Monday, November 25, 2024

Latest Posts

“Kiminsə bostanına daş atmıram, restoranda yarım saatı 50 manata oxumaq mənlik deyil…”

“Ən varlı Zeynəb xanım Xanlarovadır, görün bir dəfə daş-qaşından, evindən, geyimindən danışıb?”

Tanınan və sevilən müğənni Yaqut Babayeva illər sonra özəl olaraq Moderator.az-ın suallarını cavablandırıb.

– Yaqut xanım, siz uzun illərin sevilən müğənnisisiniz. Sizi sənətdən uzaqlaşdıran səbəb nə oldu?

– Deməzdim ki, sənətdən uzaqlaşmışam. Sadəcə bu günki gün, bu günki il, bu günki səhnələr mənim üçün deyil. Çox şeyləri görürəm. Çox açıq danışıb kiməsə ipucu vermək istəmirəm. Bəzən efirlərə çıxıb deyirlər ki, filan müğənni belə, filan müğənni elə. Bu cür söhbətlərdən də uzağam. Kiməsə daş atmağı xoşlamıram. Sevmirəm bunları. Hər şeyi dadında buraxıb getmək lazımdır. Mənim 65 yaşım var. 37 ildən çox toylara getmişəm. Gündə toylarda olmuşam. Son illər gördüm ki, toylarım azalır, yaş da öz sözünü deyirdi. Zeynəb Xanlarova mahnısında dediyi kimi,”Hər aşiqin dövranı var”. Mənim də dövranım olub, yaşamışam, məncə bəsdir. May ayının 20-də şair Ramiz Abdullayevin yaradıcılıq gecəsinə dəvət almışam. O mənim ən məşhur “Telefon” mahnımın söz yazarıdır. Bir də görürsən ki, yaxın adamlar, məni sevənlər toylarına dəvət edirlər. Kiminsə bostanına daş atmaq olmasın, amma hansısa restoranda gedib 100 manata, yarım saatı 50 manata oxumaq mənlik deyil. Çünki mən həmişə öz toylarıma, yaxşı toylara getmişəm. Bir müğənni var, indi çox məşhurdur. Vaxt olub ki, mənimlə bir toyda oxuyanda mən 1000 dollar almışam, o isə 10 şirvan. İndi o bəlkə də 15-20 minə gedir, mən isə oturmuşam evdə. Niyə oturmuşam evdə? Çünki mən özümə hörmət edən adamam.

– Tamaşaçılarınız, sevənləriniz yolda görüb, yəqin ki, harada olduğunuzu soruşurlar?

– Sevənlərim çoxdur. Onlar da hər şeyi görürlər. Bu dəqiqə heç nəyi gizlətmək mümkün deyil. Kim necə addım atırsa, hamı çox yaxşı bilir. Bir neçə il bundan əvvəl məni bir açılışa dəvət etdilər, orada çox tanınmış bir müğənni tədbiri aparırdı. O məni belə təqdim etdi ki, “Nə vaxt Aztv-ni açırdım, deyirdilər ki, oxuyur Yaqut Babayeva, indi bəs sizə nə oldu? Haradasınız?”. Məni sevənlər yolda görüb deyirlər ki, “çox istəyərdik efirlərə çıxasız, sizin üçün darıxmışıq”. Bu günlərdə uzun fasilədən sonra Elgiz Əkbərin verilişində qonaq oldum. Elgiz uzun müddətdir efirlərdə olmamağımı nəzərə alıb, məndən xahiş etdiki, gözləri bağlı verilişə çıx. Deyirdi ki, görək səni tanıyacaqlar ya yox?! Sonra rəyləri oxudum, yazmışdılar ki, Yaqut xanımın addımlarından onun kim olduğunu bildik.

– Yaqut xanım, gününüz necə keçir?

– Mən Mədəniyyət Nazirliyinin nəzdində Hüseynqulu Sarabski adına mədəniyyət evində özfəaliyyət ansamblının bədii-rəhbəri işləyirəm. Vaxt olub ki, mən də özfəaliyyət ansamblına gəlmişəm, iştirak etmişəm. İndi də oradakı gənclərə vokal dərsləri keçirəm.  

– Hansı illərə qayıtmaq istərdiniz?

– 1975-ci ildən 2000-ci illərə qədər olan vaxtı bir də yaşamaq istərdim.

– Sənətdən uzaqlaşmısız, bəs sənət yoldaşlarınızdan necə? Kimlərlə dostluq edirsiniz?

