Bakıda ən çox qəzalı vəziyyətdə olan bina Nəsimi, Nərimanov, Yasamal, Səbail rayonlarındadır. Qəzalı, istismar müddətini başa vurmuş binaların söküntüsü başlasa bu rayonlardakı əksər binalar söküləcək.
News24.az xəbər verir ki, bu sözləri Tribunainfo.az-a əmlak eksperti Elnur Fərzəliyev deyib. O bildirib ki, ölkə üzrə ən pis şəhərsalma Bakı şəhərindədir. Hazırda Bakı öz içindən böyüməkdədir:
“Bakı ətrafı boş qalıb, içərilər isə həddən artıq yüklənib. Bakıda həddindən artıq istismar müddətini başa vurmuş qəzalı bina var. Bu binaların söküntüsü başlasa Bakının mərkəzi rayonlarının əksər binaları sökülməlidir. Hazırda ən çox qəzalı vəziyyətdə olan bina Nəsimi, Nərimanov,Yasamal, Səbail rayonlarındadır.
Bu rayonlarda həm istismar müddəti bitmiş, həm dəm plansız şəkildə inşa edilmiş yeni hündürmərtəbəli binalar çoxdur. Bu rayonlarda hətta bəzi yerlərdə qəzalı bina ilə yeni inşa edilən bina o qədər yaxındır ki, qəzalı binaya bir şey olacağı təqdirdə yanındakı yeni binada ziyan görəcək.
Qəzalı binaların sökülməsi ilə bağlı qərar verilsə qeyd etdiyim rayonlarda əksər binalar söküləcək”.