilməsi ilə yekunlaşa bilər. Bunu ilk növbədə rəsmi İrəvan gözə almalıdır. Nikol Paşinyan hakimiyyəti ağlını başına toplamalı və başa düşməlidir ki problemlər Avropa Parlamentində, Strasburqda saxta alqışlar və populizmlə deyil, regionun özündə həll olunmalıdır və həll olunacaq. İrəvan bu məsələləri nəzərə almayacağı təqdirdə Cənubi Qafqazda lazımsız və zərərli bir xal kimi kəsilib atılacaq.

Back to top button