– Əslində deyirlər ki, sənət adamı ilə dostluq etmək düzgün deyil. Bu bəlkə də qəribə səslənər. Amma mən əməkdar artist Səbinə İlyasova ilə uzun illərin dostuyuq. 1980-ci illərdən bir yerdəyik. Bir-birimizi tamamlayırıq, başa düşürük. Bir-birimizə böyük hörmətimiz var.    

– Gənc sənətçilərə tövsiyyəniz nə ola bilər?

– Qısaca deyim ki, bizim böyük sənətkarlarımızın sənət fondlarına, yaşayış tərzlərinə baxsalar bu onlar üçün bəsdir. O illərdəki sənətçilər necə yaşayıblarsa, onlar da o dəst-xəttlə getsinlər. Bir müğənni var, artıq 2-ci dəfədir görürəm onu. Deyir ki, filan ayaqqabım bu qədər, filan çantamı bu qədərə almışam. Nəyə lazımdır axı? Sənətdən, oxumağından danış. Heç uzağa getməyin. Ən varlı Zeynəb xanım Xanlarovadır, görün bir dəfə daş-qaşından, ya evindən, geyimindən danışıb? Mən Zeynəb xanımın fanatı olmuşam. Bir dəfə gənclik illərimdə taksi ilə gedəndə təsadüfən Zeynəb xanımı yolda gördüm. Volqa maşınında idi. Sürücüyə dedim ki, “tez sür, mən Zeynəb xanımı gördüm, ona yaxından baxım”. Onun həyat yoldaşı maşının içindəki işıqlarını elə çoxaltdı ki, mən onu görmədim. İndiki görməmişlərdən olsaydı əksinə edərdi. Əsl müğənni belə olmalıdır. Düzdür, son zamanlar Zeynəb xanımda da bir neçə qüsur görmüşəm. Bilmirəm, yaşla əlaqədardır ya necə? Danışığı, fikirləri xoşuma gəlmir bəzən. Mən sözü açıq, üzə deyən adamam.

– Şəxsi həyatınızda nə kimi yeniliklər var?

– Mənim iki övladım var. Böyük qızım 36 yaşındadır. Oğlum isə 25 yaşında. Qızım universiteti bitirib, Elmlər Akademiyasında çalışır. İki nəvəm var, Leyla və Fidan. Onları çox istəyirəm, həyatımdırlar. Oğlum da İqtisad Universitetinin Otelçiliyin iqtisadiyyatı fakültəsini bitirib. Hazırda oteldə işləyir. Subaydır.

– Səhv etmirəmsə siz həm də əl əməyinizdən istifadə edərək, pul qazanırsınız. Şirniyyatlar hazırlayırsınız. Bu işlə ciddi məşğul olursunuz?

– Xeyr, sırf bu işlə məşğul deyiləm, amma müştərilərim var. Sırf bu işlə məşğul olsaydım mənim də reklamım olardı. Sevmirəm belə şeyləri. Mənə nə qədər deyirlər ki, “hazırladığın tortun şəkilini çək, yüklə instaqrama”. Mən belə şeyləri xoşlamıram. Mən qurmanam. 3-5 nəfər tanıyır, bilirlər ki, gözəl yeməklər, şirniyyatlar hazırlayıram. Qoz mürəbbəsindən başqa hər şeyi hazırlaya bilirəm. Sevmirəm deyə bacarmıram, sevsəm öyrənib hazırlayaram. Mən heç nədən nəsə düzəldirəm. Bir dəfə gənclik illərimdə Ağcabədidə toyda idim, qayıdanda bir ailə məni qonaq etdi. Bakıya pay-püşlə yola saldılar. Təsadüf nəticəsində həmin ər və arvad bir gün şəhərə gəlib, mənə zəng etdi. Məndə məcbur bunları qonaq çağırdım. Toyların da elə bir vaxtı idi ki, hər gün toyda idim. Evdə yemək hazırlamağa mənim heç vaxtım olmurdu. Uşağım dayədə qalırdı həmin vaxt. Həm də universitetdə oxuyurdum. Soyucududa da kənd çolpası var idi. Ondan həm şorba etdim, həm də toyuğu qızartdım. Onlar üçün bir süfrə açdım ki. Sonradan gəlib qulağıma çatdı ki, deyiblər “Yaqut xanımgilə getdik, bir dənə gözəl yeməklər bişirmişdi ki, gəl görəsən”.O iki yemək görün onlar üçün necə dadlı olub ki, ağızlarında dad qalıb.

Latest Posts

Don't Miss