CəmiyyətHadisə

Qardaş bacısının kişilərlə görüşdüyünü düşündü: “Elə bil, hamamdaydı…” – Şok təfərrüat

Abşeron rayonunda 1998-ci il təvəllüdlü Daşqın qısqanclıq zəminində zamanı 1994-cü il təvəllüdlü bacısı Aytəni (adlar şərti verilib – red.) qətlə yetirib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə ötən il sentyabrın 25-də Masazır qəsəbəsində baş verib.

Daşqın onunla birgə yaşayan bacısı Aytənin mütəmadi olaraq evə gec gəlməsi, sonuncu dəfə axşam saatlarında yenidən evdən çıxaraq gecə olmasına baxmayaraq evə qayıtmaması, iradlara məhəl qoymaması səbəbindən yüngül həyat tərzi keçirib başqa kişilərlə pul qarşılığında intim münasibətdə olduğunu ehtimal edib.

Daşqın bacısından qisas alaraq onu öldürmək qərarına gəlib. Evin yataq otağında çarpayının altından cib bıçağını götürüb və sentyabrın 25-də gecə 1 radələrində evdən çıxıb, yaxınlıqda dayanaraq bacısının evə gəlməsini gözləyib.

Gecə saat 2 radələrində Aytənin 2015-ci il təvəllüdlü oğlu ilə “Nissan Tida” markalı avtomobildən düşdüyünü görüb. O, bacısına yaxınlaşaraq yaşadıqları evin həyətinə giriş darvazasının qarşısında azyaşlı uşağının gözü önündə ona bıçaq zərbələri vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Daşqının barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Münasibətlərimiz əvvəllər yaxşı idi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Bildirib ki, subaydır, əvvəllər avtoyuma məntəqəsində işləyib, sonra fəhləliklə, son olaraq sürücülük fəaliyyəti ilə məşğul olub: “Təxminən hadisədən əvvəl 10 gün idi işsizidim. Anam, atam, bacılarım Səidə və Aytən, habelə Aytənin 7 yaşlı oğlu Əli ilə birlikdə yaşayırdı. Aytən böyük bacımdı. Münasibətlərimiz əvvəllər yaxşı olub, hər hansı ədavət saxlamamışıq, münaqişə etməmişik”.

“Bacım özünə avtomobil aldı”

Təqsirləndirilən şəxs qeyd edib ki, Aytən 8 il əvvəl Lənkəran sakini Muxtar adlı şəxslə ailə həyatı qurub, bu nikahdan onların Əli adlı bir övladı olub: “Aytənlə Muxtar evləndikdən sonra təxminən 3 ay müddətində onun anasının Digah kəndində yerləşən evində yaşadı. Sonra Muxtar anası ilə yola getmədiyi üçün Aytənlə birgə yaşadığımız evə köçdülər. Bir neçə il əvvəl onlar rəsmi qaydada boşandılar. Həmin vaxtdan Aytən oğlu Əliylə birlikdə həmin evdə yaşadılar.

Boşandıqdan sonra Muxtar işləmək üçün Rusiyaya getdi. Ayrılmalarına baxmayaraq Muxtar Aytənə maddi cəhətdən köməklik edir, bacıma pul göndərirdi. Bacım pulları yığıb boşandıqdan təxminən 1 il sonra özünə “Nissan Tida” markalı avtomobil aldı”.

“Anam cavab vermədi”

Daşqının sözlərinə görə, bacısı hadisədən təxminən 6-7 ay əvvəl Xırdalan şəhərində “Xəzinə Palas” şadlıq evinin yaxınlığında adını xatırlamadığı gözəllik salonunda işləməyə başlayıb:

“Hadisədən əvvəl, axşam saatlarında evə gəldikdə bacımı və oğlunu evdə görmədim. Anamdan bacımı soruşdum. Anam onun qayınanasıgildə olduğunu dedi. Anama “lap yaxşı, yağış yağır, Aytənə de gəlməsin, bu havada maşın sürüb evə qayıtmasın, qalsın qayınanasıgildə, sabah gələr” dedim. Bundan sonra anamın telefonunu götürdüm və şəkillərə baxmağa başladım. Bu vaxt şəkillərin içərisində Aytənin oğlu Əlinin şəklini gördüm. Şəkildə Əlinin divanda oturduğunu, divanın başında kişi qolu olduğunu sezdim.

Əlinin yanındakı kişi düşməsin deyə şəklin kəsildiyini düşündüm. Anamdan şəkildə qolu düşən şəxsin kim olduğunu, şəklin harada çəkildiyini soruşdum. Anam əvvəlcə cavab vermədi, sonra “bilmirəm” dedi. Anamın bu barədə bildiyini, sadəcə danışmaq istəmədiyini düşündüm”.

“Qayınanasıgildə olduğunu bildirdi”

Təqsirləndirilən şəxs deyib ki, daha sonra vatsapda bacısına bir neçə dəfə zəng etsə də, o, zənglərə cavab verməyib: “Sonra anam Aytənə zəng etdi, onu evə çağırdı. Həmin vaxt atam da Aytənlə danışdı və ondan evə gəlməsini istədi.

Bundan sonra Aytənə videozəng etdim və zəngə cavab verdi. Videozəngdə Aytənə artıq gec olduğunu dedim, evə tez gəlməyi tapşırdım. O, buna məhəl qoymadı və qayınanasıgildə olduğunu bildirdi. Sanki Aytən hamamda idi. Bu səbəbdən qayınanasıgilin həyətini göstərməsini istədim. Lakin Aytən bunu etmədi. Bundan əsəbləşərək Aytənə tez evə gəlməsini bildirdim. Aytən zəngi sonlandırdı”.

“Məni və atamı biabır etməməyi məsləhət gördüm”

Daşqın bildirib ki, daha sonra bir neçə dəfə zəng etsə də, Aytən zənglərə cavab verməyib: “Bacıma sonuncu dəfə gecə saat təxminən 1-2 radələrində zəng vurdum. Lakin zəngə cavab verilmədi.

Hələ təxminən 3 il əvvəl yaşadığım evdə olduğum vaxt bacımın mobil telefonla tanımadığım bir kişi ilə danışdığını bildim. Ona məni və atamı camaat içində biabır etməməyi məsləhət gördüm. Həmin vaxtdan sonra bacımın kiminləsə mobil telefonla danışdığını görməmişəm. Çünki səhər evdən çıxır, işlə əlaqədar çox vaxt gec evə qayıdırdım. Bacımla çox ünsiyyətim yoxuydu. Yalnız hadisədən təxminən 3-4 gün əvvəl gecə 4 radələrində yaşadığım evə gəldikdə bacımın öz yataq otağında hansısa kişi ilə mobil telefonla danışdığını başa düşmüşəm. Həmin vaxt bacıma heç nə demədim. Yatacağım otağa keçdim. Lakin əsəbləşdim”.

“Gözəllik salonunda işləməklə bu boyda qazana bilməzdi”

Təqsirləndirilən şəxs deyib ki, bacısı avtomobilinin kreditini ödəyib, öz xərclərini qarşılayıb və bahalı paltarlar alıb: “Gözəllik salonunda işləməklə bu imkana sashib olmaq real deyildi. Bacımın kimləsə pul qarşılığında görüşərək cinsi əlaqədə olmasını görməsəm və eşitməsəm də, onun həyat tərzi, davranışları başqa kişilərlə görüşməsindən xəbər verirdi.

Aytən evə əvvəllər arabir gec gəlib. Bəzi vaxtlarda işdə olduğunu və işinin uzandığını deyib. Məndən və valideynlərimdən icazə alaraq gecikib”.

Daşqının ifadəsinə görə, son zamanlar Aytən evə gec gəlməsini əsaslandırmır, bu barədə iradlara əhəmiyyət vermir və onu vecinə almırdı: “Aytənin işlə əlaqədar evə gec gəlməsi məndə şübhə yaratdı. Məndən və ailədən gizlətdiyi nələrsə var deyə düşündüm. Bütün bu nüanslar məndə Aytənin müxtəlif kişilərlə pul qarşılığında görüşərək cinsi əlaqədə olması şübhələrimi artırdı. Beləcə bacımı öldürmək niyyətimi gücləndirdi. Aytəni görən kimi bu hərəkətlərinə görə onu öldürməyi tam qərarlaşdırdım”.

“Hadisənin təsirindən tam xatırlamıram”

Daşqın qeyd edib ki, daha sonra yaşadığı evdə çarpayısının altına qoyduğu bıçağı götürüb, gödəkçəsinin cibinə qoyub: “Bacımla son dəfə danışdıqda evə gələcəyini dediyi üçün anama “1 saata qayıdacam, işim var” deyərək evdən çıxdım. Yaşadığım evin arxasında dayandım və bacımın qətlə yetirmək üçün gəlməsini gözlədim.

Təxminən 10-15 dəqiqə sonra bacımın avtomobilinin həyətə giriş darvazasının qarşısında dayandığını gördüm və avtomobilə yaxınlaşdım. Avtomobildə Aytəndən başqa bacım oğlu Əli də vardı. Birgə avtomobildən düşdükdən sonra Əlinin baş verəcək hadisəni görməməsi məqsədilə darvazadan içəri, yəni həyətə girsin deyə onun üstünə qışqırdım.

Bacımdan bir neçə dəfə haradan gəldiyini soruşdum. Lakin mənə cavab vermədi. Gödəkçənin cibindən çıxararaq sağ əlimdə tutduğum bıçaqla bacımın bədəninin müxtəlif nahiyələrindən zərbələr vurdum. Aytən “ay mama, ay mama” deyə qışqırmağa başladı. Zərbələrin təsirindən bacım maşınla darvaza arasında qalan ensiz yerə yıxıldı. Sonra ona yerdə bir neçə bıçaq zərbəsi vurdum. Lakin Aytənə konkret neçə bıçaq zərbəsi vurmağımı, zərbələrin Aytənin hansı nahiyələrindən dəyməsini xatırlamıram. Bacımı bıçaqlayarkən Əlinin orada olduğu, bu hadisəni görüb-görmədiyi də yadımda deyil”.

“Təslim oldum”

Təqsirləndirilən şəxs qeyd edib ki, ilkin ifadələrində hadisənin Əlinin gözü önündə baş verməsini, hadisə zamanı Əlinin avtomobildən yerə düşməsini və Aytənin onun tərəfindən bıçaqlandığını görərək ağlaya-ağlaya qışqırmasını vurğulayıb: “Əslində belə bildirmək istəməmişəm. Sadəcə hadisənin psixoloji təsiri ilə əlaqədar yəqin ki, sualı tam başa düşmədən belə cavab vermişəm.

Aytənin qışqırıq səslərinə anam çölə çıxdı. Mən isə dərhal üzü yoxuşa doğru qaçaraq oradan uzaqlaşdım və bıçağı yaşadığı evdən təxminən 250-300 metr aralıda “Göyçə” hotellə köhnə “Romi” hotel arasındakı yolun yuxarısında olan boş əraziyə tulladım. Daha sonra tanışım olan taksi sürücüsünə zəng etmək istədim. Lakin telefonumda kontur olmadığından zəng getmədi.

Masazırda dayımın yaşadığı evə getdim. Həyətə giriş darvazasından içəri girdim və dayımı səslədim. Yuxudan ayılan dayım məndən nə baş verdiyini soruşdu. Ona yalandan “atamla mübahisə etmişəm, məni evdən qovub, konturum yoxdur, telefonunu ver tanışıma zəng edim, gəlib məni şəhərə aparsın” dedim. Dayım isə “dəlisən, atanla niyə mübahisə edirsən ki” dedi və mobil telefonunu mənə verdi.

Tanışım Seymura zəng etdim və ona da yalandan “atamla mübahisə etmişəm, atam məni evdən qovub, pulum-param yoxdur, gəl Masazırda qəbiristanlığın yanına, məni Qaraçuxura apar” dedim.

Seymur 4-5 ildir tanıyıram, hər ikimiz taksi sürücüsü işlədiyimizdən münasibətlərimiz vardı. Dayımgildən çıxıb Masazırdakı qəbiristanlığa getdim. Təxminən 30 dəqiqə sonra Seymur gəldi və mən avtomobilinə əyləşdim. Yolda yenə də Seymura atamla dalaşdığımı, atamın məni evdən qovduğunu söylədim.

Səhərə qədər yata bilmədim. Öz-özümə “nə vaxtadək gizlənəcəm ki?” dedim. Sonra təslim olmaq qərarına gəldim. “20 Yanvar” metrosu istiqamətində Seymur məni maşınla götürən zaman artıq bacımın öldürdüyünü bildi. Çünki bu barədə dayım Seymura demişdi. Seymur mənə təslim olmağı məsləhət gördü. Ona onsuz da təslim olacağımı dedim.

Avtomobili Abşeron rayon Polis İdarəsinə sürməyini istədim. Saat təxminən 13 radələrində Abşeron rayon Polis İdarəsinə getdim və təslim oldum. Polis əməkdaşlarına bacımı öldürdüyümü bildiridim”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Back to top button